Məhkəmə qərarları › İş №2(079)-419/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-419/2024

26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-419/2024 26.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(079)-43/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 26 iyun 2007-ci il təvəllüdlü X4, 28 may 2008-ci il təvəllüdlü X2 və 01 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 235 manat olmaqla üç uşaq üçün ümumilikdə 705 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 18 aprel 2008-ci il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşuq. Bizim həmin nikahdan üç nəfər övladımız doğulmuşdur: 1. X8: xx.xx.2007-ci il təvəllüdlü; 2. X5: xx.xx.2008-ci il təvəllüdlü; 3. X7: xx.xx.2011-ci il təvəllüdlü. Cavabdeh məni və uşaqları burada qoyub, Türkiyə Respublikasına gedərək bizimlə maraqlanmayıb uşaqlara hər hansı bir maddi köməklik göstərmədiyinə görə aliment tələbi ilə bağlı iddia qaldırdım. Babək rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(079)-43/2023 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit məbləğdə 1 uşaq üçün 115 manat olmaqla üç uşaq üçün ümumilikdə 345 manat miqdarında alimentin tutulub mənə ödənilməsi qət edilmişdir. Özüm heç bir yerdə işləmirəm. Bu səbəbdən də maddi imkanım heç də yaxşı deyil. Cavabdeh qət olunmuş alimenti vaxtlı-vaxtında ödəmir. Hazırda ödədiyi aliment isə uşaqların maddi tələbatını qarşılamağa yetmir. Uşaqlar elə yaş həddindədir ki, onların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur, tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladlarımızın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Qeyd edim ki, uşaqların yaşı artdıqca xərcləri də artır. Övladlarımız artıq böyüyüblər və ona görə də məsrəfləri yetərincə artmışdır. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak eləsəm də orada məsələ öz müsbət həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə nikahlarının pozulmadığını, sadəcə cavabdehin 2022-ci ildən evi tərk edib getdiyini, bundan əvvəl Babək rayonu Nehrəm qəsəbəsində onlarla birlikdə yaşadığını, birlikdə bostan əkib dolandıqlarını, hazırda isə Türkiyədə işlədiyini, özünün dediyinə görə 500-600 manat pul aldığını, 2 ildir ki, uşaqlarla maraqlanmadığını, amma eşitdiyi qədərilə başqa bir şəxslə münasibətinin və övladının olduğunu, hazırda birgə nikah dövründə aldıqları Nehrəm qəsəbəsində yerləşən evdə uşaqlarla birlikdə yaşadıqlarını, 3 övladının olduğunu, onları saxlamaqda çətinlik çəkdiyini, özünün əvvəllər bostanda işləsə də, hazırda orada da işin olmadığını, qışda isə ümumiyyətlə iş olmadığını, işləyəndə isə gündəlik 10-20 manat aldığını, kömək edəcək heç kiminin olmadığını, cavabdehin təyin olunan alimenti ödəmədiyini, məcbur edəndə göndərdiyini, yoxsa göndərməyəcəyini bildirdiyini, cavabdehin alimenti 2 ay verib, 5-6 ay ödəmədiyini, 2022-ci ilin dekabr ayında ölkəni tərk etdiyini, uşaqları görmək istəsə də özlərinin bunu istəmədiyini, 2023-cü ildə isə alimentlə bağlı iddia qaldırdığını, hər bir uşaq üçün 115 manat məbləğində olmaqla ümumilikdə 345 manat aliment təyin olunduğunu, cavabdehin məhkəməyə müraciət etdiyini bilib son vaxtlar ona 340 manat pul göndərdiyini, bunu da sadəcə balaca qızına göndərdiyini bildirdiyini, cavabdehin atası ilə aralarında az məsafə olmasına baxmayaraq onun da uşaqlarla maraqlanmadığını, 2022-ci ildən elektrikə borcu yarandığına görə göndərdiyi alimentin 200 manatını da ona ödədiyini, uşaqların Nehrəm qəsəbə 1 nömrəli məktəbdə oxuduqlarını, hazırlığa getmək istədiklərini, amma imkanı yoxdur deyə göndərə bilmədiyini, oğlu Elşən və qızı Rəziyyənin 11-ci sinifə keçdiyini, Rabiyənin isə 8-ci sinfə keçəcəyini, uşaqlarının imkansızlığa görə son 2 aydır məktəbə getmədiklərini, oxumaq istəmələrinə baxmayaraq hazırlıqlara göndərə bilmədiyini, hamı kimi onun da övladlarının ali təhsilli olmasını arzuladığını, lakin səhər yeməklərinə heç nə olmadığı üçün məktəbə belə yola sala bilmədiyini, qonşulardan ərzaq istədiyini, onların ehtiyaclarını qarşılaya bilmədiyini bildirmiş, bütün bunlar nəzərə alınmaqla alimentin artırılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hsab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 26 iyun 2007-ci il təvəllüdlü X8, 28 may 2008-ci il təvəllüdlü X5 və 01 yanvar 2011-ci il təvəllüdlü X3 dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin hazırda qüvvədə olan 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə uşaqların saxlanılmaları üçün hər ay bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, üç uşaq üçün cəmi 345 (üç yüz qırx beş) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki, iddia ərizəsinə əlavə olunan: - Babək rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ seryalı, 416373 nömrəli, 18 aprel 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X6 arasında 18 aprel 2008-ci il tarixdə 65 nömrə ilə qeydə alınmış nikah bağlanması, nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını, yəni “Məmmədova” soyadını seçməsi; - Babək rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilən 18 aprel 2008-ci il tarixli, AZ-İİ seriyalı, 164936 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 26 iyun 2007-ci il tarixdə X8 adlı övladının dünyaya gəlməsi; - Babək rayonu, Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 05 avqust 2008-ci il tarixli, AZ-İİ seriyalı, 169888 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 28 may 2008-ci il tarixdə X5 adlı övladının dünyaya gəlməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 08 iyun 2011-ci il tarixli, AZ-İİ seriyalı, 661087 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 01 yanvar 2011-ci il tarixdə X7 adlı övladının dünyaya gəlməsi; - Babək Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(079)-43/2023 nömrəli qətnaməsindən 12 dekabr 2022-ci il tarixdən hesablanmaqla, 26 iyun 2007-ci il tarixdə anadan olan X8, 28 may 2008-ci il tarixdə anadan olan X5 və 01 yanvar 2011-ci il tarixdə anadan olan X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 345 (üç yüz qırx beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməsinin qət edilməsi müəyyən olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə olan halda Babək Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(079)- 43/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Mülki işin sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar ilə əlaqəli şəkildə və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti - alimenti ödəməyə borclu olur. İşin faktiki hallarından görünür ki, Babək Rayon Məhkəməsi 02 fevral 2023-cü il tarixli, 2(079)-43/2023 nömrəli qətnaməsi ilə sabit pul məbləğində aliment məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin 1 (bir) il 5 ay bundan əvvəlki maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla müəyyən etmişdir. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması və ya diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, aliment məbləğinin artırılması üçün əsasların mövcud olmasını sübut etmə yükü alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə düşür. İddiaçı tərəfindən aliment məbləğinin artırılması üçün əsas yaradan hal kimi hamının bildiyi və sübut edilməsinə ehtiyacın olmadığı alimentin ilkin təyin olunmasından müəyyən qədər müddətin keçməsi ilə uşaqların tələbatlarının artması və pulun alıcılıq qabiliyyətinin azalmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə uşaqların yaşının artması ilə birlikdə tələbatlarının da artmasını uşağın yanında saxlanıldığı iddiaçının maddi vəziyyətində dəyişiklik kimi nəzərə alaraq, uşaqların ananın yanında qalması nəzərə alınmaqla gündəlik qayğılarının iddiaçının üzərinə düşməsi, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğu, 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər qorunub saxlanılmasının məcburiliyi kimi diqqətəlayiq halları nəzərə almaqla iddiaçının aliment məbləğinin artırılması barədə iddiasını qismən əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(079)-43/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 26 iyun 2007-ci il təvəllüdlü X8, 28 may 2008-ci il təvəllüdlü X5 və 01 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, üç uşaq üçün cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 84 (səksən dörd) manat miqdarında (12x105=1260, 30+(260x1%)=32.60 dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(079)-43/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 26 iyun 2007-ci il təvəllüdlü X8, 28 may 2008-ci il təvəllüdlü X5 və 01 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, üç uşaq üçün cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 32.60 manat (otuz iki manat altmış qəpik) miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar