Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-486/2021 11.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatı 30 sentyabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2477.97 (iki min dörd yüz yetmiş yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, “Finca Azerbaijan” X2-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat səviyyəsinin yaxşıladırılması üçün illik 41.50 faiz dərəcəsi olmaqla 15 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 435 (dörd yüz otuz beş) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli və nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdu. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdi. Həmçinin, 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsi 20 aprel 2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3307 manat müəyyən edilmişdi. 03 sentyabr 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borcu 2477.97 (iki min dörd yüz yetmiş yeddi manat, doxsan yeddi qəpik) manat təşkil edir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin danışıqlar heç bir nəticə verməmişdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatının nümayəndəsi Ramil Heydərov 13 oktyabr 2021-ci il tarixli, ********** nömrəli teleqramla məhkəməyə müraciət edərək, 11 noyabr 2021-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, “FİNCA Azerbaijan” X2-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Cavabdeh1 iddiaçıdan illik 41.50 faizlə 15 ay müddətində 5000 (beş min) manat məbləğində kredit götürməsi barədə müqavilə tərəflərin razılığa gəlmələri, həmçinin Cavabdeh1 həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 ona zamin olması, 20 aprel 2021-ci ildə «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsinin restruktizasiyasına dair saziş bağlanması, həmin sazişə əsasən kredit müqaviləsi üzrə qalıq olan 3307 (üç min üç yüz yeddi) manat məbləğində əsas borcun 20 ay müddətinə, illik 15,60 faizlə ödənilməsi barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə edilmiş 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsindən “FİNCA Azerbaijan” X2-bank kredit təşkilatı ilə Cavabdeh1 və Cavabdeh2 arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması, müqaviləyə əsasən Cavabdeh1 ilə iddiaçı arasında sonuncu tərəfindən ona illik 41.50 faizlə 15 ay müddətində 5000 (beş min) manat kredit verilməsi barədə razılığa gəlmələri, Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin kredit götürən tərəfindən icra edilməsinin təminatı üsulu kimi Cavabdeh2 ona zamin olması; - iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə edilmiş 20 aprel 2016cı il tarixli sazişdən «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsinin restruktizasiyası barədə onların razılığa gəlməsi, həmin razılığa əsasən kredit müqaviləsi üzrə qalıq olan 3307 (üç min üç yüz yeddi) manat məbləğində əsas borcun Cavabdeh1 tərəfindən 20 ay müddətinə, illik 15,60 faizlə ödənilməsi barədə tərəflərin razılığa gəlməsi aydın olur. İddiaçının cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməsi isə işin mübahisəli halıdır. Mülki işin mübahisəli halını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək onun hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmənin iddianı qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş, həmçinin məhkəmə iclasında tədqiq olunmuş digər yazılı sübutlardır. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehlər Cavabdeh1 Babək rayonu, Sirab kəndində, Cavabdeh2 isə ünvan 1 ünvanında qeydiyyatda olması atdın olur. Məhkəmə 30 sentyabr 2021-ci il tarixli məktubla iddia ərizəsi, iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında 30 sentyabr 2021-ci il tarixli, 2(079)-486/2021 nömrəli qərardadın surətlərini, həmçinin eyni tarixli, nömrəli məhkəmə bildirişini cavabdehlərin qeyd edilən ünvanına göndərilmiş, onlara iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunmuşdu. Qeyd edilən məhkəmə sənədləri cavabdehlərdən Cavabdeh1 04 oktyabr 2021-ci il tarixdə təqdim olunsa da, Cavabdeh2 ünvanının tam olmaması səbəbindən onlar rabitə orqanı tərəfindən geri qaytarılmışdı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsaslanmaqla məhkəmə sənədləri Cavabdeh2 təqdim olunması üçün Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən sonuncu hal məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş 15 may 2015-ci il tarixli **********4829 nömrəli kredit müqaviləsi və “FİNCA Azerbaijan” X2-bank kredit təşkilatı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 20 aprel 2016-cı il tarixli saziş üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. -15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsinin; - 1.1-ci və 1.2-ci bəndlərindən aydın olur ki, bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 15 ay müddətinə 5000 manat məbləğində pul vəsaitini (bundan sonra "kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində illik 41.50 faiz hesablanacaq; - 1.3 - 1.4-cü bəndlərinə görə kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3.50 faiz miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Kredit alan kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" (bundan sonra "cədvəl" adlandırılacaq) müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər ödəniş cədvəli ilə müqavilənin 1.2-ci bəndi də daxil olmaqla, bu müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, ödəniş cədvəlində göstərilən rəqəmlər üstün tutulacaq; - müqavilənin 1.6-cı bəndinə əsasən kredit məbləği kredit alana müəyyən edilmiş bankların və ya kredit verənin öz kassaları vasitəsilə nağd şəkildə verilir; - 2.1, 2.1.3 və 2.1.6-cı bəndlərdən müəyyən edilir ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə, bu müqavilə və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərə əl atmaq, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etmək, kredit verənin seçiminin heç bir halda mübahisə predimeti olmaması kredit verənin hüququdur; - 3.2, 3.2.1-3.2.2-ci bəndlərə görə krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq, krediti qaytararkən qəbzi almaq kredit alanın vəzifəsidir; - müqavilənin 4.1-ci bəndindən aydın olur ki, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Əgər ödəniş cədvəlində göstərilən hər hansı ödəniş günü qeyri-iş gününə düşərsə, həmin ödəniş günü növbəti iş günü hesab ediləcək; - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır; -- 20 aprel 2016-cı il tarixli sazişin; --giriş hissəsindən görünür ki, «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatı ilə Cavabdeh1 aralarında bağlanmış 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsinin restruktizasiya olunması barədə razılığa gəlirlər; --1 - 5-ci bəndlərindən müəyyən edilir ki, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq borcu 3307 (üç min üç yüz yeddi) manat təşkil edir. Həmin məbləğ 20 (iyirmi) ay müddətinə, illik 15.60 faiz dərəcəsi hesablanmaqla sazişə əlavə edilən ödəniş cədvəli əsasında həyata keçirilməlidir; --6 və 7-ci bəndlərə görə əgər kredit alan saziş üzrə öhdəliyini icra etməzsə və ya lazımınca icra etmədikdə kredit verənin hüququ var ki, kredit ödənişini saziş imzalanadək tətbiq edilən şərtlərlə və ödəniş cədvəli üzrə tələb etsin. Saziş kredit müqaviləsinin tərkib hissəsidir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh1 verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 15 may 2015-ci il tarixli, 133 nömrəli məxaric orderi və 20 aprel 2016-cı il tarixli sazişlə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda “FİNCA Azerbaijan” X2-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında 15 may 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə “FİNCA Azerbaijan” X2-bank kredit təşkilatının Cavabdeh2 qarşı da iddia tələbinin yönəlməsinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış 15 may 2015-ci il tarixli, **********4829 nömrəli müqavilədə onlar iş üçün əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. - müqavilənin 1.1 və 1.2-ci bəndlərinə görə zamin 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür; - 2.1, 2.1.3 və 2.1.6-cı bəndlərdən müəyyən edilir ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə, bu müqavilə və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərə əl atmaq, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etmək, kredit verənin seçiminin heç bir halda mübahisə predimeti olmaması kredit verənin hüququdur; - 3.3, 3.3.1, 3.4 və 3.4.1-ci bəndlərinə görə zamin müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra, ödədiyi bütöv məbləği öhdəlik kreditoru kimi kredit alandan tələb etmək hüququ qazanır, lakin bu hüququ heç bir halda zaminin kredit verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməsi zaminin hüququ, faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıması isə zaminin vəzifəsidir. «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2016-cı il tarixli sazişin 7-ci bəndinə görə isə həmin sazişin bağlanması zaminlik müqaviləsinə xitam vermir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətinə görə Cavabdeh2 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşısa da, məhkəmə iddiaçının Cavabdeh2 qarşı olan tələbini əsaslı qəbul etmir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları qeyd olunub. 477.0 və 477.0.4-cü maddələrin tələbinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd edilən maddi hüquq normasını iş materialları ilə əlaqələndirərək məhkəmə qeyd edir ki, Cavabdeh1 «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatı qarşısında əsas öhdəliyinin icra edilməsinin son müddəti 20 dekabr 2017-ci il müəyyən edilmişdi. Bu isə o deməkdir ki, iddiaçı sonuncu qeyd edilən vaxtın tamam olmasından sonra bir il müddətində, yəni 20 dekabr 2018-ci ilədək Cavabdeh2 qarşı iddia qaldıra bilərdi. «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatı isə cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə 30 sentyabr 2021-ci ildə müraciət etmişdi. Bu isə o deməkdir ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxt qanunvericiliyin tələbinə əsasən zaminliyə xitam verilmiş hesab edilir və bu səbəbdən də ona qarşı iddia tələbi əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının yaranmış borcun ödənilməsi tələbi yalnız Cavabdeh1 münasibətdə əsaslıdır. Məhkəmə cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 15 may 2015-ci il tarixli, **********4829 nömrəli müqavilənin 6-cı bəndindən aydın olur ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 03 sentyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcdan 829.03 (səkkiz yüz iyirmi doqquz manat, üç qəpik) manat, faiz borcundan 484 (dörd yüz səksən dörd) manat, cərimə borcundan isə 42 (qırx iki) manat ödəməsi qeyd edilib. Həmçinin həmin arayışdan aydın olur ki, cavabdehin «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatına 2477.97 (iki min dörd yüz yetmiş yeddi manat, doxsan yeddi qəpik) manat əsas borcu var. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsi üzrə 2477.97 (iki min dörd yüz yetmiş yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində kredit borcu Cavabdeh1 tutularaq «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatına ödənilməli; -həmçinin 30 (otuz) məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatına verilməli; -iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. Tərəflər arasında bağlanmış 15 may 2015-ci il tarixli, **********4829 nömrəli kredit müqaviləsi üzrə 2477.97 (iki min dörd yüz yetmiş yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində kredit borcu Cavabdeh1 tutularaq «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatına ödənilsin. Həmçinin 30 (otuz) məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq «FİNCA Azerbaijan» X2-bank kredit təşkilatına verilsin. İddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-486/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-486/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver