Məhkəmə qərarları › İş №2(079)-423/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-423/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-423/2021 25.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Açıq Səhmdar Cəmiyyəti “24” avqust 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun xeyrinə 04 mart 2020ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi üzrə 6580.07 (altı min beş yüz səksən manat, yeddi qəpik) manat əsas və 1227.82 (bir min iki yüz iyirmi yeddi manat, səksən iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7807.89 (yeddi min səkkiz yüz yeddi manat, səksən doqquz qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 7200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən 10 avqust 2021-ci il tarixə cavabdehin 6580.07 (altı min beş yüz səksən manat, yeddi qəpik) manat əsas və 1227.82 (bir min iki yüz iyirmi yeddi manat, səksən iki qəpik) manat faiz borcu olmaqla, cəmi 7807.89 (yeddi min səkkiz yüz yeddi manat, səksən doqquz qəpik) manat borcu mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Elvin Məmmədov 27 sentyabr 2021-ci il tarixli, 22-11245/2021 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə təyin olunmuş məhkəmə baxışının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia ərizəsinə uyğun olaraq tələbin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində və bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən müqavilə tərəfləri arasında illik 20 faizlə, 48 ay müddətində, 7200 (yeddi min iki yüz) manat kredit məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh verilməsi barədə razılığa gəlməsi mülki işin mübahisəsiz hallarıdır. Bunun işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə edilmiş 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi ilə öz təsdiqini tapır. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, onun tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən iddiaçının tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Çeşməbasar kəndində rəsmi qeydiyyatda olması aydın olur. Məhkəmə 24 avqust 2021-ci il tarixli məktubla iddia ərizəsinin surətini cavabdehə rəsmi qaydada təqdim edilmişdi. Belə ki, ona göndərilmiş məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Çeşməbasar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, bank əsasən kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: -1.1-ci bəndinə əsasən borc verən borc alana 48 (qırx səkkiz) ay müddətinə (04- 03-2024 tarixədək) 7200 (yeddi min iki yüz) manat məbləğində, kreditdən istifadəyə görə illik 20 (iyirmi) faiz ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür; -1.2-ci bəndinə görə kreditin təyinatı digər banklardan öhdəliklərin bağlanması məqsədilə verilmişdir; -3.1 və 3.2-ci bəndlərinə əsasən borcalana kredit onun tərəfindən normativ xarakterli aktlarda və borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin Borc verənə təqdim edilməsindən 10 (on) iş günü ərzində Borc alanın Borc verəndə açılmış ******************** nömrəli hesabına köçürülməklə verilir, kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir.; -4.4.2-ci bəndinə əsasən borcalanın kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək kimi vəzifəsi vardır; faizlərin ödənilməsi və əsas borcun qaytarılması üzrə borc alanın öhdəlikləri müvafiq məbləğdə pul vəsaitlərinin borcalanın müvafiq hesabına daxil edilməsi üçün bankın kassasına mədaxil olunduqdan və ya müxbir hesabına daxil edildikdən sonra icra edilmiş hesab edilir. -4.4.5.ci bəndinə görə isə bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) Banka ödənilməsini təmin etmək borcalanın vəzifələrinə daxildir. -7.1-ci bəndinə əsasən müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam icra olunanan qədər qüvvədədir. Tərəflər arasında bağlanmış 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsindən aydın olur ki, iddiaçının müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti cavabdehə verməsi, sonuncunun isə kredit məbləğini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarması, ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 24 dekabr 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilələrdən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 04 fevral 2021-ci il tarixli BPM**********93 nömrəli və FJB**********468 nömrəli məxaric orderləri, həmçinin 09 aprel 2021-ci il tarixə olan hesabdan çıxarışla öz təsdiqini tapır. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin müqavilələrdən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 23 iyul 2021-ci il tarixli, 22-9143/2021 nömrəli bildirişdən və yol qaiməsindən məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinin 6-cı bəndindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 10 avqust 2021-ci il tarixli maliyyə arayışından Cavabdeh iddiaçıya 04 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə isə 6580.07 (altı min beş yüz səksən manat, yeddi qəpik) manat məbləğin əsas, 1227.82 (bir min iki yüz iyirmi yeddi manat, səksən iki qəpik) manat faiz borcu, ümumilikdə həmin müqavilə üzrə 7807.89 (yeddi min səkkiz yüz yeddi manat, səksən doqquz qəpik) manat məbləğində borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və onun ödənilməsi ilə bağlı 0.40 (qırx) qəpik bank xidmət haqqı da Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi üzrə 6580.07 (altı min beş yüz səksən manat, yeddi qəpik) manat əsas və 1227.82 (bir min iki yüz iyirmi yeddi manat, səksən iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7807.89 (yeddi min səkkiz yüz yeddi manat, səksən doqquz qəpik) manat borc Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 04 mart 2020-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi üzrə 6580.07 (altı min beş yüz səksən manat, yeddi qəpik) manat əsas və 1227.82 (bir min iki yüz iyirmi yeddi manat, səksən iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7807.89 (yeddi min səkkiz yüz yeddi manat, səksən doqquz qəpik) manat borc Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar