Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-472/2023 19.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 10 avqust 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ödənilməmiş kredit borcuna görə 294 (iki yüz doxsan dörd) manat, hər ay üçün 10 (on) faiz olmaqla ödənilməmiş 5 ay üzrə 147 (yüz qırx yeddi) manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 471 (dörd yüz yetmiş bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Naxçıvan şəhəri, “PARK AVM” adlanan ticarət mərkəzində məişət avadanlığı mağazası işlədirəm. Babək rayonu, Yuxarı Uzunoba kəndində qeydiyyatda olub və orada yaşayan Cavabdeh ilə aramızda bağlanmış 24 aprel 2022-ci il tarixli, 8106 nömrəli kredit müqaviləsi ilə 520 manat dəyərində bir ədəd Samsung A 12 markalı mobil telefonu kreditə vermişəm. Aramızda Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış 8106 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 520 (beş yüz iyirmi) manat, ilkin ödəniş məbləği 52 (əlli iki) manat, kreditin qalıq məbləği 468 (dörd yüz altmış səkkiz) manat olmaqla 9 (doqquz) ay müddətində hər ay 52 (əlli iki) manat pulu mənə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh 8106 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtları kredit borcunu ödəyərək mənə olan ilkin ödənişlə birlikdə 226 (iki yüz iyirmi altı) manat borcunu qaytarmışdır. Lakin o, kredit borcundan qalmış 294 (iki yüz doxsan dörd) manat pulu bu günədək mənə geri qaytarmamışdır. Ona bir neçə dəfə mənə borclu qaldığı pulun qaytarmasını desəm də, hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Ona yazılı şəkildə müraciət edərək mənə olan kredit borcunu geri qaytarmasını xahiş etsəm də cavabdeh yazılı müraciətimə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Qeyd edərək bildirirəm ki, cavabdeh ilə bağladığımız 8106 nömrəli kredit müqaviləsinə görə aramızdakı razılığımıza əsasən onun mənə ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin mənə 24 aprel 2022-ci il tarixli, 8106 nömrəli kredit müqaviləsi üzrə 5 (beş) ay ərzində ödəməli olduğu 294 manat (iki yüz doxsan dörd) kredit borcunu, bu günədək ödəmədiyi hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 5 ay üzrə 147 (yüz qırx yeddi) manat pulun da mənə ödənilməsini istəyirəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən mənə verilməli olan pul tələbim təmin edilməli, tələb etdiyim kredit borcundan qalmış 294 manat (iki yüz doxsan dörd) manat, hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 5 ay üzrə 147 (yüz qırx yeddi) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınmaqla mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Mülki iş üzrə 07 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər arasında mübahisə ilə bağlı barışıq əldə edildiyini və bu səbəbdən də barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər. 19 sentyabr 2023-cü ildə keçirilən məhkəmə baxışı iclasında tərəflər bir daha aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdi: - Cavabdeh İddiaçı mənə qarşı olan 354 (üç yüz əlli dörd) manat məbləğində (294 manat əsas borc, 30 manat faiz borcu və 30 manat dövlət rüsumu) pul tələbini qəbul edirəm və 2023-cü ilin oktyabr ayının 01-dən başlayaraq ona 03 ay ərzində (fasiləsiz) hər ay 118 (bir yüz on səkkiz) manat ödəməyi öhdəmə götürürəm; - İddiaçı Cavabdeh mənə 2023-cü ilin oktyabr ayının 01-dən başlayaraq 03 ay ərzində (fasiləsiz) hər ay 118 (bir yüz on səkkiz) manat olmaqla, ümumilikdə 354 (üç yüz əlli dörd) manat (294 manat əsas borc, 30 manat faiz borcu və 30 manat dövlət rüsumu) pul ödəməsini qəbul edirəm və Cavabdeh qarşı gələcəkdə bununla bağlı qarşı hər hansı tələb irəli sürməyəcəyimi öhdəmə götürürəm. İş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından onun şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 07 sentyabr 2023-cü tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflərin məhkəmə təqdim etdiyi barışıq sazişinin şərtlərindən bunun cavabdehdən tutulması müəyyən edildiyindən məhkəmə hesab edir ki, artıq bu məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 07 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh İddiaçı ona qarşı olan 354 (üç yüz əlli dörd) manat məbləğində (294 manat əsas borc, 30 manat faiz borcu və 30 manat dövlət rüsumu) pul tələbini qəbul edir və 2023-cü ilin oktyabr ayının 01-dən başlayaraq ona 03 ay ərzində (fasiləsiz) hər ay 118 (bir yüz on səkkiz) manat ödəməyi öhdəsinə götürür;
2. İddiaçı Cavabdeh ona 2023-cü ilin oktyabr ayının 01-dən başlayaraq 03 ay ərzində (fasiləsiz) hər ay 118 (bir yüz on səkkiz) manat olmaqla, ümumilikdə 354 (üç yüz əlli dörd) manat (294 manat əsas borc, 30 manat faiz borcu və 30 manat dövlət rüsumu) pul ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Sədrlik edən: Zamiq Əliyev.