Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-39/2021 10.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı oğlunun, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: İddiaçı “23” oktyabr 2020-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 34150 (otuz dörd min bir yüz əlli) manat miqdarında pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 2005-ci ildə Babək rayonu, Zeynəddin kəndində yerləşən və Cavabdeh Torpağın mülkiyyətə verilməsinə dair JN-249 nömrəli şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.1788 ha torpaq sahəsini 1500 (bir min beş yüz) ABŞ dolları verməklə satın almışam. Aramızda alqı-satqı müqaviləsi əvəzinə Cavabdeh iltizam yazdı və həmin iltizamı ondan əlavə olaraq 3 nəfər şəxs də şahid kimi imzaladı. Həmin iltizamı 04 may 2005-ci il tarixdə imzalanıb və həmin vaxtdan torpaq sahəsi mənim istifadəmdə olub. Aldığım torpaq sahəsi boş ərazi idi, yalnız torpaq sahəsi məftil çəpərə salınmışdı. Torpağı alandan sonra traktor saldırıb düzənləmə işləri apardım, orada him açıb 4 otaq, mətbəx, hamam, sanitar qovşağından ibarət yaşayış evinin təməlini qoydum, yerdən qazıb 4 x 12 metr ölçüdə zirzəmi tikmişəm. Yaşayış evinin himini açıb armaturdan karkas toxutdurub “Gəmiqaya” şirkətindən beton gətirtdirib tökdürmüşəm. Tikilini himdən çıxarıb 5 mişar daşı (Bakı kubiki) hördürüb içərisini torpaqla doldurmuşam. Tikilinin ümumi ölçüsü 12 x 12 metrdir. Bu gün bu işləri görmək üçün azı 4000 manat pul lazım olur. Həyətdə 100-ə yaxın meyvə ağacları (almaxara, hülü, şaftalı, göycə, alma, heyva, ərik, cəviz, alça, badam) əkmişəm. Ağaclar 7-8 ildir ki, məhsul verirlər. Meyvə ağaclarından ildə orta hesabla 2500-3000 manat qazanc əldə edirəm. Əlavə olaraq 40-50 bar verməyən tinglərim var. Həyətin təxminən 400 kvadrat metr hissəsində tərəvəz (pomidor, xiyar, badımcan, kələm, lobya, bibər, müxtəlif pencərlər) əkib-becərməklə istifadə edirəm. 2005-ci ildən keçən ilə kimi torpaqdan maneəsiz istifadə etmişəm. Keçən il Cavabdeh razılığı ilə həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçirib 20 dekabr 2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış aldıq. Torpaq sahəsinin plan ölçüsünü hazırladıq, hətta torpaq sahəsinin mənim adıma keçirilməsi üçün forma 1 arayışını da aldıq. Lakin son anda Cavabdeh sözündən döndü, notariat ofisinə gedib sənədləşmə işini aparmaqdan imtina etdi. Mən torpağı aldıqdan sonra oraya traktor saldırıb düzənləmə işləri aparmışam. Buna 150 manat pul vermişəm. Torpaq sahəsində apardığım tikinti işinə 4000 manat xərc çəkmişəm. Həyətdə əkdiyim ağaclardan ildə orta hesabla 2500-3000 manat pul götürürdüm. Növbəti illərdə yeni meyvə ağacları məhsul verəcəklərindən bu gəlirin artacağı gözlənilir. 2005-ci ildə mənim aldığım torpaq sahəsinin bu gün 14000-17000 manat arasında qiyməti vardır. Cavabdeh satdığı torpaq sahəsini adıma sənədləşdirməkdən imtina etdiyi üçün çəkdiyim xərci və gələcəkdə götürəcəyim mənfəəti mənə ödəsin, mən də torpaq sahəsini ona qaytarım. Torpağın düzənlənməsinə çəkilən xərc 150 manat, meyvə ağaclarından, tərəvəzdən 5 il ərzində əldə edəcəyim qazanc 15000 manat, fərdi yaşayış evinin yarımçıq tikilisinə çəkilmiş xərc 4000 manat, 2005-ci ildə aldığım torpaq sahəsinin bu günkü satış qiyməti - 15000 manat olmaqla, ümumilikdə çəkilmiş xərc 34150 manat təşkil edir. Mülki iş üzrə “02” dekabr 2020-ci ildə keçirilən məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili Babək Rayon Məhkəməsinə müraciət edərək mübahisənin məhkəmədən kənar qaydada həlli üçün cavabdehlə razılığa gədiklərini, bu razılığın reallaşdırılması üçün Cavabdeh X2 arasında bağlanmış nikahın qeydiyyata alınmasının zəruri olduğunu, cavabdehin isə bununla bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırdığını bildirərək, həmin inzibati mübahisəyə baxılıb nəticə verilənədək İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işin icraatının dayandırılmasına xahiş etmişlər. Babək Rayon Məhkəməsinin “02” dekabr 2020-ci il tarixli, 2(079)-382/2020 nömrəli qərardadı ilə onların müraciəti təmin edilərək Cavabdeh Babək rayon qeydiyyat şöbəsinə qarşı onunla X2 arasında bağlanmış 08 noyabr 1996-cı il tarixdə Babək rayonu, Kərimbəyli kənd icra nümayəndəliyində 29 nömrə ilə qeydə alınmış nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənədək mülki iş üzrə dayandırılmış və məhkəmənin 21 may 2021-ci il tarixli, 2(079)-39/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdi. İddiaçı 10 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia qaldırdığını, aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etdiklərindən iddiadan imtina etdiyini bildirərək, mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. (maddə 52.5) Məhkəmə İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında iddiaçının ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı məhkəməyə müraciət edərkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 21 oktyabr 2020-ci il tarixli, 66346 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 21 oktyabr 2020-ci il tarixli, 66346 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-39/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-39/2021
10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver