Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-37/2025 17.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Şahid1 və Şahid2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh avtomobilin pulu olan 7800 (yeddi min səkkiz yüz) manat və 38 baş xırdabuynuzlu heyvanların pulu olan 7180 (yeddi min yüz səksən) manat olmaqla, cəmi 14.980 (on dörd min doqquz yüz səksən) manat pulu və ödədiyi 135 ( bir yüz otuz beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən 2024-cü ilin aprel ayında “Chevrolet Niva” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı Bakı şəhərindən aldığım avtomobili Babək rayonu, Hacıvar kənd sakini Cavabdeh satdım. Naxçıvan MR Daxili İşlər Nazirliyinin DYP idarəsində faktiki olaraq alqı-satqı olsa da, Cavabdeh tərəfindən mənə pul ödənilmədi və belə razılaşdıq ki, ilk ayı 2800 (iki min səkkiz yüz) manat, növbəti aylarda 2500 (iki min beş yüz) manat olmaqla 2 dəfəyə mənə avtomobilin pulunu ödəyəcəyini bildirdi. Cavabdeh tərəfindən avtomobilin ilk ayının pulunu mənə ödəmədi, mən soruşanda isə mənə pulunun olmadığını bildirdi. Növbəti aylarda da cavabdeh avtomobilin pulunu ödəmədi. 2024-cü ilin iyun ayında mən Cavabdeh 7180 (yeddi min yüz səksən) manat dəyərində 38 baş xırda buynuzlu heyvan verdim ki, satıb əlində pul olsun ki, həm avtomobilin pulunu və həm də heyvanların pulunu mənə ödəsin. Mən Cavabdeh bildirdim ki, gələn qazancdan mənədə pul verəcək. Lakin buna baxmayaraq cavabdeh heyvanları satdı, özü üçün qazanc əldə etməklə, nə avtomobilin pulunu, nə də ona qazanc əldə edib mənə olan borcunu ödəmək üçün verdiyim 38 baş xırdabuynuzlu heyvanların pulunu ödəmədi. Mən Bakı şəhərinə yenə də avtomobil almağa getmişdim və qayıtdıqdan sonra cavabdehə mənə ödəniləcək həm avtomobilin, həm də ona verdiyim heyvanların pulunu soruşanda mənə pulunun olmadığını və qazanc əldə etmədiyini bildirdi. Bunula bağlı mən şikayət ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etdim. Naxçıvan MR DİN-nin arayışında Cavabdeh mənə 7180 (yeddi min yüz səksən) manat pul borclu olduğu qeyd olunmuş və Nazirliyin 02 oktyabr 2024-cü il tarixli məktubunda mənə məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Həmçinin 07 oktyabr 2024-cü il tarixdə mən cavabdehin ünvanına borcun qaytarılmadığı halda məhkəməyə müraciət etməyim ilə bağlı pretenziya ərizəsi göndəridim və pretenziya ərizəsində göstərilən müddətdə cavabdeh tərəfindən mənə pul ödənilmədi. Cavabdeh bugünədək borcun ödənilməsindən boyun qaçırır. Mən də məcbur qalaraq məhkəməyə müraciət etməli oluram. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin həcmini azaldaraq mülki işə ümumilikdə 14380 manat pulun və 135 manat dövlət rüsumunun Cavabdeh tutalaraq ona ödənilməsi həddində baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında fərdi sahibkar olduğunu, mal-heyvan alqı-satqısı ilə məşğul olmadığını, Arazı 2024-cü ilin mart ayından tanıdığını, 2024-cü ilin aprel-may aylarında cavabdehə “Chevrolet Niva” markalı avtomobili satdığını və may ayında 2800 manat, iyun-iyul aylarında isə 2500 manat pulu ona ödəməsi barədə razılığa gəldiklərini, maşını alqı-satqı müqaviləsi əsasında 7800 manata Araza verdiyini, lakin müqavilədə məbləğin nə qədər qeyd olunduğunu bilmədiyini, pulu hissə-hissə ödəməklə bağlı onunla şifahi şəkildə razılığa gəldiklərini, hazırda avtomobilin cavabdehin sahibliyində olduğunu, ona inandığı üçün avtomobili onun adına sənədləşdirdiyini, maşını rəsmiləşdirərkən Arazın ona pul ödəmədiyini, daha sonra ondan pulu istədikdə isə alver edə bilmədiyini və pulunun olmadığını bildirdiyini, alver edib pulunu qaytarması üçün ona ümumi dəyəri 6780 manat olan 38 baş xırdabuynuzlu heyvanı və 400 manat pulu 2024-cü ilin iyuniyul ayında verdiyini, heyvanları ona verərkən qazancından özünə də pay çatacağına dair razılaşdıqlarını, sonra Bakı şəhərinə getdiyini, Bakıya gedəndə isə 4000 manat pulu Araza alverə davam etmələri üçün verib getdiyini, həmin vaxt 38 baş heyvanın satıldığını və pulunun özündə olduğunu, həmin puldan 4000 manatı Araza verib getdiyini, 2 ay sonra Naxçıvana qayıtdıqda Arazdan pulunu istədiyini, onun isə pulunun olmadığını, pulu ziyanına batırdığını dediyini və heç nə vermədiyini, indiyədək avtomobillə bağlı ona heç bir ödəniş etmədiyini, ona güvəndiyinə görə bunları etdiyini, hazırda maşının pulundan 300 manat və heyvanların pulundan 300 manat olmaqla 600 manat iddia tələbinin həcmini azaldığını, iddia tələbinə avtomobilə görə 7200 manat, 400 manat əldən verdiyi borc tələbi və heyvanlara görə ödənilməli olan 6780 manat pulun alınıb verilməsi şəklində baxılaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında mal-heyvan alqı-satqısı ilə məşğul olduğunu, Həsəni bu vasitə ilə 2024-cü ilin mart ayında tanıdığını, bundan sonra onunla arasında dostluq münasibətlərinin yarandığını, Həsənin mal-heyvan tapdığını, onun isə malı satıb qazancından ona da verdiyini, sonra pulu olmadığına görə Həsənin ona maşın verməyi təklif etdiyini, Həsənlə arasında müqavilə bağlamadıqlarını, şifahi şəkildə razılaşdıqlarını, maşını alaraq lombarda qoyub pul götürmək barədə razılaşdıqlarını, maşını Mikayıl adlı lombardın adına rəsmiləşdirdiklərini, lakin etibarnamə əsasında maşını Həsənin özünə verdiyini, lombarddan maşına görə 4500 manat pul götürdüyünü və lombarda aylıq 270 manat pulu ödədiyini, əvvəl avtomobili Həsənlə 7800 manata razılaşsalar da, sonradan avtomobildə olan nasazlıqlara görə 7500 manata endirdiyini, işlər zəif olduğundan avtomobilin pulunu qaytara bilmədiyini və bu barədə Həsənə dediyini, həmin hissədə iddia tələbini qəbul etdiyini, avtomobilin bütün nasazlıqlarını özünün düzəltdiyini, avtomobillə bağlı borcunu etiraf etdiyini, lakin avtomobilin nasazlıqları barədə Həsənə məlumat verəndə bütün bunları nəzərə alacağını bildirsə də hazırda nəzərə almadığını, avtomobillə qəza etdiyini, hazırda Culfa Rayon Dövlət Yol Polis İdarəsində saxlanıldığını, avtomobilin borcu ilə bağlı indiyədək Həsənə ödəmə etmədiyini, Həsənin ona dostunda xırdabuynuzlu heyvan olduğunu və heyvanları götürüb satıb pula çevirməyi təklif etdiyini, dağa gedərək heyvanlara birlikdə baxdıqlarını, quzuların çox balaca və hər birinin 180 manata olduğunu, baha qiymətə olmasına baxmayaraq Həsənin təkidi ilə razılaşdıqlarını və 37 baş quzunu və 1 baş oğlağı (keçinin balası) alıb öz həyətinə gətirdiklərini, quzuları aldığı qiymətdən aşağı qiymətə 140 manata Babək rayonu, Nehrəm qəsəbə sakini Müseyib adlı şəxsə satdıqlarını, Həsənin isə “narahat olma alver edib ziyanı da çıxararıq” dediyini, quzuları satmaqda məqsədlərinin alver etmək olduğunu, pulları Nehrəmlidən Həsənin götürdüyünü, daha sonra isə həmin 6080 manat pulun hamısını Həsənin onun özünə qaytardığını, sonra Ordubad rayonu, Bist kəndindən 1 baş yanında balası olan inəyi 2450 manata aldığını, həmin vaxt oraya gedə bilmədiyi üçün Məhərrəm və Həsəni oraya göndərdiyini, onların isə inəyi alıb gətirdiklərini, yolda inəyin ipi qırıldığından maşından düşüb belini qırdığını, inəyin müalicəsi üçün 280-300 manat pul xərclədiyini, lakin Həsən Bakı şəhərində olarkən inəyin öldüyünü, onun şəklini çəkib Həsənə göndərdiyini, Həsənin isə “narahat olma, gələrəm alver edib ziyanını çıxardarıq” dediyini, Ordubad rayonundan yenidən 1150 manata 1 baş da inək aldığını, lakin onun da öldüyünü, onun da şəklini və videosunu çəkib Həsənə göndərdiyini və ziyana düşdüyünü ona dediyini, qalan məbləğlə Babək rayonu, Nəhəcir kəndindən Rafiq adlı şəxsdən 33 quzunu 4500 manata aldığını, lakin quzuların qurdlu çıxdığını və baytar tərəfindən satışa yararsız olmasının müəyyən edildiyini, əvvəl öz pulu ilə alver etdiyini, həmçinin Culfa rayonu, Əlincə kəndindən 1 baş inək aldığını və onun da öldüyünü, aldığı mal-heyvanı baha qiymətə alıb ucuz qiymətə satdığı üçün maddi ziyana düşdüyünü, qazanc əldə edə bilmədiyini, həmçinin heyvanları Məhərrəm və Həsənlə birlikdə alıb satdıqlarını, bildirmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Arazın onun köhnə nişanlısı olduğunu, 2024-cü ilin mart-sentyabr ayları arasında nişanlı olduqlarını və Arazla birlikdə yaşadıqlarını, daha sonra Arazın qeyri-rəsmi uşağının olması səbəbindən nişanlarının pozulduğunu, onun başqa şəxslərə də borcu olduğunu, Həsəni Araz vasitəsilə tanıdığını, tərəflər arasında şəriklik münasibətlərinin olduğunu, onların 3 nəfər - Araz, Həsən, və Məhərrəmin yaxın olduqlarını, avtomobil alqı-satqısında isə özü, Araz və Həsənin olduğunu, Arazın 3 ay ərzində ”Niva” markalı avtomobilin pulunu 2 dəfə 2500 manat, bir dəfə isə 2300 manat olmaqla 7800 manat pulu Həsənə qaytarmalı olduğuna dair razılaşdıqlarını, lakin avtomobili götürdüyü gündən onu lombarda qoyduğunu və pulu isə Həsənə ödəmədiyini, hər dəfə bir bəhanə edərək pulu qaytarmadığını, eşitdiyinə görə Arazın daha sonra həmin avtomobillə qəza etdiyini, heyvanları təqribən 2024-cü ilin iyun-iyul aylarında Arazın aldığını, dağa heyvanları gətirməyə özü, Araz və Məhərrəmin birlikdə getdiklərini, qurban bayram ərəfəsi olduğu üçün heyvanları alıb satmağı planlaşdırdıqlarını, Arazın quzuları həmin vaxt Həsəndən təhvil aldığını, heyvanları neçəyə razılaşdıqlarını bilmədiyini, həmin heyvanların çoxunun kəsilib restoranlara satıldığını, bəzilərinin isə rayonlarda satıldığını, heyvanların satışını görməsinə baxmayaraq qiymətlərini dəqiq bilmədiyini, heyvanlardan altısının xəstə olduğunu, onların da kəsilib restorana verildiyini, gəzintini sevdiyi üçün həmin hadisələr olan vaxt Arazın yanında olduğunu, cavabdehin anası da xəstə olduğundan nişanlı vaxtı onunla birlikdə yaşadıqlarını, tərəflər arasında alqı-satqı və şərikliyin olduğunu, bir dəfə Arazın Həsənə 4000 manat pul göndərməsinin şahidi olduğunu, həmin pulu da Arazın Həsəndən borc aldığına görə qaytardığını sonradan öyrəndiyini, həmin pulun alınan heyvanlara və ya avtomobilə görə olmadığını, Məhərrəmin Arazın şəriki olduğunu, Arazın quzuları Babək rayonu, Nehrəm qəsəbə sakininə satdığını, heyvanları restorana satdığı şəxsin adının Hafis olduğunu, heyvanları gecə vaxtı gəlib götürdüklərini və bir neçəsinin də Şərur rayonuna aparıb satdıqlarını, heyvanları satan vaxt Həsənin orada olmadığını, Məhərrəmin isə ayağında elektron nəzarət cihazı olduğu üçün gələ bilmədiyini, Arazın satdığı heyvanların pulunu özünə xərcləyib və heyvan aldığını, Arazın inəklər də aldığını, həmin inəklərin birinin maşından düşərək öldüyünü, birinin isə qızdırmadan öldüyünü, Arazın 1 inək və 1 dana almasının şahidi olduğunu, həmin inəklərin alınmasında Həsənin iştirak edib-etmədiyini bilmədiyini, Babək rayonu, Hacıvar kənd sakini Rafiqi tanıdığını, Arazın həmin şəxsdən heyvan aldığını, həmin şəxsə də borcu olduğunu, Arazın əldə etdiyi qazancdan Həsən müəllimə verməsini görmədiyini, həmin vaxt Arazın evini təmir etdiyini, tərəflər arasında yazılı şəriklik müqavilə bağlanmasını görmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Badaşqan kəndində yaşadığını, fərdi sahibkarlıqla məşğul olduğunu, Arazla şərik işlədiyini, Həsəni də bu vasitə ilə tanıdığını, Araz və Həsənlə bir müddət şərik olduğunu və birlikdə mal-heyvan alqı-satqısı ilə məşğul olduqlarını, daha sonra onsuz getdikləri üçün şərikliyin bitdiyini, Həsənin “Niva” markalı avtomobili Araza satdığını, Arazın isə avtomobilin pulunu 3 ay ərzində 2 dəfə 2500 manat olmaqla qaytarmalı olduğunu, Arazın avtomobili lombarda qoyub pul götürdüyünü, həmin vaxt orada olduğunu, bir-iki dəfə alver edəndən sonra həmin pulun yoxa çıxdığını, sonra Həsənin Araza zamin duraraq həmkəndlisi Culfa rayonu, Xanəgah kənd sakini Ələddin adlı şəxsdən 37 baş quzu və 1 baş çəpiş gətirdiyini və heyvanları gətirməyə gedən vaxt özünün də onlarla birlikdə getdiyini, həmin vaxt heyvanların Araza verildiyini və Arazın pulunu Həsənə vermədiyini, Arazın borclu olduğu Ələddin adlı şəxsin lavaş sexi olduğunu və un götürməyə pulunun olmadığını, Arazın həmin heyvanları satıb Ələddinə borcunu verəcəyinə dair ikisinin razılığa gəldiklərini, Arazın ona heyvanların birini 180 manat olmaqla, ümümilikdə 33 heyvanı 6380 manata Babək rayonu, Nehrəm qəsəbə sakini Misir adlı şəxsə satdığını, sonra Misir adlı şəxsin heyvanların sayının 32 olduğunu dediyindən Arazın 1 heyvanın pulunu ona geri qaytardığını, 6380 manat pulu Arazın götürdüyünü, heyvanların pulunu sonradan Arazın Həsənə ödəyib-ödəmədiyini bilmədiyini, qalan heyvanlardan ikisini Babək rayonu, Nehrəm qəsəbə sakininə özünün 350 manata satdığını, əldə etdiyi pulu Həsənin yanında Araza verdiyini, qalan 1 çəpişi isə Arazın özlərinə qurbanlıq olaraq götürdüyünü, digər 2 quzudan isə xəbərinin olmadığını, Həsənlə birlikdə gedib 2300 manata inək aldıqlarını, heyvanların satışından əldə olunan pulun daha sonra Həsəndə olduğunu, Həsənin isə Bakı şəhərinə gedərkən 4500-4600 manat pulu onun yanında sayıb Araza verdiyini, həmin vaxt Arazın tövləsində ölən inək və onun balası, həmçinin iki baş dananın olduğunu, tövlənin Arazın sahibliyində olduğunu, onların şərik kimi razılaşdıqlarını, həmin inəkləri almaqda məqsədinin onları satıb qazanc əldə etmək olduğunu, sağ qalan heyvanlardan əldə olunan gəliri Arazın götürdüyünü, Arazın qalan 4500 manat puldan alınan mal-heyvanın satışından əldə olunan qazancdan Həsənə pul verib-vermədiyini görmədiyini, 7-8 ay onlarla birlikdə işlədiyini və 800 manat pul qazandığını, X3 Nazirliyinə şikayət etdiyindən ona olan 300 manat borcunu qaytardığını, Arazla arasındakı münasibətlərin pozulduğunu, lakin onunla heç bir ədavət olmadığını, sadəcə artıq birlikdə işləmədiklərini bildirmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qismən qəbul etdiyini, “Chevrolet Niva” markalı avtomobilə görə yaranmış 7200 manat və borc aldığı 400 manat olmaqla ümumilikdə 7800 manat pul tələbinə dair hissədə iddianı qəbul etdiyini, qalan hissədə isə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddianın etiraf olunmuş hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddia tələbinin mübahisəli qalan hissədə araşdırılması zamanı məhkəmə tərəfindən tərəflərin izahatları və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 38 baş xırdabuynuzlu heyvan hər biri 180 manat qiymətinə razılaşdırılmaqla üçüncü şəxsdən satın alınmış və Cavabdeh verilmiş, sonuncu tərəfindən həmin heyvanlar satılaraq əldə olunan pul İddiaçı verildikdən sonra İddiaçı həmin vəsaitdən 6080 manat pulu Cavabdeh qaytarmış və bundan sonra Cavabdeh tərəfindən İddiaçı pul verilməmiş və üçüncü şəxsdən alınmış bir ədədi 180 manat olmaqla 38 baş xırdabuynuzlu heyvanın dəyəri İddiaçı tərəfindən həmin şəxsə ödənilmişdir. Belə ki, cavabdehin izahatına istinad edilmiş hallar onun iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilmiş, məhkəmə iclaslarının fasiləsiz audio yazısı ilə aparılan məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən olunmuşdur. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının ona satın alıb verdiyi heyvanların satışından özünün əldə etdiyi 6080 manat pulu iddiaçı tərəfindən ona verildikdən sonra iddiaçıya geri qaytarmadığını bildirmişdir. Mülki işin mübahisəli halı olan sözügedən əvəzedilən əşya olan pul vəsaitinin cavabdehin sahibliyində qalmasına haqq qazandıran qanuni əsasın olub-olmamasıdır. İddia tələbinin qanuni əsasını təşkil edən əsassız varlanma qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7. Əsassız varlanma mülki hüquqların yaranma əsaslarından biridir. - 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda cavabdeh iddiaçının hesabına aralarında bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan sözügedən əmlak hesabına varlanmışdır və varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmağa borcludur. Cavabdehin iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi hallar ondan ibarət olmuşdur ki, tərəflər arasında şəriklik münasibətləri olmuş və hər ikisinin risk daşıdığı halda sözügedən vəsaitlə müxtəlif vaxtlarda aldığı heyvanlar tələf olmuş və yaranan ziyan hər ikisinə aid olmuşdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin məcəllənin 14.2 və 14.2.1ci bəndlərinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlmə əsaslarını təşkil edir. Cavabdeh tərəf iddiaçı ilə aralarında şəriklik münasibətlərinin olmasına istinad etsə də iddiaçı ona heyvan tapıb verməkdə məqsədinin ona satdığı maşının pulunun qaytarılmasına nail olmaq olduğunu bildirmişdir və sözügedən hal isə mülki işin mübahisəsiz halını təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaya qarşı etirazlarının əsası kimi istinad edilmiş hallar sübuta yetirilməmiş, tərəflər arasında mülki hüquqların əmələ gəlmə əsaslarını təşkil edən müqavilə münasibətlərinin olması və tərəflərin ona uyğun hüquq və öhdəliklər daşıması müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə heyvanlara görə iddiaçının tələb etdiyi 6780 manat pul tələbinə dair sonda belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən 6080 manata dair hissədə təmin edilməli, qalmış hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 13680 (on üç min altı yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 128.42 manat (bir yüz iyirmi səkkiz manat, qırx iki qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalmış hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 13680 (on üç min altı yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 128.42 manat (bir yüz iyirmi səkkiz manat, qırx iki qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-37/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-37/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver