Məhkəmə qərarları › İş №2(079)-394/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-394/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-394/2021 20.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Açıq Səhmdar Cəmiyyəti “27” iyul 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsi üzrə 3576.19 (üç min beş yüz yetmiş altı manat, on doqquz qəpik) manat əsas, 733.11 (yeddi yüz otuz üç manat, on bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4309.30 (dörd min üç yüz doqquz manat, otuz qəpik) manat məbləğində kredit borcunun və kredit kartı müqaviləsi üzrə 599 (beş yüz doxsan doqquz) manat əsas, 150.19 (bir yüz əlli manat, on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 749.19 (yeddi yüz qırx doqquz manat, on doqquz) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, bankın "Sabunçu" filialı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 4000 manat məbləğində kredit və eyni zamanda 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 600 manat məbləğində kredit kart verilmişdir. Borclu Cavabdeh hər iki kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsi üzrə banka borcu 3576.19 (üç min beş yüz yetmiş altı manat, on doqquz qəpik) manat əsas, 733.11 (yeddi yüz otuz üç manat, on bir qəpik) manat faiz borcu olmaqla, cəmi 4309.30 (dörd min üç yüz doqquz manat, otuz qəpik) manat və kredit kart müqaviləsi üzrə banka borcu 599 (beş yüz doxsan doqquz) manat əsas, 749.19 (yeddi yüz qırx doqquz manat, on doqquz) manat faiz borcu olmaqla, cəmi 749.19 (yeddi yüz qırx doqquz manat, on doqquz) manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 22-9964/2021 ərizədə 2(079)-394/2021 saylı mülki iş üzrə təyin olunmuş məhkəmə baxış iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında əvvəllər Bakı şəhərində yerləşən Azərbaycan Təmiz Texnologiyalar şirkətində işlədiyini, 376 manat məbləğində əmək haqqı aldığını, özünün hazırda evli olduğunu, lakin övladları olmadığından həyat yoldaşının müalicə olunması üçün pul lazım olduğunu, bu səbəbdən də Beynəlxalq Bankdan üç illiyə 4000 manat məbləğində kredit götürdüyünü, bundan əlavə həmin bankdan ödəniş və kredit kartı da əldə etdiyini, həmin kartdan 300 manat məbləğində nağd pul çəkdiyini, qalan üç yüz manata isə alış veriş etdiyini, hər ay 148 manat ödəniş etdiyini, kredit borcunun bankın onun əmək haqqından tutduğunu, bankdan kredit götürdükdən təqribən dörd-beş ay sonra pandemiya ilə bağlı olaraq işlədiyi müəssisədə ştatların ixtisar olduğunu və özünün də işdən çıxarıldığını, Bakı şəhərində kirayədə yaşadığından, həmçinin işsiz olduğundan krediti ödəyə bilmədiyini, işdən çıxarıldıqdan sonra kreditlə bağlı özü tərəfdən hər hansı bir ödənişin həyata keçirilmədiyini, bank tərəfindən ona dəfələrlə xəbərdarlıq edildiyini, bununla bağlı özünün də banka bir neçə dəfə getdiyini amma pandemiya bağlı bankın nümayəndəsinin onu qəbul edə bilmədiyini, hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti nə kredit müqaviləsi üzrə üç min beş yüz yetmiş altı manat, on doqquz qəpik əsas, yeddi yüz otuz üç manat, on bir qəpik faiz, kredit kartı müqaviləsi üzrə isə beş yüz doxsan doqquz manat əsas və bir yüz əlli manat, on doqquz qəpik faiz borcu olduğu, işsiz olduğu üçün ayda 80-90 manat ancaq ödəyə bildiyini qeyd edərək yekunda iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdi. Məhkəmə mülki iş materiallarını, cavabdehin izahatını qanunvericiliyin tələbləri daxilində və bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli Tam kart çərçivə və kredit müqavilələrinin bağlanması, həmin müqaviləyə əsasən müqavilə tərəfləri arasında illik 20 faizlə, 36 ay müddətində, 4000 (dörd min) manat kredit məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh verilməsi barədə razılığa gəlməsi, həmçinin bank tərəfindən Cavabdeh 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 600 manat məbləğində kredit limitinin ayrılması, Cavabdeh kredit müqaviləsindən irəli gələn əsas öhdəliyini icra etməməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş sənədlərdən tərəflər arasında 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli Tam kart çərçivə və kredit müqavilələrinin bağlanması; -iddia ərizəsinə əlavə olunmuş 04 fevral 2020-ci il tarixli kredit sifarişi adlı sənəddən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ona illik 20 faizlə, 36 ay müddətində, 4000 (dörd min) manat kredit məbləğdə kredit verməsi, həmçinin 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 600 manat məbləğində kredit limitinin ayrılması ilə bağlı müraciət etməsi, onun müraciətinin bank tərəfindən təsdiqlənməsi; -Cavabdeh məhkəmədə verdiyi izahatından, həmçinin onun məhkəməyə təqdim etdiyi ərizədən müqavilələr üzrə öhdəliklərini icra etməməsi aydın olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi və kredit kartı müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tələb etsə də, Cavabdeh maddi vəziyyətinin yaxşı olmaması səbəbindən onu ödəyə bilmədiyini qeyd etmişdi. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar, həmçinin Cavabdeh məhkəməyə təqdim etdiyi ərizə və məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etməsidir. X2 iddia tələbini etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, bank əsasən kredit və bank hesabı müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli tam kart çərçivə müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: -2.1-ci bəndinə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15.000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytramağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür; -2.3-cü bəndinə görə kreditin təyinatı şəxsi ehtiyacların ödənilməsi olmaqla istehlak məqsədilə verilmişdir; -4.1.1.1-ci bəndinə əsasən borcalan tərəfindən nağd kredit sifariş verildikdə və bank borcalana nağd kreditin verilməsinə müsbət qərar qəbul etdikdə tərəflər arasında kreditin verilməsini təsdiq edən annuitet ödəniş qrafiki imzalanır. Annuitet ödəniş qrafikində kreditin məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və digər zəruri məlumatları göstərilir; -4.1.1.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit xəttinin açılması sifariş verildikdə və bank borcalana kredit xəttinin açılmasına dair müsbət qərar qəbul etdikdə bu barədə borc alanın kredit sifarişində təsdiq qeydləri aparır və Bank tərəfindən təsdiq edilmiş kredit sifarişinin bir nüsxəsi borcalana təqdim olunur. Bank tərəfindən təsdiq edilmiş kredit sifarişində kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatları göstərilir və bu sənəd kredit xəttinin açılmasını təsdiq edən sənəd kimi çıxış edir; -5.2-ci bəndinə əsasən hesablara pul vəsaitləri qanunvericiliyin tələblərinə əməl edilməklə nağd və ya nağdsız qaydada mədaxil edilə bilər. -7.3.17-ci bəndinə əsasən borcalanın kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək kimi vəzifəsi vardır; faizlərin ödənilməsi və əsas borcun qaytarılması üzrə borc alanın öhdəlikləri müvafiq məbləğdə pul vəsaitlərinin borcalanın müvafiq hesabına daxil edilməsi üçün bankın kassasına mədaxil olunduqdan və ya müxbir hesabına daxil edildikdən sonra icra edilmiş hesab edilir. -7.3.18-ci bəndinə görə isə bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) Banka ödənilməsini təmin etmək borcalanın vəzifələrinə daxildir. -11.1-ci bəndinə əsasən müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam icra olunanan qədər qüvvədədir. Bundan əlavə 04 fevral 2020-ci il tarixli kredit sifarişi adlı sənəddən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh illik 20 faizlə, 36 ay müddətində, 4000 (dörd min) manat kredit məbləğdə kredit verməsi, həmçinin 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 600 manat məbləğində kredit limitinin ayrılması cavabdehin müraciətinin təsdiq edilərək onların razılığa gəlməsi müəyyən olunur. Yuxarıda da qeyd edildiyi və tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi tərəflər arasında əsasən borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli tam kart çərçivə müqaviləsi üzrə iddiaçının cavabdehə bank hesabı açmağı, ona kredit xətti limiti ayırması, krediti cavabdehə verməsi, cavabdehin isə kredit və kredit xətti üzrə borclarını "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarması, ödəniş cədvəli ilə müəyyən edilən hissəhissə ödənişləri, faizləri ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 24 dekabr 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilələrdən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 04 fevral 2021-ci il tarixli BPM**********20 nömrəli və FJB**********578 nömrəli məxaric orderləri və 12 mart 2021-ci il tarixə olan hesabdan çıxarışla öz təsdiqini tapır. Müqavilədən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir, əksinə iddia tələbini etiraf etmişdi. Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas olmadığından iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslı sayılaraq təmin edilməlidir. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli tam kart çərçivə müqaviləsinin 10-cu bəndindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 13 iyul 2021-ci il tarixli maliyyə arayışlarından Cavabdeh iddiaçıya 04 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə isə 3576.19 (üç min beş yüz yetmiş altı manat, on doqquz qəpik) manat məbləğin əsas, 733.11 (yeddi yüz otuz üç manat, on bir qəpik) manat faiz borcu, ümumilikdə həmin müqavilə üzrə 4309.30 (dörd min üç yüz doqquz manat, otuz qəpik) manat, kredit xətti üzrə ödənilməmiş 599 (beş yüz doxsan doqquz) manat əsas borc, 150.19 (bir yüz əlli manat, on doqquz qəpik) manat faiz borcu olmaqla həmin müqavilə üzrə cəmi cəmi 749.19 (yeddi yüz qırx doqquz manat, on doqquz) manat məbləğində borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) qəpik bank xidmət haqqı da Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsi üzrə 3576.19 (üç min beş yüz yetmiş altı manat, on doqquz qəpik) manat əsas, 733.11 (yeddi yüz otuz üç manat, on bir qəpik) manat faiz borcu, kredit kartı müqaviləsi üzrə isə 599 (beş yüz doxsan doqquz) manat əsas, 150.19 (bir yüz əlli manat, on doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5058.49 (beş min əlli səkkiz manat, qırx doqquz qəpik) manat borc Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 04 fevral 2020-ci il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsi üzrə 3576.19 (üç min beş yüz yetmiş altı manat, on doqquz qəpik) manat əsas, 733.11 (yeddi yüz otuz üç manat, on bir qəpik) manat faiz borcu, kredit kartı müqaviləsi üzrə isə 599 (beş yüz doxsan doqquz) manat əsas, 150.19 (bir yüz əlli manat, on doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5058.49 (beş min əlli səkkiz manat, qırx doqquz qəpik) manat borc Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar