Məhkəmə qərarları › İş №2(079)-423/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-423/2023

11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-423/2023 11.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin vəkil-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2012-ci il təvəllüdlü X3 və 03 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa 105 manat olmaqla ümumilikdə 210 manat alimentin tutulması barədə Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(079)-328/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay hər bir uşağa 220 manat olmaqla 440 manat sabit məbləğdə alimentin tutularaq mənə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 2010-cu ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız olmuşdur: 19 fevral 2012-ci il təvəllüdlü X8, 03 noyabr 2014-cü il təvəllüdlü X5. Bildirirəm ki, cavabdehlə Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuş, övladlarımın mənim yanımda saxlanılması və Cavabdeh hər bir uşağa 105 manat olmaqla ümumilikdə 210 manat sabit məbləğdə aliment tutulub X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün mənə verilməsi müəyyən edilmişdir. Bildirmək istəyirəm ki, cavabdeh həmin alimenti vaxtlı-vaxtında ödəyir. Lakin, cavabdeh tərəfindən ödənilən bu aliment uşaqların günü-gündən artan tələbatlarını ödəmir. Belə ki, mən özüm Babək şəhəri tam orta məktəbdə xadimə işləyərək hər ay 325 manat əmək haqqı alıram. Uşaqları hər ay 100 manat ödəməklə hazırlıqlara qoyuram. Verilən aliment və aldığım əmək haqqı uşaqların lazımınca qidalanmasına və digər ehtiyaclarının ödənilməsinə kifayət etmir. Bildiyimə görə cavabdeh Laçın rayonunda traktor operatoru işləyərək hər ay 1600 manat əmək haqqı alır. Ancaq uşaqlara 210 manat aliment ödəməklə kifayətlənir. Göstərdiklərimə görə alimentin miqdarının artırırılaraq cavabdeh tərəfindən hər ay hər hər bir uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat aliment ödəməsini istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş, nikahın pozulması haqında, doğum haqqında şəhadətnamənin surətini, Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsinin surətini və mediasya arayışını ərizəmə əlavə edirəm. Həmçinin bildirirəm ki, "Mediasiya haqqında“ Azərbaycan Respublikası Qanuna uyğun olaraq cavabdeh 04 iyul 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 2021-ci ildə nikahları pozulduqdan sonra uşaqların onun yanında saxlanılmaqla hər birinə 105 manat olmaqla 210 manat aliment müəyyən edildiyini, lakin hazırda cavabdehin gəlirlərinin və uşaqların ehtiyaclarının artdığını, cavabdehin hazırda Laçın rayonunda işləyib 1600 manata yaxın əmək haqqı aldığını, bunu cavabdehin uşaqlarla danışarkən telefonda onlara dediyini, cavabdehin maddi imkanının alimentin müəyyən olunduğu vaxtla müqayisədə daha yaxşı olduğunu, uşaqlarla birlikdə qardaşının evində kirayədə qaldığını, aylıq 150 manat kirayə haqqı verdiyini, uşaqların birinin 12, digərinin 10 yaşı olduğunu, Məhərrəmin 4, Əfruzun isə 6-cı sinfə gedəcəyini, qızının ingilis dili, riyaziyyat və azərbaycan dilindən hazırlığa getdiyini, oğlunun da hazırlığa başladığını, qızına 30, oğluna isə 25 manat hazırlıq pulu verdiyini, uşaqların təhsil xərclərini, yemək-içmək və digər ehtiyaclarını qarşılaya bilmədiyini, özünün Babək şəhər orta məktəbində xadimə işləyib 325 manat əmək haqqı aldığını, cavabdehin verdiyi alimentin onu qane etmədiyini, uşaqlar atalarından əlavə nəsə istədikdə cavabdehin “ananız işləyir” dediyini, hazırda evi olmadığı üçün çətinlik çəkdiyini, uşaqlara istədiklərini ala bilmədiyini, cavabdehin isə yenidən ailə qurmadığını, özündən başqa baxmalı olduğu kimsənin olmadığını, yaxında uşaqların məktəb dövrünün başlayacağını, onlara məktəb ləvazimatı almaq lazım olduğunu, hazırlığa gedəcəklərini, cavabdehin uşaqların təhsili ilə bağlı əlavə xərclərdə iştirak etməkdən imtina etdiyini, bir kitabı belə alimentdən əlavə alıb vermədiyini, müəyyən olunan alimentin təyin olunduğu zamankı alıcılıq qabiliyyətinə malik olmadığını bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkil-nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehin Laçın rayonunda işlədiyini və aylıq 350 manat əmək haqqı aldığını, bunu onun əmək müqaviləsi bildirişinin də təsdiq etdiyini, uşaqların yaşı nəzərə alınmaqla iddiaçının yüksək məbləğ tələb etdiyini, cavabdehin hər uşağa 140 manat olmaqla iki uşağa birlikdə 280 manat aliment ödəyə biləcəyini, uşaqları saxlamağın təkcə atanın deyil, ananın da vəzifəsi olduğunu, iddiaçının iddia etdiyi 1600 manat əmək haqqı məbləğini təsdiq edən sübutların məhkəməyə təqdim olunmadığını, cavabdehin maddi imkansızlıq ucbatından iclasda da iştirak edə bilmədiyini, həmçinin iddiaçının özünün də işlədiyini, uşaqların təhsil xərclərinin hələ ki, iddiaçının qeyd etdiyi kimi yüksək olmasının mümkün olmadığını bildirmiş, iddianı qismən qəbul etdiklərini və bu hal nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hsab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin hazırda qüvvədə olan 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılmaları üçün hər ay bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, iki uşağa görə cəmi 210 (iki yüz on) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki: - mülki işə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(079)-328/2021 nömrəli qətnaməsindən “23” iyun 2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, iki uşağa görə cəmi 210 (iki yüz on) manat məbləğində alimentin tutularaq uşağın anası X7 ödənilməsinin müəyyən olunması; - nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X6 arasında olan nikahın pozulmasının Babək rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə qeydə alınması; - X3 doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən onun xx.xx.2012-ci ildə anadan olmaqla atasının Cavabdeh, anasının isə X9 olması məlum olur; - X2 doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən onun xx.xx.2014-cü ildə anadan olmaqla atasının Cavabdeh, anasının isə X9 olması məlum olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(079)-328/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Mülki işin sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar ilə əlaqəli şəkildə və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti - alimenti ödəməyə borclu olur. İşin faktiki hallarından görünür ki, Babək Rayon Məhkəməsi 01 noyabr 2021ci il tarixli, 2(079)-328/2021 nömrəli qətnaməsi ilə sabit pul məbləğində aliment məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin 1 (bir) il 9 ay bundan əvvəlki maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla müəyyən etmişdir. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması və ya diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, aliment məbləğinin artırılması üçün əsasların mövcud olmasını sübut etmə yükü alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə düşür. İddiaçı tərəfindən aliment məbləğinin artırılması üçün əsas yaradan tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verdiyini təsdiq edən halların mövcudluğunu təsdiq edən sübut kimi iddiaçının hazırda traktor operatoru işləyib 1600 manat əmək haqqı aldığına istinad etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin gəlir məlumatları üzrə çıxarışdan və əmək müqaviləsi bildirişindən cavabdehin fərdi sahibkar X1 yanında operator vəzifəsində çalışıb 350 manat aylıq əmək haqqı aldığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemində iddiaçının gəlir məlumatları üzrə çıxarışdan Babək Rayon Təhsil Şöbəsində xadimə işləyib 374 manat əmək haqqı aldığı müəyyən olunur. Həmçinin tərəflərin əmlak və vergi məlumatları üzrə çıxarışlardan vergi ödəyicisi kimi qeydiyyata alınmadıqları və daşınmaz əmlak və ya avtonəqliyyat vasitəsinin mülkiyyətlərində olmadığı müəyyən olunur. İddiaçı tələbinin əsası kimi həmçinin uşaqların yaşı ilə əlaqədar olaraq ehtiyaclarının artmasına və müəyyən olunan alimentin təyin olunduğu zamankı alıcılıq qabiliyyətində olmadığına istinad etmişdir. Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(079)-328/2021 nömrəli qətnaməsindən həmin mülki işə baxılan zaman tərəflərin birgə nikahdan doğulmuş övladları X8 9 yaşında, X5 7 yaşında olmuşdur. Hal-hazırda isə qeyd edilən qətnamə ilə sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsindən 1 il 9 aya yaxın müddət keçmiş, həmin müddət ərzində uşaqların tələbatları, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə uşaqların yaşının artması ilə birlikdə tələbatlarının da artmasını uşağın yanında saxlanıldığı iddiaçının maddi vəziyyətində dəyişiklik kimi nəzərə alaraq, həmçinin tərəflərin gəlirlərini, bununla bərabər uşaqların ananın yanında qalması nəzərə alınmaqla gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu, 2023-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi kimi diqqətəlayiq halları nəzərə almaqla iddiaçının aliment məbləğinin artırılması barədə iddiasını qismən əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə iddia tələbinin alimentin yaşayış minimumu həddində təyin edilməsi ilə hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(079)-328/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, iki uşağa görə cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 40.4 manat (qırx manat qırx qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(079)- 328/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, iki uşağa görə cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 40.4 manat (qırx manat qırx qəpik) miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar