Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-414/2023 11.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 250 manat əsas borcun, gecikdirilmiş dəbbə pulunun 250 manatını, nəticə etibarı ilə ümumilikdə 500 (beş yüz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mən İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram (VÖEN: **********). Fəaliyyət sahəm mobil telefonların və onların aksesuarlarının alqısatqısıdır. Bildirirəm ki, mən hazırki iddia üzrə Cavabdeh “X5 11” markalı telefonu 6 aylıq kreditlə 780 manat dəyərində almışdır. 780 manat borc hazırkı vaxtadək onun tərəfindən müqavilə üzrə 530 manat ödəniş edilmiş və qalan 250 manat borcunu ödməkdən imtina edir. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 09 mart 2022-ci il tarixində 32 nömrəli “Mal satınalması müqaviləsi”dən yaranan 250 manat əsas borcu vardır. Bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, X3 3.3 bəndinə və xx.xx.2023-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq yaranan 250 manat dəbbə pulunu, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Həmçinin onu da bildirmək istəyirəm ki, mən telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefonu satsaydım mən İddiaçı maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərimin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahında 09 mart 2022-ci il tarixli müqavilə əsasında 780 manat dəyərində olan “X5 11” markalı telefon 6 aylıq kreditlə, ilkin 230 manat, aylıq 91 manat olmaq şərtilə cavabdehə satıldığını, cavabdehin ilkin ödəniş də daxil olmaqla borcdan 530 manat ödəniş etməsinə baxmayaraq qalan 250 manat borcu ödəməkdən yayındığını, bununla bağlı cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq, bunun heç bir faydası olmadığını, müqavilənin şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün 10 manat peniya ödənilməsi nəzərdə tutulduğunu, bu səbəbdən cavabdehin 250 manat peniya borcu olduğunu, məhsulu cavabdehə 09 mart 2022-ci il tarixdə şəxsən özünə təhvil verdiyini, lakin həmin dövrdə müştərilərə malın təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı tərtib edilmədiyindən, sübut olaraq kredit satış müqaviləsini və xəbərdarlıq məktublarını məhkəməyə təqdim etdiyini bildirmişdir. Cavabdeh məhkəmə bildirişləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Cavabdeh tərəfindən iştirak etməməsinin səbəbləri barəfə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqavilənin bağlanması, bu müqavilə üzrə “X5 11” markalı mobil telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunduğu, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - 09 mart 2022-ci il tarixli, 32 nömrəli satınalma müqaviləsindən tərəflər arasında “X5 11” markalı mobil telefonun nisyə alqı-satqısı haqqında müqavilə bağlanması; - “Satıcı”nın “Alıcı”ya 780 (yeddi yüz səksən) manat dəyərində “X5 11” markalı (İMEİ 1: **********95584, İMEİ 2: **********4695592) mobil telefonu satdığı, alıcının isə müqavilədə razılaşdırılmış qaydada mobil telefonun dəyərini satıcıya ödəyəcəyi barədə öhdəlik götürməsi; - telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın (“X5 11” markalı telefonun) dəyərinin ümumilikdə 780 (yeddi yüz səksən), ümumi məbləğin 230 AZN ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan 550 (beş yüz əlli) manat ödənilməmiş hissəsini isə müqavilənin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi; - müqaviləyə əlavə - 1 cədvəlindən isə Cavabdeh “X5 11” markalı telefon ilə əlaqədar xx.xx.2023-cü il tarixdən başlayaraq 6 ay ərzində hər ay 91.66 manat olmaqla malın qiymətini hissə-hissə ödəməli olması aydın olur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixli mal satınalması müqavilələri üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə tələb olunan formada razılığa gəlmişlər. Müqavilə ilə tərəflərin: - satıcının alıcıya 780 manat dəyərində “X5 11” markalı mobil telefonu satdığı, alıcının isə müqavilə ilə razılaşdırılmış şərtlərlə malın dəyərini ödəyəcəyi; - alıcının satıcı qarşısında məsuliyyətinin yuxarı həddi və bu müqavilələrin, vergilər və digər icbari tutulmalar daxil, ümumi dəyərinin beş min manatdan yuxarı olmayacağı; - satıcının müqavilələr ilə müəyyən olunmuş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququnun mövcudluğu; - satıcının alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında müqavilələrin 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək hüququnun mövcudluğu; - Satıcının sifariş olunmuş məhsulu razılaşdırılmış vaxtda və ünvanda zədə almadan Alıcıya çatdırılmasını təmin etmək, alıcının isə telefonu qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini müqavilələrin 3-cü bəndinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmək vəzifəsinin mövcudluğu; - Alıcının müqavilə ilə razılaşdırılmış son günədək aylıq ödənişi həyata keçirmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəmək vəzifəsinin mövcudluğu; - telefonların dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın (“X5 11” markalı telefonun) dəyərinin ümumilikdə 780 (yeddi yüz səksən) olduğunu və bu məbləği müqavilənin tərkib hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəliyi, ümumi məbləğin 230 AZN ilkin ödəniş kimi, qalan 550 (beş yüz əlli) manat ödənilməmiş hissəsini isə müqavilənin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəmək vəzifəsinin mövcudluğu; - kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün Müqavilələr üzrə ödənişin 2 %-i miqdarında dəbbə pulu ödəməli olması; - müqavilələrin tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədə olması barədə razılaşmaları müəyyən olunur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Yəni tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdı. Tərəflərin arasında bağlanmış müqavilə və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək razılaşdırılmış mobil telefonu cavabdehə vermişdir. Belə ki, cavabdehə iddiaçı tərəfindən rəsmi qaydada təqdim olunmuş xəbərdarlıqda borcun mövcudluğu və ödənilməyəcəyi barədə məhkəməyə müraciət ediləcəyi barədə razılaşma əldə olunmuşdur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək cavabdehin diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 3019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən qeyd yazılmış müqavilənin surəti cavabdehə göndərilmiş, sonuncunun isə bununla bağlı məhkəməyə hər hansı bir etirazı daxil olmamışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Əsas borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə arayışdan aydın olur ki, Cavabdeh qeyd edilən müqavilələr üzrə 250 (iki yüz əlli) manat məbləğində ödənilməmiş əsas borcu mövcuddur. Bunun əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən razılığa gəlmişlər ki, kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün Müqavilə üzrə ödənişin 2 %-i miqdarında dəbbə pulu ödəyəcəkdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 250 manat əsas borcuna münasibətdə iddiaçı 250 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 30 (otuz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 250 (iki yüz əlli) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 250 (iki yüz əlli) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-414/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-414/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver