Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-453/2021 18.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" X1 Səhmdar Cəmiyyəti 14 sentyabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, 932.20 (doqquz yüz otuz iki manat, iyirmi qəpik) manat əsas, 17.07 (on yeddi manat, yeddi qəpik) manat faiz və 2.44 (iki manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 951.71 (doqquz yüz əlli bir manat, yetmiş bir qəpik) manat məbləğində borcun, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" X1 Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25 faiz ğdəmək şərtilə 1101 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcverən” həmin qeyd edilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu banka qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdi. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan iş üzrə cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh məhkəmə sənədləri, yəni iddia ərizəsi, məhkəmənin 14 sentyabr 2021-ci il tarixli, 2(079)-453/2021 nömrəli qərardadının surəti, həmçinin eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, cavabdehə ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Ümumiyyətlə mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti arasında 02 sentyabr 2020-ci il tarixli, 1794nkİNSH/20 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin predmeti adlanan 1-ci maddəyə əsasən həmin müqaviləyə görə bank 24 (iyirmi dörd) ay müddətinə, yəni 02 sentyabr 2022-ci il tarixinədək, illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 1101 (bir min bir yüz bir) manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 faiz, maksimum 40 faiz təşkil edir. Müqavilə üzrə ayrılmış kredit borcalanın 22 yanvar 2020-ci il tarixli, 2058Sinsh/19 nömrəli (məbləğ 85,28 manat) və 22 yanvar 2020-ci il tarixli, 99NKinsh/20 nömrəli (məbləğ 1015,17 manat) müqavilələr üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından bank tərəfindən akseptsiz qaydada silinir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun akseptsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur; - 3.1 və 3.3-cü bəndlərlə müəyyən edilir ki, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tətbiq edir. Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən bankın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən banka qaytarıldığı tarix hesab olunur; -3.7 və 3.7.1-ci bəndlərin tələbinə görə borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər; - 4.2.2-ci bənddə qeyd edilir ki, krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə banka qaytarır; - 4.2.15-ci bəndə əsasən müqaviləyə imza etməklə, cari hesabına köçürülmüş kredit 22 yanvar 2020-ci il tarixli, 2058Sinsh/19 nömrəli və 22 yanvar 2020-ci il tarixli, 99NKinsh/20 nömrəli müqavilə üzrə qalıq borclarının bank tərəfindən akseptsiz qaydada tam silinməsinə razılıq vermiş hesab olunur; - 8.1 və 8.5-ci bəndlərin tələbinə görə müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən banka qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş cədvəli ilə müəyyən olunur. Ödəniş cədvəlində göstərilən ödəniş tarixləri ödəniş müddətinin başlandığını göstərir. Ödəniş tarixinin başlanmasından sonrakı 30 günlük müddət ödəniş müddəti adlanır. Borcalan kredit və kreditdən istifadəyə görə faizləri ödəniş müddətində ödəməlidir. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının 22 yanvar 2020-ci il tarixli, 2058Sinsh/19 nömrəli və 22 yanvar 2020-ci il tarixli, 99NKinsh/20 nömrəli müqavilələr üzrə qalıq borcunun tam ödənilməsi üçün cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilmədən borcalanın hesabına köçürülməsi, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti müqavilə şərtlərinə uyğun olaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının 02 sentyabr 2020-ci il tarixli, 1794nkİNSH/20 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş AZ44UBAZ**********1010AZN004 nömrəli hesabdan çıxarışla sübuta yetirilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 17 may 2021-ci il tarixli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, iş üzrə cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 gün müddət təyin edilmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışından Cavabdehnın 02 sentyabr 2020-ci il tarixli, 1794nkİNSH/20 nömrəli kredit müqaviləsi üzrə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 932.20 (doqquz yüz otuz iki manat, iyirmi qəpik) manat əsas və 17.07 (on yeddi manat, yeddi qəpik) manat faiz borcunun olması aydın olur. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 02 sentyabr 2020-ci il tarixli, 1794nkİNSH/20 nömrəli kredit müqaviləsinin 7-ci bəndindən isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli, 1794nkİNSH/20 nömrəli kredit müqaviləsinin 3.1-ci bəndindən aydın olur ki, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 faiz miqdarında cərimə tətbiq edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı hesab edir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə olunmuş 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışından Cavabdeh 02 sentyabr 2020-ci il tarixli, 1794nkİNSH/20 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 2.44 (iki manat, qırx dörd qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli, 1794nkİNSH/20 nömrəli kredit müqaviləsi üzrə 932.20 (doqquz yüz otuz iki manat, iyirmi qəpik) manat əsas, 17.07 (on yeddi manat, yeddi qəpik) manat faiz və 2.44 (iki manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 951.71 (doqquz yüz əlli bir manat, yetmiş bir qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli, 1794nkİNSH/20 nömrəli kredit müqaviləsi üzrə 932.20 (doqquz yüz otuz iki manat, iyirmi qəpik) manat əsas, 17.07 (on yeddi manat, yeddi qəpik) manat faiz və 2.44 (iki manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 951.71 (doqquz yüz əlli bir manat, yetmiş bir qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-453/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-453/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver