Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-487/2024 02.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “08” iyul 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 18 fevral 2007-ci il təvəllüdlü X3 və 15 iyun 2016-cı il təvəllüdlü X1 üçün hər ay bir uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat məbləğində aliment müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 07 mart 2005-ci ildə 11 nömrəli qeydlə Babək rayonu, Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində qeydə alınmış nikah Babək Rayon Məhkəməsinin “13” dekabr 2022ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən birgə nikahımızdan doğulan 25 avqust 2005-ci il təvəllüdlü X7, 18 fevral 2007-ci il təvəllüdlü X6 və 15 iyun 2016-cı il təvəllüdlü X1 üçün hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi sabit 300 (üç yüz) manat miqdarında aliment tutularaq onun xeyrimə ödənilməsi qət olunmuşdur. Özüm işləmirəm, uşaqlar böyüdükcə xərcləri artır. Onların saxlanılmasında xeyli çətinlik çəkirəm. Hal-hazırda ödənilən aliment övladlarının saxlanılmasında kifayət etmir. Ona görə də alimentin miqdarının artırılmasını xahiş edirəm. 25 avqust 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat təşkil edir. Alimentin artırılması tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etdim Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir. Razılaşma olmadığından mediasiya prosesi davam etdirilməmişdir. Həmin mediasiya arayışını iddia ərizəmə əlavə edirəm. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Əli ilə 2004cü ildə ailə qurduğunu, birgə nikahlarından üç uşaq dünyaya gəldiyini, cavabdeh ilə 2022-ci ildə boşandığını, məhkəmə qətnaməsi əsasında uşaqların özü ilə qaldığını və onların saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 100 manat məbləğində aliment tutulduğunu, uşaqlardan Səfər Novruzovun yetkinlik yaşına çatdığını, qızı Mədinənin isə bu il universitetə qəbul olduğunu, onun ödənişli təhsil alacağını, onun illik təhsil haqqının 1700 manat təşkil etdiyini, lakin özünün buna imkanın olmadığını, həmçinin iddiaçının verdiyi 200 manat pul ilə dolana bilmədiyini, Əli ilə bir evin içərisində yaşasa da onun aliment pulundan başqa uşaqların digər xərclərində iştirak etmədiyini, ara bir balaca oğlunu dükana apararaq ona şirniyyat aldığını, cavabdehin əvvəllər hər ay 300 manat məbləğində alimenti vaxtı vaxtında verdiyini, onunla boşandıqdan sonra nə özünün, nə də cavabdehin ailə vəziyyətində dəyişiklik olmadığını, Əlinin həm heyvan alqı satqısı, həm də inəklərdən sağdığı südü satmaqla məşğul olduğunu, özünün işləmədiyini, böyük oğlunun isə səhhətində problem olduğundan hərbi xidmətə aparılmadığını, həmçinin bu səbəbdən onun işləmədiyini qeyd edərək yekunda tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, Elnarə ilə 2004-cü ildə ailə qurub 2022-ci ildə onunla boşandığını, birgə nikahlarından üç uşaq dünyaya gəldiyini, uşaqların anası ilə yaşadığını, bir uşaq üçün hər ay 100 manat miqdarında aliment ödədiyini, böyük oğlunun 2023-cü ilin avqust ayında 18 yaşı tamam olduğundan ona ödədiyi aliment miqdarının dayandığını, əslində özünün maddi vəziyyəti imkan verərsə uşaqları üçün daha artıq aliment ödəyə biləcəyini, lakin buna həm səhhətinin, həm də maddi vəziyyətinin imkan vermədiyini, özünün gözünün demək olar ki, tutulduğunu, həmçinin səhhəti ilə bağlı 8 gün xəstəxanada yatdığını, iddiaçı ilə evli olduğu müddətdə “Finca Bank”dan kredit götürüb inək aldığını, onunla ayrıldıqdan sonra isə həm alimenti, həm də kredit borcunu ödəmək üçün 10 baş inəyin beşini satdığını, yəni hazırda heyvanları sata-sata dolandığını, iddiaçı bir evin içərisində ayrı qaldığını, evin bölünmədiyini, özü işlətmədiyi halda hər ay 15-20 manat işıq pulu verdiyini, maddi imkanı olmadığı üçün evin bölünməsi ilə bağlı iddia qaldıra bilmədiyini, özünün iddiaçıya qarşı əmək qabiliyyəti olmadığına görə alimentdən azad olmaq üçün iddia qaldırmaq istədiyini qeyd edərək tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, əvvəllər tərəflər arasında nikah bağlanması, həmin nikahdan onların X7, X6 və X8 adlı uşaqlarının dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakılar sənədlərlə təsdiq olunur: - Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 07 mart 2005-ci ildə nikah bağlanması; - Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 25 avqust 2005-ci ildə X9 adlı uşağın dünyaya gəlməsi və onun hazırda yetkinlik yaşına çatması; - Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən və Babək rayonu, Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2007-ci il tarixli, AZ-İ seriyalı, 794693 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 18 fevral 2007-ci ildə X6 adlı uşağın dünyaya gəlməsi; - Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 aprel 2017-ci il tarixli, AZ-İİİ seriyalı, 749593 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 15 iyun 2016-cı ildə X8 adlı uşağın dünyaya gəlməsi; - Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşaqların saxlanılması üçün Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, yəni artırılmasını tələb etməsi mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşaqların saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)- 387/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı tərəf Babək Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(079)- 387/2022 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. Tərəflərin isə məhkəmədə verdi izahatlarından aydın olur ki, onların ailə vəziyyətində dəyişiklik baş verməyib. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflərin adına hər hansı bir gəlir olması, onların ailə vəziyyətində dəyişiklik olması müəyyən edilmir. Həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan və tərəflərin məhkəmədə verdiyi izahatlardan isə onların hər ikisinin də işsiz olması aydın olur. İddiaçı tələbini uşaqların böyüməsi, alimentin təyin edildiyi vaxtla müqayisədə onların tələbatlarının artması, aliment məbləğinin övladlarının saxlanılmasına yetməməsi, özünün heç bir yerdə işləməməsi və övladı X5 yetkinlik yaşına çatması ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X12 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, onun Cavabdeh ilə birgə nikahından olan X5 yetkinlik yaşına çatması cavabdehin həmin uşağa münasibətdə aliment öhdəliyindən azad edir, onun azad edildiyi aliment öhdəliyi digər uşağa keçmir. Uşaqların yaşının artmasını və iddiaçının bununla bağlı çəkdiyi xərci nəzərə alan məhkəmə belə hesab edir ki, İddiaçı tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, nikahın pozulmasından sonra uşaqların ananın yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqlar arasında olan yaş fərqini və buna əsaslanan tələbatlarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh hər ay 18 fevral 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 (bir yüz əlli) manat və 15 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 265 (iki yüz altmış beş) manat miqdarında aliment tutulması məqsədəmüvafiqdir. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir ((235x12)x2= 5640. 5640-(12x200)= 3240, müvafiq olaraq 52.40 manat dövlət rüsumu). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x265=3180. 3180- (12x200)=780) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib (24.07 faiz) olaraq 12 (on iki) manat, 61 (altmış bir) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, Cavabdeh hər ay 18 fevral 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 (bir yüz əlli) manat və 15 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 265 (iki yüz altmış beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia qismən təmin olduğundan 12 (on iki) manat, 61 (altmış bir) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “13” dekabr 2022-ci il tarixli, 2(079)-387/2022 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, Cavabdeh hər ay 18 fevral 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 (bir yüz əlli) manat və 15 iyun 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 265 (iki yüz altmış beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 12 (on iki) manat, 61 (altmış bir) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-487/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-487/2024
02.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver