Məhkəmə qərarları › İş №2(079)-355/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-355/2022

04.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-355/2022 04.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı «06» iyul 2022-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 (üç min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, uzun müddətdir ki, birinci qrup əlilliyə və yaşa görə pensiya alıram. Ayda 350 manat olmaqla kartıma pul daxil olur. Mən bir neçə ildir ki, pensiya kartımda olan məbləğdən istifadə etməmişəm. Ümumilikdə kartımda 9274 manat pul toplanmışdır. Bir neçə ay əvvəl qardaşım qızı mənə yaxınlaşaraq kartıma baxmaq istədi. Mən kartı ona verdim. O, mənim kartımın şəkilini telefona çəkdi. Sonradan mənə məlum oldu ki, qardaşım Cavabdeh mənim balansımdan 9274 manat pulu götürmüşdür. O, mənə iki dəfə 3000 manat və 274 manat olmaqla ümumilikdə 6274 manat qaytarmışdır. Qalan 3000 manat pulu isə qaytaracağına söz versə də, bu günə qədər qaytarmamışdır. Ona görə də mən məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışam. Qeyd olunan iddia ərizəsi Babək Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 04 avqust 2022-ci il tarixə, saat 1000-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə 06 iyul 2022-ci il tarixli məhkəmə bildirişi ilə məlumat verilsə də, onlar məhkəmə hazırlıq iclasında iştirak etmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən məhkəmə bildirişlərinin tərəflərə 09 iyul 2022-ci ildə təqdim edilməsi müəyyən edilir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, o, iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 26 iyun 2022-ci il tarixli, 1087 (923179597 GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 26 iyun 2022-ci il tarixli, 1087 (923179597 GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar