Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-341/2022 11.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “23” iyun 2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 2(079)-257/2021 nömrəli, “05” oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq 23 oktyabr 2010-cu il təvəllüdlü X1 və 18 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 500 (beş yüz) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 15 avqust 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşduq. Birgə yaşadığımız müddətdə bizim 23 oktyabr 2010-cu il təvəllüdlü X5 və 18 oktyabr 2012-ci il təvəllüdlü X6 adlı iki övladımız dünyaya gəlmişdir. Rizvanla aramızda bağlanmış nikah Babək Rayon Məhkəməsinin 2(079)-257/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, övladlarım Zülfəli və Kənanın mənim yanımda qalması müəyyən edilərək, onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə isə iki uşağa görə 230 (iki yüz otuz) manat miqdarında aliment tutularaq mənə verilməsi qət olunmuşdur. Hazırda cavabdeh uşaqlarının saxlanmaları üçün mənə hər ay üçün 230 manat aliment ödəyir. Bildirirəm ki, hazırda övladlarım Zülfəli və Kənan 12 və 10 yaşındadır və Babək rayonu, Sirab kənd tam orta məktəbində təhsil alırlar. Əvvəllər məhkəmə tərəfindən qət olunmuş alimentlə uşaqların tələbatlarını bir təhər qarşılamaq olurdu. Lakin hazırda uşaqlar böyüyür və onların maddi tələbatları demək olar ki, hər gün bir az daha artır. Həmçinin uşaqlar məktəbdən kənar məşğələlərdə də iştirak edirlər, bu da onların tələbatlarını daha da artırır ki, bunu da qarşılamaq mənim üçün çətinlik yaradır. Mən özüm hazırda heç bir yerdə işləmirəm və uşaqların saxlanılmasında maddi cəhətdən çox çətinlik çəkirəm. Uşaqların atası Rizvan isə hər ay ödədiyi aliment pulundan əlavə uşaqların saxlanmasında mənə heç bir köməklik etmir. Qeyd edim ki, Cavabdeh tırı var, yəni o, yük maşını sürücüsü işləyir, aylıq qazancı yüksəkdir. Təkcə Naxçıvandan Bakıya Sirab suyu aparanda 2000 manat pul qazanır. Əlavə olaraq tırla Rusiya Federasiyasına, Gürcüstan və Türkiyə Respublikalarına yük aparanda o, 4000-5000 manat civarında qazanc əldə edir. Mən hesab edirəm ki, uşaqları saxlamaq, onların zəruri ehtiyaclarını ödəməklə qayğılarına qalmaq mənim olduğu qədər, bir ata kimi Rizvanın da borcudur. Tərəfimdən mediasiya orqanına müraciət edilmiş, lakin heç bir müsbət nəticə almadığımdan məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. İddiaçı məhkəmədə verdiyi izahatında 07 iyul 2007-ci ildə el adəti ilə Rizvanla toy edib ailə qurduğunu, həmin ilin avqust ayında isə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından iki oğlan övladının dünyaya gəldiyini, 2021-ci ilin mart ayından cavabdehlə ayrı yaşadığını, aralarında bağlanmış nikahın isə Babək Rayon Məhkəməsinin qətnaməsi əsasında 2021-ci ilin oktyabr ayında pozulduğunu, Rizvanla ayrı yaşadığı vaxtdan birgə nikahlarından olan uşaqların özü ilə qaldığını, məhkəmə qətnaməsi ilə onların saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 115 manat miqdarında aliment tutulmasının müəyyən edildiyini, hazırda Rizvanın aliment borcu olmasa da, alimenti vaxtlı-vaxtında ödəmədiyini, övladlarının ikisini də üç fənn üzrə fərdi qaydada hazırlığa qetdiyini, hər uşaq üçün ayda 65 manat, ümumilikdə isə ikisinə görə ayda 130 manat hazırlıq pulu verdiyini, bundan başqa Babək rayonu, Sirab kəndində yaşadıqlarından və uşaqlar hazırlıq üçün Naxçıvan şəhərinə getdiyindən onlara hər ay 50 manat yol pulu verdiyini, cavabdehin verdiyi alimentlə isə uşaqların tələbatlarını qarşılamağın çətin olduğunu, Rizvan isə uşaqların saxlanılması üçün verdiyi alimentdən başqa ona köməklik etmədiyini, onları valideynlərinin köməkliyi ilə saxladığını, məhkəmə qətnaməsi ilə Rizvana uşaqlarla görüşüb ünsiyyətdə olmaq imkanı verilsə də, cavabdehin artıq 9 aydır ki, onlarla görüşmədiyini, hətta Rizvan özü uşaqlara telefon alsa da onlarla telefon ilə əlaqə saxlamadığını, övladları ataları ilə görüşmək istəsə də, cavabdehin soyuqluq yaratması nəticəsində uşaqların da atasına zəng etmədiyini, Rizvanın yük maşını sürücüsü işlədiyini, ayda 4000-5000 manat qazanc əldə etdiyini, maşını ilə Azərbaycanın bir çox bölgələrinə Sirab suyu apardığını və hər ay kartına pul yükləndiyini, cavabdehlə birlikdə yaşadığı vaxt onun uşaqların hər ehtiyacını ödədiyini, ümumilikdə isə onun valideynlərinin də uşaqla yaxşı baxıb ehtiyaclarını qarşıladığını, lakin Rizvanla arasında bağlanmış nikah pozulduqdan sonra cavabdehin və onun yaxınlarının uşaqların saxlanılmasında ona lazımınca köməklik etmədiyini qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutan məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Cavabdehin nümayəndəsi X7 məhkəmədə verdiyi izahatında tərəflərin 2021ci ildən ayrılmasına baxmayaraq onların birgə nikahından olan uşaqların 2022-ci ilin fevral ayının sonunadək özü ilə birlikdə qaldığını, baxmayaraq ki, uşaqların onun yanında qalır hər ay cavabdehə aliment verildiyini, 2022-ci ilin fevral ayının sonunda uşaqla zəng gəldiyini, bundan sonra onların kefinin qaçdığını, uşaqlardan nə olduğunu soruşanda anasının onları evə çağırdığını dediklərini, həmin vaxtdan sonra uşaqlarla görüşə bilmədiyini, dəfələrlə buna cəhd etdiyini, lakin uşaqların öyrədilməsi nəticəsində onların nə atası Rizvana, nə də onlara yaxın durmadığını, onları görə bilmədiklərini, bu səbəbdən də uşaqla maraqlana bilmədiklərini, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti isə çox vaxt ya əri Zülfəlinin, ya özünün ödədiyini, bundan heç vaxt boyun qaçıqmadıqlarını, uşaqlar onlarla görüşməyə imkan verilərsə onların ehtiyaclarının özlərinin qarşılayacağını, tərəflərin birlikdə yaşadığı müddətdə oğlu Rizvanın uşaqların qayğısına lazımınca qaldığını, onların hər bir tələbatını ödədiyini, iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcəklərini qeyd edərək yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, əvvəllər tərəflər arasında nikah bağlanması, həmin nikahdan onların X5 və X6 adlı uşaqlarının dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 230 (iki yüz otuz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin “05” oktyabr 2021-ci il tarixli, 2(079)-257/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 15 avqust 2007-ci ildə nikah bağlanması; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2010-cu il tarixli, AZ-İİ seriyalı, 506565 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 23 oktyabr 2010-cu ildə X5 adlı uşağın dünyaya gəlməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 fevral 2013-cü il tarixli, AZ-İİ seriyalı, 854333 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 18 oktyabr 2012-ci ildə X6 adlı uşağın dünyaya gəlməsi; -iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin “05” oktyabr 2021-ci il tarixli, 2(079)-257/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 230 (iki yüz otuz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “05” oktyabr 2021-ci il tarixli, 2(079)- 257/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşaqların saxlanılması üçün Babək Rayon Məhkəməsinin “05” oktyabr 2021-ci il tarixli, 2(079)-257/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, yəni artırılmasını tələb etməsi mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşaqların saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “05” oktyabr 2021-ci il tarixli, 2(079)- 257/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı tərəf Babək Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(079)- 257/2021 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. Lakin o, tələbini uşaqların böyüməsi, alimentin təyin edildiyi vaxtla müqayisədə onların tələbatlarının artması, aliment məbləğinin övladlarının saxlanılmasına yetməməsi, onların fərdi qaydada hazırlığa getməsi, özünün heç bir yerdə işləməməsi, Cavabdeh isə yük maşını sürücüsü olmaqla aylıq qazancının yüksək olması, Naxçıvan şəhərindən Bakı şəhərinə “Sirab” mineral suyunun aparması zamanı 2000 manat pul qazanması, həmçinin Rusiya Federasiyasına, Gürcüstan və Türkiyə Respublikalarına yük aparması, buna görə onun 4000-5000 manat məbləğində qazanc əldə etməsi ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X11 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən bir uşaq üçün 250 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 500 (beş yüz) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Lakin uşaqların təhsillə bağlı yaranmış ehtiyaclarını və iddiaçının bununla bağlı çəkdiyi xərci nəzərə alan məhkəmə belə hesab edir ki, İddiaçı tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2022-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşaqların sayını, saxlanılmaları üçün aliment təyin edilməsi tələb edilən uşaqların yaşını, onların yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri həmçinin bundan sonra aliment ödənilməli olan dövrü nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir ((2x250)x12= 6000. 6000-(12x230)=3240). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə ((330x12) - (12x230)=1200 (37 faiz)) mütənasib olaraq 19 (on doqquz) manat, 38 (otuz səkkiz) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin “05” oktyabr 2021-ci il tarixli, 2(079)-257/2021 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 23 oktyabr 2010cu il təvəllüdlü X1 və 18 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 330 (üç yüz otuz) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia qismən təmin olduğundan 19 (on doqquz) manat, 38 (otuz səkkiz) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “05” oktyabr 2021-ci il tarixli, 2(079)-257/2021 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 23 oktyabr 2010cu il təvəllüdlü X1 və 18 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 330 (üç yüz otuz) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 19 (on doqquz) manat, 38 (otuz səkkiz) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-341/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-341/2022
11.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver