Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-337/2022 29.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 20 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 600 (altı yüz) manat əsas, 350 (üç yüz əlli) manat dəbbə borcu olmaqla, ümumilikdə 950 (doqquz əlli) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh arasında bağlanmış 28 avqust 2021-ci il tarixli 119 nömrəli satınalma müqaviləsinə əsasən cavabdehə Xiaomi Redmi 9T markalı mobil telefonu satmış, Cavabdeh isə malın dəyərini müqavilənin ödəniş şərtlərinə uyğun vaxtında və tam ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh mobil telefonu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada malın qiymətini iddiaçıya qaytarmağı öhdəsinə götürür. Müqaviləyə və onun 1 nömrəli əlavəsinə əsasən cavabdeh tərəfindən malın dəyəri 7 (yeddi) ay ərzində ödənilməklə hissələrə bölünərək, hər ayın 25-şi tam şəkildə ödənilməli idi. Eyni zamanda müqaviləyə əsasən müvafiq olaraq göstərilir ki, cavabdehin üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində gecikdirilən hər gün üçün müqavilə üzrə aylıq ödənişin 2 faizi həcmində dəbbə pulu ödənilməsi müəyyənləşdirilir. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün müqavilə üzrə 600 (altı yüz) manat əsas borc, 1470 (min dörd yüz yetmiş) manat dəbbə pulu, ümumilikdə 2070 (iki min yetmiş) AZN ödənilməmiş borcu yaranmışdır. Müqaviləyə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməsi barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq borcunun qaytarılması təmin edilməmişdir. Cavabdeh tərəfindən bu günə kimi malın dəyərinin ödənilməsi bağlı heç bir köçürülmə olmamışdır. İddiaçı məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirərək, yekunda iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qayada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 10 avqust 2022-ci ildə məhkəməyə yazılı izahat təqdim edərək İddiaçı kreditlə telefon götürdüyünü, aylıq ödəniş 100 manat olduğuna görə onu ödəyə bilmədiyini, özünə aid olan evlə bağlı problemlər olmasının nəzərə alınmasını qeyd edərərk, sentyabr ayının 23-dən aylıq 50 manat ödənilməsinə köməklik edilməsi xahiş etmişdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 28 avqust 2021-ci il tarixli, 119 alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin İddiaçı Xiomi Redmi 9T markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 28 avqust 2021-ci il tarixli, 119 nömrəli alqı-satqı müqaviləsindən aydın olur. Belə ki, həmin müqavilədən İddiaçı ilə Cavabdeh arasında 28 avqust 2021-ci ildə alqı-satqı müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehin iddiaçıdan Xiomi Redmi 9T markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri aydın olur. İddiaçı isə Cavabdeh aralarında bağlanmış müqavilə üzrə yaranmış 600 (altı yüz) manat əsas borc, 350 (üç yüz əlli) manat cərimə borcunu tələb edir. İşin mübahisəli hallarını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar qismən təsdiq etdiyindən, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və cavabdehin məhkəməyə təqdim etdiyi yazılı izahatdır. Belə ki, həmin sübutlardan aydın olur ki, iddiaçının tələbini əsaslandıran hallar qismən öz təsdiqini tapır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın qismən təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 28 avqust 2021-ci il tarixli, 119 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilələr üzrə onlar aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya 700 (yeddi yüz) manat dəyərində Xiomi Redmi 9T markalı mobil telefonu satır, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində (Ödəniş şərtləri) göstərilmiş qaydada ödəyir; - 2.1-ci bəndindən aydın olur ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək və alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur: - 2.2.1-ci bəndinə görə sifariş olunmuş məhsulu razılaşdırılmış vaxtda və ünvanda zədə almadan alıcıya çatdırılmasını təmin etmək satıcının vəzifəsidir. Həmçinin həmin bəndlə müəyyən edilir ki, alıcı malların təhvili zaman hər hansı çatışmazlıq aşkar edərsə, bu barədə satıcını dərhal, lakin bütün hallarda maksimum 24 saat ərzində məlumatlandırır, bu müddətdən sonra alıcı tərəfindən malın keyfiyyətinə dair iddialar əsassız hesab edilir; - 2.4.1-ci bəndi ilə müəyyən edilir ki, telefonu qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini bu müqavilənin 3-cü bəndinə müvafiq olaraq vaxtında və tam şəkildə ödəmək alıcının vəzifəsidir; - 3.1-ci bəndinə əsasən telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 700 (yeddi yüz) manat olduğunu, ümumi məbləğin 50 (əlli) manatını ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin 650 (altı yüz əlli) manat ödənilməmiş hissəsini müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcək; - 4.1-ci bəndində qeyd edilir ki, alıcı aylıq ödənişi müəyyən olunmuş son gündən 45 gün gecikdirdikdə satıcı tərəfindən şifahi və ya yazılı xəbərdarlıq edilir, bu xəbərdarlıqdan sonra 5 iş günü müddətində alıcı tərəfindən ödəniş edilmədikdə, borc məbləğinin alınması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məhkəmələr vasitəsilə həyata keçirilir; - 5.2-ci bəndin tələbinə görə müqavilə alıcı və satıcı tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqaviləyə dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə tərtib edilir və tərəflərin imzaları ilə təsdiq edildikdə qüvvəyə minir. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavədən isə görünür ki, alıcı 28 avqust 2021-ci il tarixli, 119 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə 25 sentyabr 2021-ci ildən başlayaraq 25 fevral 2022-ci il tarixədək hər ay İddiaçı 100 (bir yüz) manat, sonuncu ay isə 50 (əlli) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Yəni tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdı. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 3019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilələrdən irəli gələn öhdəliyini icra etməsi cavabdehin məhkəməyə təqdim etdiyi 10 avqust 2022-ci il tarixli yazılı izahatla müəyyən edilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə iddia ərizəsinə əlavə edilmiş və sübut kimi cavabdehə göndərilmiş 16 may 2022-ci il tarixli xəbərdarlıq məktubundan, sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən və cavabdehin məhkəməyə təqdim etdiyi yazılı izahatdan onun 28 avqust 2021-ci il tarixli, 119 nömrəli müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, kredit-satış müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının borcun geri qaytarılması tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddiaçının tələbindən və onun məhkəmədə verdiyi izahatından ödənilməmiş əsas borcun miqdarının 28 avqust 2021-ci il tarixli, 119 nömrəli müqavilə üzrə 600 (altı yüz) manat olması aydın olur. Məhkəmə yalnız iddiaçının qeyd etdiklərini ilə bu nəticəyə gəlməsini cavabdehin verdiyi izahatda əsas borcun miqdarının mübahisələndirməməsi ilə əsaslandırır. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2021-ci il tarixli, 119 nömrəli müqavilənin: - 2.1-ci bəndindən aydın olur ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək və alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur: -2.4.2-ci bəndinə əsasən müqavilə ilə razılaşdırılmış son günədək aylıq ödənişi həyata keçirmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəmək alıcının vəzifəsidir; - 3.3-cü bəndinə görə kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2 faizi miqdarında dəbbə pulu ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimənin məbləğinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun müqavilələr üzrə cavabdehdən borcun gecikdirilməsinə görə 350 (üç yüz əlli) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. Belə ki, əsas borc 600 (altı yüz) manat olduğu halda, cərimə borcu 350 (üç yüz əlli) manat, yəni əsas borcun 58,3 faizini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinin tələbinə görə isə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, 50 (əlli) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 20 (iyirmi) manat, 40 (qırx) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 28 avqust 2021-ci il tarixli, 119 nömrəli müqavilə üzrə 600 (altı yüz) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 650 (altı yüz əlli doqquz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd edilməli; - həmçinin 20 (iyirmi) manat, 40 (qırx) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim)öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-230, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 28 avqust 2021-ci il tarixli, 119 nömrəli müqavilə üzrə 600 (altı yüz) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 650 (altı yüz əlli doqquz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Həmçinin 20 (iyirmi) manat, 40 (qırx) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-337/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-337/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver