Məhkəmə qərarları › İş №2(079)-424/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-424/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-424/2025 12.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl X2 Kənd Təsərrüfatı Nazirliyinin “X4, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X3 Nazirliyinin “X4, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti «10» iyun 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayon Zeynəddin kənd sakini Cavabdeh1 33 (otuz üç ) manat, Babək rayon Qahab kənd sakini Cavabdeh2 16,50 (on altı manat, əlli qəpik) manat, Babək rayon Qahab kənd sakini Cavabdeh3 165,00 (bir yüz altmış beş) manat, Babək rayon Şıxmahmud kənd sakini Cavabdeh4 80,85 (səksən manat, səksən beş qəpik) manat, Babək rayon Zeynəddin kənd sakini Cavabdeh5 49,50 (qırx doqquz manat, əlli qəpik) manat, Babək rayon Qahab kənd sakini Cavabdeh6 82,50 (səksən iki manat, əlli qəpik) manat, Babək rayon Qoşadizə kənd sakini X1 33,00 (otuz üç) manat, Babək rayon Məmmədrza Dizə kənd sakini Cavabdeh8 buğda toxumu üçün 495 (dörd yüz doxsan beş ) manat, arpa toxumu üçün 517 (beş yüz on yeddi manat, beş qəpik) manat olmaqla 1012,05 (bir min on iki manat, beş qəpik) manat ümumilikdə isə Babək rayonu üzrə 8 fermerdən cəmi 1472,40 (bir min dörd yüz yetmiş iki manat, qırx qəpik) manat vəsaitin alınaraq Cəmiyyətin "xxxx" ASC-nin Naxçıvan filialında olan hesabına ödənilməsi və eyni zamanda dövlət rüsumu üçün ödənilən 34,72 (otuz dörd manat, yetmiş iki qəpik) manat vəsaitin cavabdehlər tərəfindən ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. MPM-in 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edərkən müəyyən olur ki, o, yuxarıda qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş, iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. MPM-in 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. İddiaçının sübut kimi qeyd etdiyi və qəbul etdiyi sənədləri cavabdehə göndərir. MPM-in mahiyyətindən belə məlum olur ki, iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, ərizəni icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi yazılı sübutları qarşı tərəfə göndərərək, ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir (MPM-in 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri). Həmçinin məhkəmə iddiaçıya izah edir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qarışdırılmamalıdır. Ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizəyə əlavə edilmiş bütün sənədlərin cəmini özündə ehtiva etdiyi halda, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı mülki icraatın həyata keçirilməsinin əsas prinsipi olan çəkişmə prinsipinin ilkin təzahürü və tələbidir. Həmçinin, Cavabdeh6 məxsus olaraq göstərilən “24CMW6” FİN nömrəsinin elektron məhkəmə informasiya sistemi vasitəsilə mövcudluğu müəyyən olunmamış, Cavabdeh8 qeydiyyat ünvanının isə elektron məhkəmə informasiya sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi məlumatları üzrə düzgün göstərilmədiyi müəyyən olunmuşdur. Halbuki cavabdehin yaşayış yeri iddia ərizəsində göstərilməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan Cavabdeh8 Babək rayonu, Kalbaoruc kəndində qeydiyyatda olduğu müəyyən olunur. MPM-in 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Hazırki vəziyyətdə isə iddia ərizəsinə səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə olunmamışdır. MPM-in: - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, X3 Nazirliyinin “X4, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə olan halda ərizə geri qaytarılmalı olduğundan iddiaçı X3 Nazirliyinin “X4, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda X3 Nazirliyinin “X4, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin "xxxx" ASC-nin “Birbank Biznes” ödəniş sistemi vasitəsilə ilə 21 may 2025-ci il tarixli, SDals 1 nömrəli qəbzlə AZ67AİİB400700F**********500 nömrəli hesabı vasitəsilə ödədiyi 34.72 (otuz dörd manat, yetmiş iki qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanları və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X3 Nazirliyinin “X4, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X3 Nazirliyinin “X4, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin "xxxx" ASC-nin “Birbank Biznes” ödəniş sistemi vasitəsilə ilə 21 may 2025-ci il tarixli, SDals 1 nömrəli qəbzlə AZ67AİİB400700F**********500 nömrəli hesabı vasitəsilə ödədiyi 34.72 (otuz dörd manat, yetmiş iki qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddiaçı ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar