Məhkəmə qərarları › İş №2(079)-403/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-403/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-403/2021 02.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 04 avqust 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 48.36 (qırx səkkiz dollar, otuz altı sent) ABŞ dolları əsas, 110.89 (bir yüz on dollar, səksən doqquz sent) ABŞ dolları faiz, 457.23 (dörd yüz əlli yeddi dollar, iyirmi üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 13.57 (on üç dollar, əlli yeddi sent) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 630.05 (altı yüz otuz dollar, beş sent ) ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 2939 (iki min doqquz yüz otuz doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. 19 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə bağlanmış 19 may 2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1840.70 (bir min səkkiz yüz qırx dollar, yetmiş sent) ABŞ dolları təşkil edir. Kreditin bitmə tarixi 19 noyabr 2016-cı il tarixinədək təyin olunur. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlərlə qaydada kreditdən istifadə edərək müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri kreditora ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəlliyi yerinə yetirməmişdir. 29 aprel 2021-ci tarixə Cavabdeh kredit müqaviləsi üzrə cəmi borcu 630.05 (altı yüz otuz dollar, beş sent ) ABŞ dolları təşkil edir ki, bundan 48.36 (qırx səkkiz dollar, otuz altı sent) ABŞ dolları əsas, 110.89 (bir yüz on dollar, səksən doqquz sent) ABŞ dolları faiz, 457.23 (dörd yüz əlli yeddi dollar, iyirmi üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 13.57 (on üç dollar, əlli yeddi sent) ABŞ dolları faiz borcu təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia tələbini tam müdafiə etdiklərini və bu iddia tələbi üzrə bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehə 24 ay müddətində 2939 ABŞ dolları məbləğində kredit verməsi barədə tərəflərin razılığa gəlmələri, 19 may 2015-ci ildə və 11 fevral 2016-cı ildə tərəflərin kredit müqaviləsi üzrə əlavə sazişlər bağlaması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, onun iflas prosesinə başlanılması və Əmanətlərin Sığortalanması Fondunun iddiaçının ləğvedicisi təyin edilməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: - 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında 19 may 2014-cü il tarixdə müqavilənin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 24 ay müddətində 2939 (iki min doqquz yüz otuz doqquz) ABŞ dolları məbləğində kredit verməsi barədə müqavilə tərəfləri arasında razılıq əldə edilməsi; - 19 may 2015-ci il tarixli, 01/15-ƏS nömrəli və 11 fevral 2016-cı il tarixli, 002 nömrəli sazişlərdən tərəflərin 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə əlavə müqavilələr bağlanması; -Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 nömrəli qərarından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, onun iflas prosesinə başlaması və Əmanətlərin siğortalanması Fondunun iddiaçının ləğvedicisi təyin edilməsi aydın olur. Mülki işin mübahisəli halı isə iddiaçının cavabdehdən 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 48.36 (qırx səkkiz dollar, otuz altı sent) ABŞ dolları əsas, 110.89 (bir yüz on dollar, səksən doqquz sent) ABŞ dolları faiz, 457.23 (dörd yüz əlli yeddi dollar, iyirmi üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 13.57 (on üç dollar, əlli yeddi sent) ABŞ dolları faiz borcu tələb etməsidir. İddiaçının cavabdehə qarşı tələbini mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə onun tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının cavabdehə qarşı olan borc tələbinin hüquqi həlli zamanı istinad etdiyi əsas sübutlar isə onun iddia ərizəsinə əlavə etdiyi və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun öz tələbini qismən əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi aydın olur. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli arayışdan, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, Cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatdadır. 04 avqust 2020-ci il tarixli məktubla iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilərək ona iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunmuşdu. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin isə iş üzrə əhəmiyyət kəsb edən şərtləri aşağıdakılardır: - 1.1-ci bəndinə əsasən müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir; -2.1 - 2.5-ci bəndlərinə görə müqaviləyə əsasən kreditor borcalana 2939 (iki min doqquz yüz otuz doqquz) ABŞ dolları məbləğində kredit verir. Kredit borcalana şəxsi istehlak məqsədinə məqsədlə 24 (iyirmi dörd) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 28 (iyirmi səkkiz) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 32.472 (otuz iki tam mində dord yüz yetmiş iki) faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 (əlli altı) faiz dərəcəsilə, aylıq isə 4.67 (dörd tam yüzdə altmış yeddi) faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir; -3.1, 3.3, 3.5-ci bəndlər ilə müəyyən edilir ki, müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin vəsaitin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. Borcalan bu müqavilənin 3.1-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəyir; -4.1-ci və 4.1.5-ci bəndlərə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər ilə birlikdə qaytarılmasını tələb etmək kreditorun hüququdur; -4.4, 4.4.2 və 4.4.2-ci bəndlərin tələbinə görə ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək, kreditor öhdəliklərin icrasının vaxtından əvvəl tələb etdikdə krediti hesablanmış faizlər və cərimələr ilə birlikdə qaytarmaq borcalanın vəzifəsidir; -7.3 və 7.5-ci bəndlərlə müəyyən edilir ki, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Borcalan kreditin verildiyi valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan rəsmi məzənnəsinin bu müqavilənin imzalandığı günlə müqayisədə əhəmiyyətli dəyişməsi ilə bağlı məsuliyyəti öz üzərinə qəbul edir və bununla bağlı kreditora qarşı gələcəkdə heç bir iddia irəli sürmədən müqavilə üzrə öhdəliklərini yerinə yetirir; - 8.2-ci bəndə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Bundan əlavə tərəflər arasında bağlanmış 19 may 2015-ci il tarixli, 01/15-ƏS nömrəli əlavə sazişin 1.1, 1.2 və 2.1-ci bəndlərinin tələbinə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1840,7 (bir min səkkiz yüz qırx dollar, yetmiş sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 19 noyabr 2016-cı il tarixədək təyin olunur. Əlavə saziş tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Həmçinin tərəflərin bağladığı 11 fevral 2016-cı il tarixli, 002 nömrəli əlavə sazişin 1.1- 1.4, 2.1, 2.2-ci bəndləri ilə müəyyən edilir ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 1337,2 (bir min üç yüz otuz yeddi dollar, iyirmi sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti əlavə saziş imzalandığı tarixdən 11 avqust 2017-ci il tarixədək uzadılır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki sazişə əlavə edilir. Saziş imzalandığı tarixdən qüvvəyə minir. Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Yuxarıda da qeyd edildiyi kimi mülki iş materiallarından aydın olur ki, tərəflər arasında əsasən borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müqavilədən irəli gələn əsas öhdəliyi kredit məbləğini Cavabdeh verməsi, sonuncunun öhdəliyi isə kredit müqaviləsi və həmin müqavilə üzrə bağlanmış əlavə sazişlərdə qeyd edilən şərtlərdə onu banka qaytarmaqdır. Öhdəliklərin icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyinin yerinə yetirilməsi tərəflər arasında bağlanmış 19 may 2015-ci il tarixli, 01/15-ƏS nömrəli və 11 fevral 2016-cı il tarixli, 002 nömrəli əlavə sazişlərlə sübuta yetirilir. Belə ki, həmin sazişlərdən cavabdehin 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan qalıq borcu ilə bağlı əlavə sazişlərin bağlanması öz təsdiqini tapır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə mülki iş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 22 iyul 2020-ci il tarixli, **********457 nömrəli bildirişdən cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinin təmin etməməsi və bu borcun ödənilməsi üçün ona 3 gün müddət müəyyən olunması, 24517 nömrəli yol qaiməsindən isə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvan 1 ünvanına göndərilmiş bildirişin tapılmadığından geri qaytarıldığı aydın olur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı məhkəmə onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni onun təqsirlilik prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin 7-ci bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, borcun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə sentyabr 2021-ci il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, 277 nömrəli ekspert rəyində isə 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə dair hesabdan çıxarış məlumatlarının bütün dövrü əhatə etmədiyini və bu səbəbdən də hesabdan çıxarış əsasında borcun hesablanmasının düzgün hesab edilmədiyini, maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda cavabdehin iddiaçıya 48.36 (qırx səkkiz dollar, otuz altı sent) ABŞ dolları əsas və 110.89 (bir yüz on dollar, səksən doqquz sent) ABŞ dolları faiz borcunun olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 03 may 2021-ci il tarixli, **********509 nömrəli maliyyə arayışında Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 48.36 (qırx səkkiz dollar, otuz altı sent) ABŞ dolları əsas, 110.89 (bir yüz on dollar, səksən doqquz sent) ABŞ dolları məbləğində faiz borcu olması qeyd edilir. Ekspert rəyini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qismən qəbulediləndir. Belə ki, iddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini tələb etsə də, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, 277 nömrəli ekspert rəyində bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmadığından cavabdehə cərimə hesablanmasını düzgün hesab etmədiyini qeyd edilmişdi. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndindən isə aydın olur ki, gecikdirilən borc məbləğinə illik 56 (əlli altı) faiz dərəcəsi ilə, aylıq isə 4.67 (dörd tam yüzdə altmış yeddi) faiz dərəcəsi ilə faiz cərimə ödəməlidir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən borcun gecikdirilməsinə görə 457.23 (dörd yüz əlli yeddi dollar, iyirmi üç sent) ABŞ dolları məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək, həmçinin iddiaçı cavabdehdən müqavilənin bitdiyi tarixdən 29 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 13.57 (on üç dollar, əlli yeddi sent) ABŞ dolları tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, 5 (beş) ABŞ dolları məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Bundan əlavə iddiaçının cavabdehə qarşı müqavilənin bitdiyi tarixdən 29 aprel 2021-ci tarixədək gecikdirilmiş vaxt üçün 5 faizi olmaqla 13.57 (on üç dollar, əlli yeddi sent) ABŞ dolları tələb etməsinə hüquqi münasibət bildirən məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş üzrə cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi yuxarıda qeyd edildiyi kimi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə də əsaslı qəbul edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan, yəni 8,40 (səkkiz manat, qırx qəpik) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında ödəmə ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarın 10-cu bəndində qeyd edilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 48.36 (qırx səkkiz dollar, otuz altı sent) ABŞ dolları əsas, 110.89 (bir yüz on dollar, səksən doqquz sent) ABŞ dolları faiz, 5 (beş) ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 29 aprel 2021-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 13.57 (on üç dollar, əlli yeddi sent) ABŞ dolları borc məbləği olmaqla, ümumilikdə 177,82 (bir yüz yetmiş yeddi dollar, səksən iki sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli; -iddia qismən təmin olduğundan 8,40 (səkkiz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 240-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Tərəflər arasında bağlanmış 19 may 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 48.36 (qırx səkkiz dollar, otuz altı sent) ABŞ dolları əsas, 110.89 (bir yüz on dollar, səksən doqquz sent) ABŞ dolları faiz, 5 (beş) ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 29 aprel 2021-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 13.57 (on üç dollar, əlli yeddi sent) ABŞ dolları borc məbləği olmaqla, ümumilikdə 177,82 (bir yüz yetmiş yeddi dollar, səksən iki sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qismən təmin olduğundan 8,40 (səkkiz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar