Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-356/2022 23.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 06 iyul 2022-ci ildə məhkəməyə müraciət edərək Babək rayonu, Şıxmahmud kənd sakini Cavabdeh ona borclu olduğu 22050 (iyirmi iki min əlli) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 156.15 (bir yüz əlli altı manat, on beş qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Şərur rayonu, Yuxarı Aralıq kəndində kiçik sahibkarlıqla məşğul oluram. Təsərrüfatımda xırdabuynuzlu heyvanlar bəsləyirəm. Artıq neçə illərdi ki mən bu işlə məşğul oluram. Saxladığım heyvanları rayonumuzdan və ya başqa rayonlardan olan şəxslərə satıram. Babək rayonu, Şıxmahmud kənd sakini Cavabdeh ilə 25 oktyabr 2021-ci il tarixdə aramızda nisyə alqı-satqı müqaviləsi bağlayaraq ona ümumi dəyəri 44460 manat olan 181 baş qoyun verdim. Həmin müqaviləyə əsasən Səlim mənə malın dəyərinin yarısını 2022-ci ilin may ayında, yarısını isə 2022-ci ilin iyun ayında verəcəkdi. Lakin Cavabdeh həmin qoyunları apardıqdan sonra mənə verməli olan məbləği vermədi. Bu səbəbdən 10 may 2022-ci il tarixdə yenidən aramızda razılaşma imzaladıq. Həmin razılaşmaya əsasən Səlim məndən aldığı 181 baş qoyundan 90 qoyun və 22 baş quzunu qaytararaq geri qalan 22050 manatını isə iyun ayının 20-də ödəməyinə dair razılaşdıq. Həmin müddət də tamam oldu, lakin Səlim mənə olan borcunu vermədi. Mən ona bu barədə müraciət edəndə hər dəfə imkanı olmadığını deyir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edirəm. İddiaçı məhkəmədə verdiyi izahatında Gəray adlı şəxslə şərikli olaraq heyvan saxlayıb, onların alqı-satqısı ilə məşğul olduğunu, bundan başqa neçə illərdir ki, təsərrüfat işləri gördüyünü, cavabdehin haradansa maraqlanaraq onun təsərrüfatla məşğul olmasını öyrəndiyini və onun yanına gəlib heyvan almaq istədiyini ona dediyini, Səlimin ona əlində olan bütün sağılan heyvanları almaq istədiyini bildirdiyini, özünün də onun bu təklifini qəbul etdiyini, bundan sonra cavabdehin sürünün içərisinə girərək 176 baş qoyun, 4 baş qoç və bir keçi seçib sürüdən ayırdığını, həmin heyvanların içərində qoca heyvan olmadığını, heyvanların birini əvvəlcə 250 manat dəyərləndirsələr də, cavabdehə satdığı bir baş keçiyə görə sonradan onların birinin dəyərini 245,60 manatdan razılaşdıqlarını, 2021-ci ilin oktyabr ayının 15-də heyvanları cavabdehə verdiyini, 25 oktyabrda isə onu rəsmiləşdirdiklərini, bununla bağlı Səlimdən zamin istədiyini, cavabdehin isə rəsmiləşdirmə üçün qızının sənədini gətirdiyini, bu səbəbdən də müqaviləyə onun adının yazıldığını, heyvanları satdığı gün Səlimin onları qabağına qatıb özü ilə apardığını, heyvanları dəyərinin ödənilməsi ilə bağlı aralarında pulun yarı-yarıya olmaqla iki dəfəyə ödənilməsi ilə bağlı razılaşdıqlarını, belə ki, Səlimin 2022-ci ilin may ayında ona heyvanların dəyəri üçün 22200 manat məbləğində, həmin ilin iyun ayında isə 22260 manat pul ödəməli olduğunu, bununla bağlı aralarında razılıq əldə edildiyini, lakin buna baxmayaraq cavabdehin razılaşmaya əməl etmədiyini, onun telefon zənglərinə cavab vermədiyini, bundan sonra aralarında 10 may 2022-ci ildə yenidən yazılı razılaşma bağlandığını, həmin razılaşma əsasında cavabdehin 15 may 2022-ci ildə ona 90 baş qoyunu onları 22 baş balası ilə birlikdə geri qaytardığını, 20 baş heyvanın dəyişdirərək ona verdiyini, qalan heyvanların pulunu isə, yəni 22050 (iyirmi iki min əlli) manat pulu 2022-ci ilin iyun ayında verməsi barədə öhdəlik götürdüyünü, lakin buna da əməl etmədiyini qeyd edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddianı qəbul etdiyini, özünün heyvan almaq istədiyini, bu səbəblə də iddiaçının ortağı Gəray adlı şəxslə tanış olduğunu, onların Şərur rayonu, Şəhid Məmməd kəndində heyvanlarının olduğunu öyrəndiyini, həmin kəndə gedib onlarla danışaraq biri 250 manat olmaqla ümumilikdə 181 baş boğaz, yəni qarnında balası olan heyvan aldığını, həqiqətən də sürüdən heyvanları özü seçdiyini, 2021-ci ilin oktyabr ayında heyvanları aldığını, onların dəyərini isə 2022-cilin iyun ayınadək ödəməsi barədə razılığa gəldiklərini, heyvanları aldıqdan sonra onları qabağına qatıb otara-otara əvvəlcə Kəngərli rayonu, Qıvraq qəsəbəsinə gəldiyini, ertəsi gün isə oradan heyvanları Babək rayonu, Şıxmahmud kəndinə gətirdiyini, iddiaçının ondan zamin kimi, 3 nəfərin pasportunu istədiyini, özünün isə Fizuliyə qızının kimliyini verdiyini, bu səbəbdən də aralarında olan yazılı müqavilədə qızının adının qeyd edildiyini, heyvanları aldıqdan sonra onlara brazota qarşı iynə vurdurmaq istədiyini, lakin baytarın ona heyvanların qarnında balası olduğundan bunu etməyin mümkün olmayacağını bildirdiyini, buna görə də heyvanlara iynə vurdura bilmədiyini, heyvanların boğaz olmasını ona Gərayın dediyini, heyvanları alan zaman iddiaçının ona 200 press ot verməsini də öhdəsinə götürdüyünü, lakin bu öhdəliyinə əməl etmədiyini, buna görə də heyvanlardan 20 başını satıb onlara yem aldığını, Gərayın ona verdiyi səhv məlumat nəticəsində heyvanların doğması vaxtını əvvəlcədən müəyyən edə bilmədiyindən onlara iynə vurdura bilmədiyini, nəticədə isə 2022ci ilin yanvar-fevral aylarında heyvanların çoxunun öldüyünü, 2022-ci ilin may ayında isə onların 90 başını iddiaçıya geri qaytardığını, qalan pulu isə iyun ayında qaytarması ilə bağlı öhdəlik götürsə də buna imkanın olmadığını, hazırda İddiaçı nağd şəkildə pul verə bilməyəcəyini, pulun müqabilində hissə-hissə heyvan qaytara biləcəyini qeyd edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdi. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatını dinləyən məhkəmə müəyyən edir ki, tərəflər arasında 25 oktyabr 2021-ci ildə nisyə alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçının 181 baş xırdabuynuzlu heyvanı ümumilikdə 44460 (qırx dörd min dörd yüz altmış) manat müqabilində cavabdehə satması, cavabdehin müqavilədə nəzərdə tutulmuş sayda heyvanı iddiaçıdan alması, İddiaçı ilə Cavabdeh arasında 10 may 2022-ci il tarixdə yeni müqavilə bağlanması, həmin müqaviləyə görə cavabdehin iddiaçıdan aldığı 181 baş xırdabuynuzlu heyvanlardan 90 baş qoyunu, 22 baş quzunu ona geri qaytarması, 22050 (iyirmi iki min əlli) manat borcu isə 20 iyun 2022-ci il tarixədək qaytarması barədə tərəflərin razılığa gəlməsi mülki işin mübahisəsiz hallarıdır. Qeyd edilənlərin işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən 25 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən İddiaçı ilə Cavabdeh arasında hər biri 245,60 (iki yüz qırx beş, manat, altmış qəpik) manat olmaqla 181 baş xırdabuynuzlu heyvanı ümumilikdə 44460 (qırx dörd min dörd yüz altmış) manat müqabilində iddiaçı tərəfindən cavabdehə satması, onların dəyərini təşkil edən pulun 22200 (iyirmi iki min iki yüz) manat hissəsini 2022-ci ilin may ayında, 22260 (iyirmi iki min iki yüz altmış) manat hissəsini isə 2022-ci ilin iyul ayında Cavabdeh tərəfindən İddiaçı ödənilməsi tərəflərin razılığa gəlməsi; - 25 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və tərəflərin məhkəmədə verdiyi izahatlardan iddiaçının həmin müqavilə üzrə nəzərdə tutulmuş heyvanları cavabdehə təhvil verməsi; - iddia ərizəsinə əlavə edilmiş 10 may 2022-ci il tarixli razılaşmadan Cavabdeh 25 oktyabr 2021-ci il tarixli müqavilə əsasında İddiaçı aldığı heyvanların 90 başını həmin tarixdə cavabdehə qaytarması və qalan heyvanların dəyəri üçün İddiaçı 20 iyul 2022-ci il tarixədək 22050 (iyirmi iki min əlli) manat məbləğində pul qaytarması barədə razılığa gəlməsi; -iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatlardan Cavabdeh İddiaçı 90 baş heyvanı 22 baş balası ilə birlikdə geri qaytarması aydın olur. İddiaçının tələbi isə özünün cavabdehə satdığı xırda buynuzlu heyvanların dəyərinin Cavabdeh alınaraq ona verilməsidir. İddiaçının tələbini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddia tələbini əsaslı sayması ilə bağlı istinad etdiyi sübut iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq edilən yazılı sübut olan tərəflər arasında borca dair bağlanmış yazılı razılaşma və onların məhkəmədə verdiyi izahatlarıdır. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında ilin olaraq alqı-satqı, sonra isə mövcud borcun etirafı haqqında mücərrəd müqavilələrdən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdu. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında əvvəlcə 25 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və sonra isə 10 may 2022-ci ildə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında 10 may 2022-ci ildə bağlanmış razılaşmadan və tərəflərin məhkəmədə verdiyi izahatlardan aydın olur ki, Cavabdeh həmin tarixdə 90 baş heyvanı İddiaçı qaytarmış, geridə qalan heyvanların dəyərini təşkil edən 22050 (iyirmi iki min əlli) manat məbləğində borcu isə 20 iyun 2022-ci ildə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdü. Öhdəliyin icrasını sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı ilə Cavabdeh arasında 10 may 2022-ci il tarixdə bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə iddia tələbini qəbul etdiyini bildirmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş və tərəflər arasında bağlanmış yazılı razılaşmada cavabdehin 22050 (iyirmi iki min əlli) manat məbləğində borcunun olması qeyd edilib. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddəsinə müvafiq olaraq, şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olduqlarından, İddiaçı isə müharibə veteranı olduğundan və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə müvafiq olaraq, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 156.15 (bir yüz əlli altı manat, on beş qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 10 may 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh 22050 (iyirmi iki min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 156.15 (bir yüz əlli altı manat, on beş qəpik) manat miqdarında rüsum Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 10 may 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh 22050 (iyirmi iki min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 156.15 (bir yüz əlli altı manat, on beş qəpik) manat miqdarında rüsum Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-356/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-356/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver