Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-403/2024 26.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər Məhkəməsinin 2(078)-935/2016 nömrəli, 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 17 oktyabr 2014-cü il təvəllüdlü X3 və 17 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin müəyyən edilərək mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə Naxçıvan şəhər Məhkəməsinin 2(078)-935/2016 nömrəli, 19 dekabr 2016-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş və 13 iyun 2016-cı il tarixdə 07 nömrəli akt qeydi ilə nikahın pozulması qeydə alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-935/2016 nömrəli, 19 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən 17 oktyabr 2014-cü il təvəllüdlü X3 və 17 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat aliment tutularaq mənim xeyrimə ödənilməsi qət olunmuşdur. Bildirirəm ki, özüm Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən musiqi məktəbində müəllimə işləyirəm. Aylıq əmək haqqım hal-hazırda övladlarımın saxlanılmasında kifayət etmir. Övladlarımın maddi tələbatlarının qarşılanmasında mən xeyli əziyyət çəkirəm. Ona görə də alimentin miqdarının artırılmasını xahiş edirəm. Övladlarım böyüdükcə onun maddi tələbatı da artır. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat təşkil edir. Qeyd etmək istəyrəm ki, alimentin artırılması tələbi ilə bağlı mediasiya prosesinə müraciət etdim, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmin mediasiya arayışını iddia ərizəmə əlavə edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin ödədiyi 160 manat alimentin uşaqların saxlanması üçün kifayət etmədiyini, hər iki uşağa cəmi 160 manat alimenti belə cavabdehin gecikdirərək ödədiyini, özünün musiqi məktəbində müəllimə işləyib 600 manat əmək haqqı aldığını, cavabdehin isə sahibkar olmaqla Naxçıvan şəhərində “Sizin Market” adlanan yerdə ət mağazası işlətdiyini, həmin işlətdiyi yerin cavabdehin özünə məxsus olduğunu, 2016-cı ildən ayrıldıqlarını, ayrılanda uşaqların 1 yaşı olduğunu və 10 ilə yaxındır onları dəstəksiz böyütdüyünü, cavabdehin alimentdən başqa heç bir köməklik etmədiyini, uşaqların 10 yaşı olmaqla Naxçıvan şəhəri 7 nömrəli orta məktəbdə 5-ci sinifdə oxuduqlarını, uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini, atasının olmadığını, anasının isə işləmədiyini, atasından qalan hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanında yaşadıqlarını, 160 manatın uşaqların aylıq geyimini belə görmədiyini, həmin pulun 7 il əvvəl dəyəri olsa da indi olmadığını, uşaqları Azəbaycan dili və riyaziyyat fənləri üzrə ödənişli hazırlıqlara qoyduğunu, hər birinə ayrı-ayrılıqda 80 manat ödədiyini, rəqslərinə isə 50 manat ödədiyini, cavabdehin mülkiyyətində iki daşınmaz əmlakının olduğunu, lakin öz adına olmadığından sübuta yetirə bilmədiyini, həmin evlərdən birinin hazırda kirayədə olduğunu, uşaqlardan birinin gözündə çəpgözlük olduğundan əməliyyat etdirdiyini, lakin əməliyyatın uğursuz keçdiyini və təkrar edilməli olduğunu, digərinin isə cavabdehlə barışdıqları ərəfədə baldızıgilin həyətindəki 16 metrlik quyuya düşdüyünü və qoluna mil taxıldığını və hazırda olan əyriliyə görə təkrar əməliyyat lazım olduğunu, lakin uşaqların bu problemlərini təkbaşına həll edə bilmədiyini, cavabdehin gəlirlərini gizlətdiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında “Sizin Market” də günü 10-15 manata işlədiyini, iddiaçının tələb etdiyi alimenti çatdırıb verə bilməyəcəyini, həmin yerin onun deyil başqasının olduğunu və həmin sahibkarın yanında işlədiyini, əti kənddə kəsib marketə aparıb satdığını 10-15 manat gündəlik pul aldığını, bəzən isə həftə ilə iş olmadığını, iddiaçının isə daimi işdə 700-800 manat maaş aldığını, atasının da xəstə olduğunu, vergi ödəyicisi olmadığını, fəaliyyətini çoxdan dayandırdığını, aylıq gəlirinin 400 manat olduğunu, ayrıldıqdan sonra ikinci dəfə ailə qurmadığını, başqa yetkinlik yaşına çatmayan uşağı olmadığını, Zeynəddin kəndində ata evində yaşadığını, uşaqlarla ünsiyyəti və əlavə dəstəyi olmadığını, 5 il olar ki, uşaqları görmədiyini, uşaqların hər birinə 100 manat ödəyə biləcəyini, mülkiyyətində yalnız VAZ “2107” markalı avtomobil olduğunu, daşınmaz əmlak olmadığını, iddiaçının nikahda olanda başqa adamı evə məhkəmə işçisi adı ilə gətirib evi onunla birgə soyduğunu, hələ də ona görə uğradığı zərəri ödəyib bitirmədiyini bildirmiş, iddianın cəmi 200 manata dair hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 17 oktyabr 2014-cü il təvəllüdlü X3 və X4 dünyaya gəlməsi, Naxçıvan Şəhər Məhkəməsinin hazırda qüvvədə olan 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə uşaqların saxlanılmaları üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, iki uşaq üçün cəmi 160 (bir yüz altmış) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki: - mülki işə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(078)-935/2016 nömrəli qətnaməsindən 03 sentyabr 2018-ci il tarixdən hesablanmaqla, 17 oktyabr 2014-cü il təvəllüdlü X1 və 17 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, iki uşaq üçün cəmi 160 (bir yüz altmış) manat məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməsinin müəyyən olunması; - nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulmasının Babək rayon Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 169486 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 17 oktyabr 2014-cü il təvəllüdlü X5 adlı övladlarının olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 169487 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 17 oktyabr 2014-cü il təvəllüdlü X3 adlı övladlarının olması məlum olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(078)-935/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Mülki işin sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar ilə əlaqəli şəkildə və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti - alimenti ödəməyə borclu olur. İşin faktiki hallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsi 19 dekabr 2016-cı il tarixli, 2(078)-935/2016 nömrəli qətnaməsi ilə sabit pul məbləğində aliment məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin 7 (yeddi) il 7 ay bundan əvvəlki maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla müəyyən etmişdir. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması və ya diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, aliment məbləğinin artırılması üçün əsasların mövcud olmasını sübut etmə yükü alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə düşür. İddiaçı tərəfindən aliment məbləğinin artırılması üçün əsas yaradan hal kimi hamının bildiyi və sübut edilməsinə ehtiyacın olmadığı alimentin ilkin təyin olunmasından kifayət qədər müddətin keçməsi və uşaqların tələbatlarının və pulun alıcılıq qabiliyyətinin azalmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Eyni zamanda “AZEMİS”dən cavabdehin vergi məlumatları üzrə çıxarışdan onun fəaliyyət istiqaməti ət və ət məhsullarının pərakəndə satışı olmaqla fərdi sahibkar (VÖEN – **********) olduğu müəyyən edilir. “AZEMİS”dən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan musiqi müəllimi olaraq işləyib 1036 manat əmək haqqı aldığı müəyyən edilir. Naxçıvan Şəhər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(078)-935/2016 nömrəli qətnaməsindən həmin mülki işə baxılan zaman tərəflərin birgə nikahdan doğulmuş övladları X3 və X5 2 yaşında olmuşdur. Hal-hazırda isə qeyd edilən qətnamə ilə sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsindən 7 il 7 aya yaxın müddət keçmiş, həmin müddət ərzində uşaqların tələbatları, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə uşaqların yaşının artması ilə birlikdə tələbatlarının da artmasını uşaqların yanında saxlanıldığı iddiaçının maddi vəziyyətində dəyişiklik kimi nəzərə alaraq, həmçinin tərəflərin gəlirlərini, bununla bərabər uşaqların ananın yanında qalması nəzərə alınmaqla gündəlik qayğılarının iddiaçının üzərinə düşməsi, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğu, 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi kimi diqqətəlayiq halları nəzərə almaqla iddiaçının aliment məbləğinin artırılması barədə iddiasını qismən əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin olunmalı, Naxçıvan Şəhər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(078)-935/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, iki uşaq üçün cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 17 oktyabr 2014-cü il təvəllüdlü X1 və 17 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 36.80 manat (otuz altı manat səksən qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(078)-935/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, iki uşaq üçün cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 17 oktyabr 2014-cü il təvəllüdlü X1 və 17 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 36.80 manat (otuz altı manat səksən qəpik) miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-403/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-403/2024
26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver