Məhkəmə qərarları › İş №2(079)-448/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-448/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-448/2021 18.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" X1 Səhmdar Cəmiyyəti 14 sentyabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək 169.59 (bir yüz altmış doqquz manat, əlli doqquz qəpik) manat əsas, faiz borcu üzrə 18.48 (on səkkiz manat, qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 188.07 (bir yüz səksən səkkiz manat, yeddi qəpik) manat məbləğində borcun, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" X1 Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin 4.2.7-ci bəndinə əsasən borcverən, müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə müqaviləyə əsasən “borcverən” həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə və müddətdə borcalana kredit xətti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu banka qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdi. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Zeynəddin kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh məhkəmə sənədləri, yəni iddia ərizəsi, məhkəmənin 14 sentyabr 2021-ci il tarixli, 2(079)-448/2021 nömrəli qərardadının surəti, həmçinin eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, cavabdehə ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş 14 sentyabr 2021-ci il tarixli, 2(079)-448/2021 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında 21 oktyabr 2019-cu il tarixli, 13074sKPZ/19 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: - 1.1-ci bəndinə görə borcverən ən çoxu 120 (bir yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 35 (otuz beş) faizədək olmaq şərti ilə 20 000 (iyirmi min) manat məbləğədək krediti, kredit proseduralarına görə 5 faiz (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla borcalana verə bilər. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 18 faiz, maksimim 40 faiz təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək həmin müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəmiləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu müqavilə ilə müəyyən edilir; - 3.2-ci bənd ilə müəyyən edilir ki, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən «Bank»ın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən «Bank»a qaytarıldığı tarix hesab olunur; - 3.6-cı bəndə əsasən kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür; -3.7 və 3.7.1-ci bəndlərə görə borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər: -4.3, 4.3.2 və 4.3.3-cü bəndlərlə müəyyən edilir ki, krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə “Bank”a qaytarmaq; Kredit və ona hesablanmış faiz borcunu, eləcə də, ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, dəbbə pulunu (cərimənin, penyanı), həmçinin kreditin verilməsi ilə əlaqədar komisyon haqları özünə məxsus olan bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqlan tutulmaq şərtilə akseptsiz qaydada silmək hüququnu borcverən vermək borcalanın vəzifəsidir; -müqavilənin müddəti isə 9.1-ci bənd ilə tənzimlənir ki, həmin bəndə görə müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə nəzərdə tutulmuş kredit limiti ayırması, bank hesabı açması, ödəniş kartı təqdim etməsi, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti müqavilə şərtlərinə uyğun olaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının 21 oktyabr 2019-cu il tarixli, 13074sKPZ/19 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş AZ12UBAZ**********1010AZN002 nömrəli hesabdan çıxarışla sübuta yetirilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 05 may 2021-ci il tarixli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, iş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 02 sentyabr 2021-ci il tarixli maliyyə arayışından Cavabdehnın 21 oktyabr 2019-cu il tarixli, 13074sKPZ/19 nömrəli kredit müqaviləsi üzrə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 169.59 (bir yüz altmış doqquz manat, əlli doqquz qəpik) manat əsas və 18.48 (on səkkiz manat, qırx səkkiz qəpik) manat faiz borcunun olması aydın olur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 21 oktyabr 2019-cu il tarixli, 13074sKPZ/19 nömrəli kredit müqaviləsinin 8-ci bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli, 13074sKPZ/19 nömrəli kredit müqaviləsi üzrə 169.59 (bir yüz altmış doqquz manat, əlli doqquz qəpik) manat əsas və 18.48 (on səkkiz manat, qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 188.07 (bir yüz səksən səkkiz manat, yeddi qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iş üzrə cavabdehdən tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli, 13074sKPZ/19 nömrəli kredit müqaviləsi üzrə 169.59 (bir yüz altmış doqquz manat, əlli doqquz qəpik) manat əsas və 18.48 (on səkkiz manat, qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 188.07 (bir yüz səksən səkkiz manat, yeddi qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar