Məhkəmə qərarları › İş №2(079)-453/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-453/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-453/2024 12.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 manat pul borcunun və ödənilmiş 58 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən Naxçıvan şəhəri, Atatürk küçəsində yerləşən "(QRAND) MOBİLE" telefon mağazasını işlədib, telefon və telefon aksesuarlarının satışı fəaliyyəti ilə məşğul oluram. Təqribən 20 iyun 2023-cü il tarixdə əvvəlcədən tanıdığım keçmiş polis əməkdaşı olan Qahab kənd sakini Cavabdeh həmin işlətdiyim telefon mağazasına gəlib, telefon almaq istədiyini bildirdi. Mən onunla 7 aylıq kredit şərtilə razılaşıb, mənimlə qonşuluqda olan telefon mağazasından təqribən iki ay ara verməklə 1 ədəd nisyə 3300 (üç min üç yüz) manata birinci əl və 1 ədəd 2600 (iki min altı yüz) manata ikinci əl, cəmi birlikdə 5900 (beş min doqquz yüz) manata "İPHONE" 14 PRO mobil telefonları satdım. Firuz ilk aylar vaxtlı-vaxtında ödəmələr edib, məni tam inandırdı. Məndə ona qarşı tam inam yarandıqdan sonra həmin ilin sentyabr ayında Firuz yenə gəlib məndən kreditlə 1 ədəd 3750 (üç min yeddi yüz əlli) manata "İPHONE” 14 PRO MAKS mobil telefonu götürdü. Beləliklə mən ona 3 ədəd 9650 (doqquz min altı yüz əlli) manata telefon satdım. Firuz 2023-cü ilin dekabr ayına kimi vaxtlı-vaxlında ödəmələr apardı, lakin 3800 (üç min səkkiz yüz) manat borcundan qaldı, bu günə kimi gətirib qalan borcunu qaytarmır. Sonradan eşitdim ki, borclarına görə işdən da çıxarıblar. Mən ona dəfələrlə zəng vurdum, evlərinə gedib qalan borcunu ödəməsini tələb etdim, lakin o, ödəyəcəyinə dair yalandan hərdən bir vəd verib, gətirib borcunu ödəmədi. Hazırda isə nə vaxtsa alınsa pul düşsə o vaxt ödəyəcəyini bildirir. Mən mağaza işlədirəm, özümün həmin pula çox böyük ehtiyacım var. Firuz isə birmənalı olaraq borcunu qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, 24 iyul 2024-cü il tarixdə iddiaçının iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmiş, növbəti hazırlıq iclası 12 avqust 2024-cü il tarixə təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Belə ki, məhkəmə hazırlıq iclasının 12 avqust 2024-cü il tarixə təyin olunması haqqında məhkəmə bildirişi tərəflərə rəsmi qaydada verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən aydın olur ki, məhkəmə bildirişi iddiaçıya 30 iyul 2024-cü il, cavabdehə isə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. “SMS” xəbərdarlığın “AZEMİS” vasitəsilə göndərilməsi barədə bildirişdən müəyyən olunur ki, tərəflərə iddia ərizəsində qeyd olunmuş əlaqə nömrələri üzərindən həmçinin sms xəbərdarlıqlar göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Sözügedən qərarın 9.1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunmalıdır ki, MPM-in 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsi ilə 13 iyun 2024-cü il tarixli, 1268 nömrəli qəbzlə ödənilmiş 58 (əlli səkkiz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və MPM-in 260, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsi ilə 13 iyun 2024-cü il tarixli, 1268 nömrəli qəbzlə ödənilmiş 58 (əlli səkkiz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar