Məhkəmə qərarları › İş №2(079)-41/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-41/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-41/2022 10.02.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “07” dekabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 4520.22 (dörd min beş yüz iyirmi manat, iyirmi iki qəpik) manat əsas, 288.26 (iki yüz səksən səkkiz manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4808.48 (dörd min səkkiz yüz səkkiz manat, qırx səkkiz qəpik) manat borcun, həmçinin ödənilmiş 68.48 (altmış səkkiz manat, qırx səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 43 (qırx üç) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 6000 (altı min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 04 mart 2020-ci il tarixli 1028435/19307 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 qıznını bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 14 oktyabr 2021-ci il tarixinə əsas borcu 4520.22 (dörd min beş yüz iyirmi manat, iyirmi iki qəpik) manat, faiz borcu 288.26 (iki yüz səksən səkkiz manat, iyirmi altı qəpik) manat, ümumi borcu isə 4808.48 (dörd min səkkiz yüz səkkiz manat, qırx səkkiz qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Bununla da onlar kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 10 yanvar 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək bütün məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Cavabdeh2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında bankdan 6000 manat kredit götürdüyünü, əvvəllər də götürdüyü kreditləri tam ödədiyini, lakin son bir il ərzində xəstələndiyindən kredit borcunu qaytara bilmədiyini, işdən bülleten götürdüyünü və aldığı pulla 2 dəfə 480 manat ödədiyini, qızının isə Naxçıvan beynəlxalq hava limanında işlədiyini, ancaq onun da işdən çıxarıldığını, əmək haqqı almadığından 6 ay keçdikdən sonra bülleten pulunun da verilmədiyini, hazırda işə başlasa da əmək haqqının az olduğunu, 2020-ci ildə 3 illiyə kredit götürdüyünü, hazırda isə özünün onkoloji xəstə olduğunu, bu səbəbdən də kredit borcunu ödəyə bilmədiyini qeyd etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin bağlanması, borcun təminatı olaraq Cavabdeh1 ilə bank arasında 04 mart 2020-ci il tarixli zaminlik müqaviləsinin bağlanması, kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 illik 23 faizlə 43 ay müddətində 6000 (altı min) manat məbləğində kredit verməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn əsas öhdəliyini icra etməməsi işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən 04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 23 faizlə 43 ay müddətində 6000 (altı min) manat kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri; -iddia ərizəsinə əlavə edilən 04 mart 2020-ci il tarixli, 1028435/19307 nömrəli zaminlik müqaviləsindən eyni tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə bank arasında 04 mart 2020-ci il tarixli zaminlik müqaviləsinin bağlanması; -cavabdehlər Cavabdeh2 məhkəmədə verdiyi izahatdan və onun məhkəməyə təqdim etdiyi ərizədən iddia tələbini etiraf etməsi, yəni kredit müqaviləsindən irəli gələn əsas öhdəliyini icra etməməsi aydın olur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə Cavabdeh2 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh2 və Cavabdeh1 tutulmasını və Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 mart 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini tələb edir. İddia tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlar və Cavabdeh2 məhkəmədə verdiyi izahat və məhkəməyə təqdim etdiyi ərizədır. Cavabdehin iddia tələbini etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında borc və Cavabdeh1 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 oğlu arasında 04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - “Müqavilənin predmeti” adlanan 1-ci bölməsinə görə müqavilənin predmetini 43 ay (04.10.2023-dək) müddətinə, illik 23 faiz (FİFD-23.54%) dərəcəsi ilə, əsas borc üzrə annuitet, faiz borcu üzrə annuitet ödəniş şərtləri ilə, kredit ödənişinin gecikdirilməsinə görə gecikmə baş verdiyi gündən hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 faiz dəbbə müəyyən edilməklə, xidmət üzrə birdəfəlik bank komissiyası 0 faiz (minimum 50 manat) olmaqla 6000 (altı min) manat kredit məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 verilməsi təşkil edir. -Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh2 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 04 aprel 2021-ci ildən başlamaqla 04 sentyabr 2023-cü ilədək hər ay 206.11 (iki yüz altı manat, on bir qəpik) manat, sonuncu ay, yəni 04 oktyabr 2023-cü il tarixədə isə 205.83 (iki yüz beş manat, səksən üç qəpik) manat ödəməli olması aydın olur. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi 04 mart 2020-ci il tarixli, FJB**********966 nömrəli kasa məxaric orderi, Cavabdeh2 məhkəmədə verdiyi izahat, onun məhkəməyə təqdim etdiyi ərizə ilə öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında 04 mart 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə Cavabdeh2 iddia tələbini etiraf edərək bununla bağlı ərizəsini təqdim etmiş, həmin ərizədə Babək Rayon Məhkəməsində "xxxx" ASC-nin əsas borclu olaraq ona və zamin qismində Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması tələbi ilə iddia qaldırdığını, banka olan borcunu etiraf etdiyini, hər ay 100-150 manat ödəməyə ancaq gücünün çatacağını bildirmişdir. Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır və cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2020ci il tarixli, 1028435/19307 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 1.1-ci bəndinə əsasən “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 04 mart 2020-ci ildə bağlanmış ******* nömrəli kredit müqaviləsi əsasında borc alana veriləcək 6000 (altı min) manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür; -həmin müqavilənin 2.1, 2.2 və 2.3-ci bəndlərində qeyd edilir ki, müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası 04 mart 2020-ci il tarixdə bağlanmış müqavilədir. Təmin olunmuş müqavilənin predmeti borcalana veriləcək 6000 (altı min) manat məbləğində kreditdir. Müqavilə ilə təmin olunmuş öhdəliyin icrası müddəti borcalanın bank qarşısında 04 mart 2020-ci il tarixində bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir; -zaminlik müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilir ki, zamin bank qarşısında borcalanın 04 mart 2020-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır; - müqavilənin 5.1-ci bəndinin tələbinə görə borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətində və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir; - həmçinin qeyd edilən müqavilənin 6.1-ci bənddə göstərilir ki, müqavilənin qüvvədə olma müddəti borcalanın 04 mart 2020-ci ildə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunub ki, hazırki vəziyyətdə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Məhkəmə cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 1479.78 (bir min dörd yüz yetmiş doqquz manat, yetmiş səkkiz qəpik) manat, faiz borcundan isə 1637.31 (bir min altı yüz otuz yeddi manat, otuz bir qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun 4520.22 (dörd min beş yüz iyirmi manat, iyirmi iki qəpik) manat məbləğində əsas, 288.26 (iki yüz səksən səkkiz manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 4808.48 (dörd min səkkiz yüz səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcunun olması göstərilib. Hər bir cavabdehdən tutulmalı olan borcun miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd edilən prosessual normanının tələbini, həmçinin zaminlik müqaviləsinə əsasən zaminin borclu ilə birlikdə eyni məsuliyyət daşımasını nəzərə alan məhkəmə belə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçının cavabdehlərə qarşı olan müqavilə üzrə borclarının qaytarılması tələbi hüquqi cəhətdən həll edildiyindən, onun digər tələbi, yəni Cavabdeh2 ilə aralarında bağlanmış 04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsi ilə müəyyən olunur ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmçinin həmin Məcəllənin 423.2-ci madəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçının məhkəməyə təqdim etdiyi 11 iyun 2021-ci il tarixli, 07108-2017 nömrəli pretenziya məktubundan və 552270, 552271 nömrəli yol qaimələrindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qeyd edilən maddi hüquq normasına əməl etməsi aydın olur. Hazırki tələb üzrə cavabdehlərin müqavilə üzrə əsas öhdəliyini yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirir və iddiaçının müqavilənin ləğvi barədə tələbini də əsaslı sayır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 4520.22 (dörd min beş yüz iyirmi manat, iyirmi iki qəpik) manat əsas, 288.26 (iki yüz səksən səkkiz manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4808.48 (dörd min səkkiz yüz səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 68,08 (altmış səkkiz manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2020ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin olunsun. 04 mart 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 4520.22 (dörd min beş yüz iyirmi manat, iyirmi iki qəpik) manat əsas, 288.26 (iki yüz səksən səkkiz manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4808.48 (dörd min səkkiz yüz səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 68,08 (altmış səkkiz manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2020ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar