Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-432/2023 11.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 2017-ci il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşuq. Birgə nikahımızdan xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə aramızda yaranan mübahisələr nəticəsində Babək rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)- 140/2022 nömrəli qətnaməsi ilə son qoyulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək mənim yanımda qalması müəyyən edilmiş, Cavabdeh 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X1 üçün mənim xeyrimə ödənilməsi qət edilmişdir. Cavabdehin uşağa ödədiyi 150 manat aliment uşağımızın maddi tələbatını qarşılamağa yetmir. Uşaq elə yaş həddindədir ki, onun digər xərclərinə, müalicəsinə də pul lazım olur. Aldığım aliment bu gün uşağımızın təminatını ödəmir və tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Uşağa aliment 2022-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladımızın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Qeyd edim ki, uşağın yaşı artdıqca xərcləri də artır. Övladımız artıq böyüyüb və ona görə də məsrəfləri yetərincə artmışdır. Bu gün 150 manatla uşağın təminatını ödəmək çox çətindir. Ona görə də X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 220 manat alimentin tutularaq mənə ödənilməsini istəyirəm. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak etsəm də, orada mübahisəmiz öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 23 avqust 2022ci il tarixdə Babək Rayon Məhkəməsinin qətnaməsi əsasında alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla cavabdehlə birgə nikahdan olan oğlumuz X2 üçün cavabdehdən hər ay 150 manat alimentin alınıb mənə ödənilməsi müəyyən edilib. Hazırda həmin alimenti vaxtında alıram. Lakin oğlum bu il məktəbə başlayacağı üçün, həmçinin gözündə xəstəlik olduğundan və xəstəxəna xərclərini qarşılaya bilmədiyimdən alimentin artırımasını istəyirəm. Oğumun gözündə allergik xəstəlik vardır və 2-3 aydan bir müalicə olunmalıdır. Burnu tutulan kimi gözündə yara əmələ gəlir. Bununla bağlı mütəmadi müalicə alır. Naxçıvan Respublika Xəstəxanasında Kəmalə həkimin yanında mütəmadi müalicə alır. Mənim özümdə olan genetik xəstəlikdir, əməliyyat olunmuşam, hazırda isə oğlumda özünü göstərir. Həmçinin onun məktəb xərcləri və digər maddi ehtiyaclarını qarşılamaq mənim üçün çətindir. Belə ki, hər bir şeyin qiymətində 2022-ci illə müqayisədə artım müşahidə olunur. Cavabdehin gəirlərinin artıbartmadığı barədə sübutlarım olmasa da bahalaşma ilə bağlı olaraq ödənilən alimmentlə uşağın ehtiyaclarını qarşılaya bilməməyimin sübuta ehtiyacı yoxdur. Özüm də heç bir yerdə işləmirəm, gəlirim yoxdur. Aldığım aliment isə uşağın ehtiyaclarını ödəməyə kifayət etmir. Oğlumun 6 yaşı tamam olur və Yarımca kənd tam orta məktəbində 1-ci sinifə gedəcək. Cavabdehin rəsmi iş yeri yoxdur, lakin Bakı şəhərində qaynaq sexi açıb gəlir əldə etdiyi barədə qeyri-rəsmi məlumatım vardır. Aylıq gəliri barədə isə məlumatım yoxdur. Cavabdeh 2023-cü ilin mart ayında 2-ci dəfə ailə qursa da ikinci nikahından övladı yoxdur. Oğlum kurikulum istiqaməti üzrə dərs keçir, özüm evdə ona kömək edə bilmədiyim üçün ödənişli hazırlığa gedir və aylıq 35 manat ödəyirəm. Həmçinin atasından ayrılması ilə bağlı olaraq psixoloji dəstəyə və ixtisaslı yardıma ehtiyacı vardır. Hazırda atamın evində yaşayıram. Uşağın əlavə ehtiyaclarını atamın pensiyası ilə ödəyirəm. Cavabdeh ikinci dəfə ailə həyatı qurduqdan sonra ümumiyyətlə oğlu ilə maraqlanmır. Bütün bunlar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hsab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin hazırda qüvvədə olan 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki: - mülki işə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsindən 21 aprel 2022-ci il tarixdən hesablanmaqla, 01 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməsinin müəyyən olunması; - nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulmasının Babək rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə qeydə alınması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan X4 xx.xx.2017-ci ildə anadan olmaqla atasının Cavabdeh, anasının isə İddiaçı olması məlum olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Mülki işin sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar ilə əlaqəli şəkildə və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti - alimenti ödəməyə borclu olur. İşin faktiki hallarından görünür ki, Babək Rayon Məhkəməsi 23 avqust 2022ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsi ilə sabit pul məbləğində aliment məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin 1 (bir) il 1 ay bundan əvvəlki maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla müəyyən etmişdir. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması və ya diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, aliment məbləğinin artırılması üçün əsasların mövcud olmasını sübut etmə yükü alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə düşür. İddiaçı tərəfindən aliment məbləğinin artırılması üçün əsas yaradan tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verdiyini təsdiq edən halların mövcudluğunu təsdiq edən sübut kimi Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin gəlir məlumatları üzrə çıxarışa istinad olunmuşdur. Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsindən həmin mülki işə baxılan zaman tərəflərin birgə nikahdan doğulmuş övladları X6 5 yaşında olmuşdur. Hal-hazırda isə qeyd edilən qətnamə ilə sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsindən 1 il 1 aya yaxın müddət keçmiş, həmin müddət ərzində uşağın tələbatları, həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə uşağın yaşının artması ilə birlikdə tələbatlarının da artmasını uşağın yanında saxlanıldığı iddiaçının maddi vəziyyətində dəyişiklik kimi nəzərə alaraq, bununla bərabər uşağın ananın yanında qalması nəzərə alınmaqla gündəlik qayğılarının iddiaçının üzərinə düşməsi, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğu, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2023-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi kimi diqqətəlayiq halları, eyni zamanda uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almaqla iddiaçının aliment məbləğinin artırılması barədə iddiasını qismən əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bununla bərabər məhkəmə iddia tələbinin alimentin yaşayış minimumu həddində təyin edilməsi ilə hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment miqdarı artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment miqdarı artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-432/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-432/2023
11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver