Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-408/2021 21.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 09 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 22 dekabr 2018-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 348.30 (üç yüz qırx səkkiz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 108 (bir yüz səkkiz) manat məbləğində dəbbə pulu, ümumilikdə isə 414.50 (dörd yüz on dörd manat, əlli qəpik) manat borc və 20 (iyirmi) manat miqdarında dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cəmiyyətlə bağladığı 22 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu almış və nəticədə 414.50 (dörd yüz on dörd manat əlli qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22 dekabr 2018-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1188 (bir min bir yüz səksən səkkiz) manat (18 ay x 66 manat) olan Samsung markalı soyuducu üçün ümumilikdə 414.50 (dörd yüz on dörd manat, əlli qəpik) manat olmaqla ondan, 315.50 (üç yüz on beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat dəbbə borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 872.50 (səkkiz yüz yetmiş iki manat, əlli qəpik) manat təşkil etmişdir. Həmçinin müqavilənin təminatı olaraq 22 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludu. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru H.İsrafilzadə 18 sentyabr 2021-ci ildə teleqramla məhkəmə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia tələbini müdafiə etdiklərini, iddiaçının iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 22 dekabr 2018-ci ildə 00430849 nömrəli alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Samsung markalı soyuducu alması barədə tərəflərin razılığa gəlmələri, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 22 dekabr 2018-ci ildə 00430849 nömrəli zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki iş materiallarına əlavə olunmuş 22 dekabr 2018-ci il tarixli, 00430849 nömrəli müqavilədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında həmin tarixdə alqı-satqı müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehin iddiaçıdan Samsung markalı soyuducu alması barədə razılığa gəlmələri; - iddia ərizəsinə əlavə olunmuş 22 dekabr 2018-ci il tarixli, 00430849 nömrəli zaminlik müqaviləsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında həmin tarixdə zaminlik müqaviləsinin bağlanması aydın olur. İddiaçının Cavabdeh1 aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları qismən təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 03 dekabr 2020-ci il tarixli və 14 aprel 2021-ci il tarixli arayışından, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan Cavabdeh1 Babək rayonu, Cəhri qəsəbəsində, X3 isə ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaları aydın olur. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə Cavabdeh2 faktiki yaşayış yeri kimi Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, Elman Əhmədov küçəsi, ev 76 qeyd edilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən yuxarıda qeyd edilən məhkəmə sənədlərinin Cavabdeh1 13 avqust 2021-ci ildə, Cavabdeh2 isə 18 avqust 2021-ci ildə təqdim edilməsi müəyyən edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın qismən təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında alqı-satqı və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 1080.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 dekabr 2018-ci il tarixli 00430849 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni Samsung markalı soyuducunu Cavabdeh1 verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir; - müqavilənin 2.2-ci, 2.3-cü və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; - müqavilənin qüvvədə olma müddəti isə həmin müqavilənin 4.3-cü maddəsi ilə müəyyən edilir ki, həmin maddəyə əsasən müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir; - bundan əlavə müqaviləyə edilmiş əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən; -- 22 dekabr 2018-ci il tarixli, 00430849 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri 22 yanvar 2019-cu ildən başlayaraq 18 ay ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 66 (altmış altı) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hisə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış müqavilədən həmçinin maddi hüquq normalarından aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilələr üzrə müəyyən edilmiş qaydada onları dəyərini hissə-hissə ödəməsi onların müqavilələrdən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 22 dekabr 2018-ci tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdehlərin isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onlara göndərilmiş 22 iyul 2021-ci il tarixli xəbərdarlıq məktubundan onların müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının borcun geri qaytarılması tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 dekabr 2018-ci il tarixli, 00430849 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 2.1-2.3-cü bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zaminin tələbi ilə alıcı tərəfindən öhdəliyinin icrasının tam və ya qismən yerinə yetirilməməsi ilə əlaqədar zaminə məlumat verir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin zamindən alıcının öhdəliyinin icrasının yerinə yetirilməsini və alıcının ona olan borcunu tələb etmək hüququ vardır. Zamin əsas müqavilə üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır; -həmin müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, əsas müqaviləyə əsasən yalnız bütün ödənişlər tam və vaxtında ödənildikdə zaminlik müqaviləsinə xitam verilir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən Cavabdeh2 22 dekabr 2018-ci il tarixli, 00430849 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyıması müəyyən edilsə də, məhkəmə iddiaçının Cavabdeh2 qarşı olan tələbini əsaslı qəbul etmir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları qeyd olunub. 477.0 və 477.0.4-cü maddələrin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd edilən maddi hüquq normasını iş materialları ilə əlaqələndirərək məhkəmə qeyd edir ki, Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında əsas öhdəliyinin icra edilməsinin son müddəti 22 iyun 2020-ci il müəyyən edilmişdi. Bu isə o deməkdir ki, iddiaçı sonuncu qeyd edilən vaxtın tamam olmasından sonra bir il müddətində, yəni 22 iyun 2021-ci ilədək Cavabdeh2 qarşı iddia qaldıra bilərdi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə 09 avqust 2021-ci ildə müraciət etmişdi. Bu isə o deməkdir ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxt qanunvericiliyin tələbinə əsasən zaminliyə xitam verilmiş hesab edilir və bu səbəbdən də ona qarşı iddia tələbi əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının yaranmış borcun ödənilməsi tələbi yalnız Cavabdeh1 münasibətdə əsasılıdır. Məhkəmə cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 22 dekabr 2018-ci il tarixli 00430849 nömrəli müqavilənin 3-cü bəndindən aydın olur ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddiaçı tələbində ödənilməmiş əsas borcun miqdarının 348.30 (üç yüz qırx səkkiz manat, otuz qəpik) manat olmasını qeyd etsə də, onun məhkəməyə təqdim etdiyi 26 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən Cavabdeh1 22 dekabr 2018-ci il tarixli 00430849 nömrəli müqavilə üzrə 872.50 (səkkiz yüz yetmiş iki, manat əlli qəpik) manat miqdarında ödəniş etməsi və hazırda onun iddiaçıya 315,50 (üç yüz on beş manat, əlli qəpik) manat ödənilməmiş öhdəliyi mövcud olması aydın olur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2018-ci il tarixli, 00430849 nömrəli müqaviləyə edilmiş əlavələrdən müəyyən edilir ki, həmin əlavələrin 2-ci və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür və müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 dekabr 2018-ci il tarixli 00430849 nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 119 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimənin məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehin 108 (bir yüz səkkiz) manat cərimə borcunun olmasını qeyd etsə də, iş materiallarına əlavə edilmiş 26 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlində Cavabdeh1 22 dekabr 2018-ci il tarixli 00430849 nömrəli müqavilə üzrə cərimə borcunun 99 (doxsan doqquz) manat təşkil etməsi göstərilir. İddiaçı iddia tələbində əsas borcun 348.30 (üç yüz qırx səkkiz manat, otuz qəpik) manat, cərimə borcunun isə 108 (bir yüz səkkiz) manat olmasını qeyd etsə də o, yekunda cavabdehdən bunların ümumi cəmini deyil, 414.50 (dörd yüz on dörd manat, əlli qəpik) manat məbləğində borcun tutulub ona qaytarılmasını tələb etdiyindən və maliyyə arayışında qeyd edilən əsas və cərimə borcunun ümumi məbləği 414.50 (dörd yüz on dörd manat, əlli qəpik) manat təşkil etdiyindən, məhkəmə ümumi borca münasibətdə iddiaçının tələbini əsaslı hesab edir. Məhkəmə tərəfindən iddiaçının tələbini qismən əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulnı (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 22 dekabr 2018-ci il tarixli, 00430849 nömrəli müqavilə üzrə 315.50 (üç yüz on beş manat, əlli qəpik) manat ödənilməmiş hissə və 99 (doxsan doqquz) manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 414.50 (dörd yüz on dörd manat əlli qəpik) manat məbləğində borc Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -həmçinin Cavabdeh1 20 (iyirmi manat) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. 22 dekabr 2018-ci il tarixli, 00430849 nömrəli müqavilə üzrə 315.50 (üç yüz on beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 414.50 (dörd yüz on dörd manat, əlli qəpik) manat məbləğində borc Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Həmçinin iş üzrə Cavabdeh1 20 (iyirmi manat) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-408/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-408/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver