Məhkəmə qərarları › İş №2(079)-41/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-41/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-41/2025 22.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və Şahid iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh mənə borclu olduğu 1800 (bir min səkkiz yüz) manat və iş üzrə ödənilmiş 38.00 manat dövlət rüsumunun alınıb mənə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən avtomobil almaq istəyirdim, ona görə də yaxın dost-tanışa bildirdim ki, yaxınlarınızdan kimsə maşın satarsa əgər məsləhətli olarsa mənə bildirin. Mən Naxçıvan şəhərində “Nəqşicahan” restoranında işləyirdim, həmin vaxt mənimlə birlikdə işləyən Babək rayonu, Yarımca kənd sakini Yaşar adlı şəxs mənə bidirdi ki, əmim Cavabdeh VAZ 21074 markalı maşın var almaq istəyirsənsə telefon nömrəsini verim onunla danış. Belə də oldu, mən ona zəng edib, onunla Yarımca kəndində yerləşən evində görüşdük, mən avtomobilə baxdım, onunla maşını 6000 (altı min) manata razılaşıb, ilkin ödəniş kimi 1800 (bir min səkkiz yüz) manat ödəməklə, qalan borcu hər ay 300 (üç yüz) manat ödəməyi üzərimə götürdüm. Elə həmin günün səhəri 19 aprel 2024-cü il tarixdə biz birlikdə Naxçıvan "ASAN xidmət" mərkəzində Notariat Ofisinə getdik, Tarverdi mənə 10 il müddətində 27 yanvar 2034-cü il tarixədək nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə verdi və mən həmin günün axşamı maşını ondan alıb Bənəniyar kəndinə apardım. Maşında bəzi texniki nasazlıqlara görə 500 (beş yüz) manat da pul xərclədim, lakin maşın ustada olduğu vaxt usta maşının qəzaya düşdüyünü və çürüyünün çox olduğundan təmirinin mümkün olmadığını bildirdi. Bu səbəbdən də mən maşını qaytarmaq üçün Tarverdiyə zəng etdim ki, haradadırsa maşını aparıb ona təhlil verim. Lakin Tarverdi həmin vaxt mənə bildirdi ki, gətir maşını qaytar, qoy həyətə, ancaq hələlikdə əlimdə pulum yoxdur, mənə müddət ver maşını satan kimi pulunu qaytarım. Bu barədə Cavabdeh mənə 03 may 2024-cü il tarixdə öz xətti ilə yazılı ərizə də yazıb verdi ki, mənə olan borcunu 1800 (bir min səkkiz yüz) manat pulu ən geci 5 ay müddətinə qaytaracaqdır. Artıq həmin vaxtdan 4 ay keçməsinə baxmayaraq mənə olan borcundan bu günə qədər bir manat belə qaytarmayıb, əksinə birmənalı olaraq borcunu qavtarmayacağını bildirir. Övladım açıq ürək əməliyyatı olunduğuna görə xeyli borcum var, mən həmin borclarımı söz verdiyim vaxtda qaytarmalıyam. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edirəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim tam təmin edilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddianı qəbul etmədiyini, İddiaçı 6000 manat məbləğ qarşılığında VAZ 21074 markalı avtomobil satdığını, Əlinin isə 1800 manat ilkin ödəniş edərək qalan borcunu hər ay 300 manat ödəyərək bağlayacağını bildirdiyini, elə həmin günün səhərisi gün, yəni 19 aprel 2024-cü il tarixdə İddiaçı Naxçıvan “ASAN xidmət” mərkəzində Notariat Ofisində 10 il müddətinə (27 yanvar 2034-cü il tarixədək) nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə verdiyini, lakin Əlinin 24 gün sonra ona satdığı avtomobili yararsız vəziyyətə salıb geri qaytararaq verdiyi pulu tələb etdiyini, çünki o avtomobili ona satarkən avtomobilin heç bir probleminin olmadığını, Əlinin özünün də bunu görüb bilərək həmin avtomobili ondan satın aldığını, Əlinin dayanmadan günahı onun üzərinə ataraq pulunu tələb etdiyindən onun artıq bezdiyini, əgər avtomobili satsa onun pulunu ödəyəcəyinə söz verdiyini, lakin Əlinin avtomobili yararsız hala salıb, gətirib ona təhvil verdiyindən onun həmin avtomobili heç kimə sata bilmədiyini, hər kəsin avtomobildə xəsarət olduğunu bildirərək onu almaqdan imtina etdiyini, İpək Yolunun yan tərəfindəki avtomobil sexində usta işləyən Şahid məhkəmədə şahid qismində dindirilməsini məhkəmədən xahiş etdiyini, heç bir yerdə işləmədiyini, sadəcə qocalığa görə 310 manat məbləğində pensiya aldığını, bundan əlavə də beyin təzyiqi olduğundan müalicə xərcləri üçün ‘Kapital Bank” ASC-dən kredit götürmək məcburiyyətində qaldığını, buna görə də hər ay pensiya kartından 187 manat məbləğində pul tutulduğunu, cavabdehin borcunu ödəyəcək maddi imkanının olmadığını, belə də ki, avtomobili Əliyə yararlı vəziyyətdə satdığını, avtomobili alarkən onun özünün də bunu bildiyini, qeyd etdiklərinin nəzərə alınaraq İddiaçı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehdən avtomobil aldığını və ilkin olaraq 1800 manat pul ödədiyini, daha sonra avtomobildə nasazlıq olduğundan geri qaytardığını, cavabdehin də ərizə yazaraq maşını satarsa dərhal, sata bilməzsə 5 ay müddətində ödənilən ilkin ödənişi geri qaytaracağını öhdəsinə götürdüyünü, 5 ay tamam olduqdan sonra isə cavabdehin pulu qaytarmaq iqtidarında olmadığını bildirdiyini, 19 aprel 2024-cü ildə cavabdehin ona nəqliyyat vasitəsini idarə etməklə bağlı 10 illik etibarnamə verdiyini, onun da həmin gün cavabdehə 1800 manat ilkin ödəniş etdiyini, avtomobili 14 gün sonra - 03 may 2024-cü il tarixdə geri qaytardığını, elə həmin gün də cavabdehin borcun etirafına dair yazılı ərizə yazıb imzaladığını, hazırda avtomobilin cavabdehin istifadəsində olduğunu, aralarında yazılı alqı-satqı müqaviləsinin bağlanmadığını, sadəcə sürücülük etibarnaməsi əsasında verildiyini, **-BL-*** dövlət qeydiyyat nömrəli VAZ 2107 markalı maşın olduğunu, cavabdehin avtomobilin mülkiyyətçisi olduğunu, avtomobilin 03 may 2024-cü il tarixdən cavabdehdə olduğunu, cavabdehin dediklərinin yalan olduğunu, avtomobili idarə etdiyi 14 gün ərzində avtomobilə heç bir ziyan vurmadığını, əksinə avtomobilə 500 manatdan çox xərc qoyduğunu, maşına pult sistemi çəkdirdiyini, çexolunu və akkumulyatorunu təzələdiyini, buna baxmayaraq çəkdiyi xərci tələb etmədiyini, cavabdehin dediyi kimi həmin avtomobili sürməyə heç 15 gün belə imkanı olmadığı halda 600 manatlıq ziyan vurmasının qeyri-mümkün olduğunu bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının onun qardaşı oğlu Yaşarla Nəqşicahan restoranında işlədiyini, onun vasitəsilə tanış olduqlarını, avtomobili etibarnamə ilə satmamışdan 1 gün qabaq iddiaçının özünün gəlib maşına baxıb bəyəndiyini, 1 gün sonra isə 3-4 nəfərlə gəlib maşını alacağını bildirdiyini, qiymətini 6000 manata razılaşdıqlarını və ilkin olaraq 1800 manat ödədikdən sonra ona 10 illik etibarnamə verdiyini, qalan pulu isə aylıq 300 manat olmaqla razılaşdıqlarını, avtomobili verərkən maşının saz vəziyyətdə olduğunu, iddiaçının avtomobili sürərkən yararsız vəziyyətə saldığını, bir neçə gün sonra isə avtomobili qaytararaq yararsız vəziyyətdə olduğunu bildirdiyini, maşını satıb ona verdiyi 1800 manat pulu qaytaracağını bildirdiyini, lakin daha sonra çatdırıb pulunu verə bilmədiyini, daha sonra pulu 5 ay ərzində qaytaracağına dair ərizə yazdığını, lakin maşın yararsız vəziyyətdə olduğundan sata bilmədiyini, həmin maşına daha sonra 600 manat əlavə xərc çəkdiyini, maşının hələ də usta da olduğunu, ayın axırı çıxacağını, bununla bağlı şahidinin də olduğunu, təxminən 20 gün avtomobilin Əlidə qaldığını, avtomobili 19 aprel 2024-cü il tarixdə iddiaçıya təhvil verdiyini, 03 may 2024-cü il tarixdə isə geri qaytardığını, çəkdiyi 600 manat əlavə xərcdən başqa qalan 1200 manata dair hissədə iddia tələbini qəbul etdiyini, iddiaçının dediyi onun avtomobilinə heç bir xərc qoymadığını, sadəcə akkumulyatorunu dəyişdirdiyini, indi həmin akkumulyatorun heç işləmədiyini, pult sisteminin isə qoyulmadığını, iddiaçının da maşının satılmasına köməklik etməsini xahiş etdiyini, satıldıqdan sonra iddiaçının 1200 manat pulunu verə biləcəyini, başqa cür alınmadığını, pensiya ilə dolandığını, iddianı qismən, 1200 manata dair hissədə qəbul etdiyini biləcəyini bildirmişdir. Şahid məhkəmə baxışı iclasında verdiyi izahatında maşın təmiri ilə məşğul olduğunu, sexdə işlədiyini, cavabdehin onun qardaşı olduğunu, qardaşının 5 ay olar ki, maşınını sexə gətirdiyini, sürətlər qutusunda və raspitvalında nasazlıq olduğunu, ehtiyat hissələrini aldığını və dəyişdiyini, Naxçıvanda onu Etibar usta kimi hamının tanıdığını, 27-28 ildir ki, bu işlə məşğul olduğunu və köhnə rus maşınlarının motor sistemini ondan yaxşı bilən olmadığını, qardaşının maşını üçün 150-200 manatlıq iş gördüyünü, xəstə olduğu üçün ondan heç pul da istəmədiyini, 400 manatlıq ehtiyat hissələri aldığını, ehtiyat hissələrinin qiymətlərini və kimlərdən aldığını da deyə biləcəyini, maşının vurulmadığını, özünün isə remont-kraska işinə yox, motor-koropka işlərinə baxdığını, maşının karopkasının dağıldığını, əvvəllər həmin maşını təmir etmədiyini, yaranan nasazlığın uzun müddət sürülməsindən və ya digər səbəbdən yarana bilən olduğunu deyə bilməyəcəyini, nasazlığın hansı səbəbdən yarandığını müəyyən etməyin mümkün olmadığını, yaranan nasazlığın nə vaxtdan bəri yarandığını müəyyən edə bilmədiyini, maşını sadəcə düzəltdiyini, yaranan nasazlığın hansı vaxtdan yarandığını müəyyən etməyin mümkün olmadığını, avtomobil üçün raspitvar, 90 manatlıq najim mufta və vilkanı Orxan və Kamal adlı şəxslərdən aldıqlarını, akkumulyatoruna baxmadığını, onun təzə və ya köhnə olduğunu bilmədiyini bildirmişdir. Mülki iş üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin şifahi alqı-satqı niyyəti ilə etibarnamə əsasında cavabdehə idarə etmək hüququ əsasında etibarnamə əsasında verilməsi, cavabdehin iddiaçıya 1800 (bir min səkkiz) manat ödəməsi və nəqliyyat vasitəsini etibarnamə ilə sürücülük hüququ əsasında qəbul etməsi, 14 gün sonra alıcının əşyanı mülkiyyətçisinə qaytarmaqla ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb etməsi, lakin ödənilmiş əşyanın dəyərinin satıcı tərəfindən alıcıya geri qaytarılmaması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş ƏN-Vİİ seriyalı, 184429 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən VAZ 21074 MİNİK markalı, 67BL242 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun Cavabdeh tərəfindən İddiaçı 9 il 9 ay 8 gün müddətinə verildiyi aydın olur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış ərizədə qeyd olunmuşdur ki, özümə məxsus 67BL242 nömrəli, VAZ21074 markalı avtomobili etibarnamə əsasında 19 aprel 2024-cü il tarixdə Culfa rayon Bənəniyar kənd sakini İddiaçı satmışam, ilkin olaraq 6000 manata razılaşdığımıza görə 1800 manatı ilkin şəkildə almışam, lakin sonra maşında olan nasazlığa görə qaytarıb, ondan almış olduğum 1800 manatı tez bir zamanda əgər satmış olsam həmin vaxt, əks halda isə 5 ay müddətində qaytaracağımı öhdəmə götürürəm. Mülki iş üzrə fasiləsiz audio-video yazısnın aparıldığı məhkəmə baxışı iclasında cavabdeh iddianı qismən etiraf edərək 1200 (bir min iki yüz) manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddianın etiraf olunmuş hissəsinə münasibətdə qeyd edir ki, Mülki- Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmə bildirir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Mülki işin mübahisəli halı olan iddiaçı tərəfindən ödənilmiş 600 manat pulun cavabdehin sahibliyində qalmasına haqq qazandıran qanuni əsasın olub-olmamasıdır. Cavabdeh tərəf bununla bağlı olaraq nəqliyyat vasitəsinin iddiaçının sahibliyində olduğu 14 gün müddətində yararsız hala düşdüyünə, ona qaytarıldıqdan sonra nəqliyyat vasitəsinə 600 manata yaxın xərc qoyub düzəltdirdiyinə istinad etmiş, həmin hissədə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Sözügedən halı təsdiq etmək üçün cavabdehin vəsatəti ilə məhkəməyə çağırılmış şahid ifadəsində cavabdehin qardaşı olduğunu və illərdir köhnə rus maşınlarının təmiri ilə məşğul olduğunu və həqiqətən də həmin maşına 600 manata yaxın ehtiyyat hissə və əl xərci olmaqla motor sistemini təmir etdiyini bildirmişdir. Məhkəmə şahid ifadəsini onun cavabdehin yaxın qohumu – qardaşı olması əsası ilə mötəbər sübut kimi qəbul etmir. Belə ki, tərəflərin arasında mübahisə predmeti olan nəqliyyat vasitəsi 2008-ci il buraxılışlı, VAZ 21074 markalı maşın olmuş və cavabdeh tərəfindən cəmi 14 gün ərzində istifadə olunmuşdur. Məhkəmə hesab edir ki, 17 il ərzində istismar olunmuş avtomobilin 14 gün ərzində isismarı nəticəsində motor sisteminin yararsız hala düşməsi ağlabatan deyildir və hamıya bəlli olan hal kimi sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Əksinə tərəflərin izahatları əsasında nəqliyyat vasitəsinə iddiaçı tərəfindən yaxşılaşdırmaların edildiyi müəyyən olunmuşdur. Belə olan halda cavabdehin iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi hallar sübuta yetirilməmiş və əsaslılığı müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. İddia tələbinin qanuni əsasını təşkil edən əsassız varlanma qaydalarını tənzimləyən “MM”-in: - 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.1-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsassız varlanmanın əsas dispozitiv şərtini - cavabdehin iddiaçının hesabına varlanıbvarlanmadığını yoxlayan məhkəmə hesab edir ki, sözügedən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Tərəflər aralarında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini bağlamaq niyyətində olmuş, lakin sözügedən müqavilənin bağlanması baş tutmamışdır. Belə olan halda cavabdeh iddiaçının hesabına baş tutmamış əsasa görə sözügedən pul hesabına varlanmışdır və varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmağa borcludur. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 38.00 manat (otuz səkkiz) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 38.00 manat (otuz səkkiz) miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar