Məhkəmə qərarları › İş №2(079)-491/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-491/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-491/2021 07.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və onun vəkili Vəkil iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 01 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 663 (altı yüz altmış üç) manat əsas boncun, 200 (iki yüz) manat cərimə borcunun, 250 (iki yüz əlli) manat əldən çıxmış faydanın, vəkil üçün ödənilmiş 200 (iki yüz) manat xərcin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 13 (on üç) manat notarius xərcinin, ümumilikdə 1356 (bir min üç yüz əlli altı) manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh ondan Samsung Galaxy J4+ markalı telefonu 460 manata almış, ilkin ödəniş daxil olmala 267 manat ödəmiş, 193 manat borcu qalmışdır. 20 avqust 2020-ci ildə Samsung Galaxy A41 markalı telefonu 650 manat almış, ilkin ödəniş daxil olmaqla 180 manat ödəniş etmiş, 470 manat borcu qalmışdır. Bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Telefon satışı ilə məşğul olaraq maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Yəni cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdeh yox, başqa şəxslərə həmin telefonlar satılsa idi, mən maddi itkilərlə qarşılaşmayacaqdım. Borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimdən dəfələrlə xəbərdarlıq olunmuş və borc ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Müştərilərin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin ümumilkidə 4 müqavilədən yaranan 2115 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 7800 manat peniya və həmçinin mən bunun üçün özümə vəkil tutduğuma görə qonorar olaraq ödədiyim 300 manat pulun və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Bundan əlavə iddiaçı 04 noyabr 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin əsaslandırma hissəsi ilə bağlı dəyişiklik etmiş və iddia ərizəsinin 2-ci vərəğində “cavabdehin ümumilikdə 4 müqavilədən yaranan 2115 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 7800 manat peniya və həmçinin mən bunun üçün özümə vəkil tutduğuma görə qonorar olaraq ödədiyim 300 manat pulun və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm” abzasının texniki səhvlik nəticəsində düzgün yazılmadığını, həmin abzasın “cavabdehin ümumilikdə 2 müqavilədən yaranan 663 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 200 manat, 13 manat notarius xərci, əldə çıxmış fayda olaraq 250 manat pulun və həmçinin mən bunun üçün özümə vəkil tutduğuma görə qonorar olaraq ödədiyim 200 manat pulun və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-təsisçi X3 məhkəmə iclasında verdiyi izahatında özünün telefon alveri ilə məşğul olduğunu, Cavabdeh iki mobil telefon satdığını, onunla birinci müqaviləni 21 yanvar 2019-cu ildə bağladığını, həmin müqaviləyə görə cavabdehə Samsung Galaxy J4 + markalı telefonu 460 manata satdığını, cavabdehin müqavilə şərtlərinə görə həmin pulu 6 ay müddətinə ona geri qaytarmalı olduğunu, cavabdehin həmin müqavilə üzrə ilkin ödəniş də daxil olmaqla 267 manat pul ödədiyini, həmin müqavilə üzrə cavabdehin hazırda 193 manat borcunun qaldığını, bundan əlavə 20 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə Samsung Galaxy A41 markalı mobil telefonu 650 manata satdığını, müqavilə şərtlərinə görə cavabdehin telefonun dəyərini 6 ay müddətinə geri qaytarmalı olduğunu, həmin müqavilə üzrə ilkin ödəniş də daxil olmaqla cavabdehin ona 180 manat pul ödədiyini, hazırda Cavabdeh ona həmin müqavilə üzrə 470 manat borcunun olduğunu, ümumilikdə isə cavabdehin iki müqavilə üzrə ona 663 manat pul borclu olduğunu, dəfələrlə borcunu cavabdehdən tələb etsə də nəticəsi olmadığını, bu barədə cavabdehin işlədiyi yerin müdiriyyəti ilə əlaqə saxlasa da Cavabdeh yenə də öhdəliyini icra etmədiyini, işin məhkəmədə baxılması zamanı cavabdehin ona müraciət edərək mübahisəni məhkəmədən kənar qaydada həll etməyi təklif etdiyini və bununla bağlı ona borcun etirafı barədə sənəd də verdiyini, həmin sənəd üzrə onun oktyabr ayının sonunda ödəniş etməli olduğunu, lakin yenə də borcunu ödəmədiyini, məhkəmədə iddia qaldırmaq üçün 200 manat vəkil və 13 manat notariat xərci çəkdiyini, həmçinin müqavilə üzrə cavabdehin dəbbə pulu da verməli olduğunu qeyd edərək, həmçinin borclunun öz öhdəliyi icra etməməsi nəticəsində özünün 250 manat miqdarında itkiyə məruz qaldığını qeyd edərək, məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qayada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 21 yanvar 2019-cu il və 20 avqust 2020-ci il tarixli, 555 nömrəli kredit-satış müqavilələrinin bağlanması, həmin müqavilələrə əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Samsung Galaxy J4 + və Samsung Galaxy A41 markalı telefonlar alması barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki iş materiallarına əlavə olunmuş 21 yanvar 2019-cu il tarixli, 555 nömrəli kredit-satış müqaviləsindən, həmçinin cavabdehin 25 oktyabr 2021-ci il tarixli ərizəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 21 yanvar 2019-cu il tarixdə kredit-satış müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehin iddiaçıdan dəyəri 460 (dörd yüz altmış) manat olan Samsung Galaxy J4+ markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri; -iddia ərizəsinə və eyni zamanda mülki iş materiallarına əlavə olunmuş 20 avqust 2020-ci il tarixli, 555 nömrəli kredit-satış müqaviləsindən, həmçinin cavabdehin 25 oktyabr 2021-ci il tarixli ərizəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20 avqust 2020-ci ildə kredit-satış müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehin iddiaçıdan Samsung Galaxy A41 markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri aydın olur. İddiaçının Cavabdeh ilə aralarında bağlanmış müqavilələr üzrə yaranmış 663 manat əsas borc, 200 manat cərimə borcu, 250 manat əldən çıxmış fayda, 200 manat vəkil xərci və 13 (on üç) manat notarius xərcini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. İşin mübahisəli hallarını məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar qismən təsdiq etdiyindən, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Belə ki, məhkəməyə təqdim edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları qismən təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Məmmədrza Dizə kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti və iddiaçının sübut məhkəməyə təqdim etdiyi hər bir sənəd, 04 oktyabr 2021-ci il tarixli, 2(079)-491/2021 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilərək, ona Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz, qoyulmuş suallara cavablar və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi izah olunsa da, cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz daxil olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 08 oktyabr 2021-ci il tarixdə təqdim olunması məlum olur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın qismən təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 yanvar 2019-cu il və 20 avqust 2020-ci il tarixli, 555 nömrəli kredit-satış müqavilələri bağlanmış və həmin müqavilələr üzrə onlar aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - 1-ci bəndlərə əsasən satıcı seriya nömrəsi **********24908, **********24906 olan, Samsung Galaxy J4+ markalı və seriya nömrəsi **********24908, **********24906 olan Samsung Galaxy A41 markalı mobil telefonları alıcının mülkiyyətinə verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür; - 2-ci bəndlərdən aydın olur ki, məbləğin ödənilməsi şirkət tərəfindən müəyyənləşdirilir və müqavilələrə əlavə olunmuş protokollarda göstərilir; - 3-cü bəndlərə görə alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhdəsinə götürür; - 5 və 6-cı bəndlərlə müəyyən edilir ki, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər, borc tam ödənildikdən sonra isə müqaviləyə xitam verilir. Müqaviləyə əlavə edilmiş protokollardan isə görünür ki, alıcı; -- 21 yanvar 2019-cu il tarixli müqavilə üzrə dəyəri 460 (dörd yüz altmış) manat olan Samsung Galaxy J4+ markalı telefonu razılaşaraq 5 ay müddətinə kreditlə alır, alınan malın 60 (altmış) manatını nağd qaydada, qalan 400 (dörd yüz) manat borcu hər ay 80 (səksən) manat olmaqla; --20 avqust 2020-ci il tarixli müqavilə üzrə dəyəri 650 (altı yüz əlli) manat olan Samsung Galaxy A41 markalı telefonu razılaşaraq 5 ay müddətinə kreditlə alır, alınan malın 100 (bir yüz) manatını nağd qaydada, qalan 550 (beş yüz əlli) manat borcu hər ay 110 (bir yüz on) manat olmaqla müntəzəm olaraq aylıq ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Yəni tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdı. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 3019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilələrdən irəli gələn öhdəliyini icra etməsi onun nümayəndəsitəsisçisinin mülki iş üzrə 17 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə cavabdeh tərəfindən ona şəxsən təqdim edildiyini bildirdiyi ərizə ilə sübuta yetirilir. Belə ki, həmin sənəddən iddiaçı 21 yanvar 2019-cu il tarixli və 20 avqust 2020-ci il müqavilələr üzrə Samsung Galaxy J4+ və Samsung Galaxy A41 markalı mobil telefonları cavabdehə təqdim edilməsi müəyyən edilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmə təqdim etdiyi və cavabdehin ona təqdim etdiyini bildirdiyi ərizənin surəti cavabdehə göndərilmiş, sonuncunun isə həmin ərizə ilə bağlı məhkəməyə hər hansı bir etirazı daxil olmamışdı. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Əksinə yuxarıda qeyd edilən ərizədən onun müqavilədən irəli gələn öhdəliyi icra etməməsini etiraf etməsi müəyyən olunur. Belə ki, həmin ərizədə o, iddiaçıdan 21 yanvar 2019-cu ildə Samsung Galaxy J4 + markalı telefonu 460 manata almasını, həmin telefon üzrə 193 manat borcunun qalmasını, 20 avqust 2020-ci ildə isə Samsung Galaxy A41 markalı mobil telefonu 650 manata almasını və həmin telefon üzrə 470 manat borcunun qalmasını, həmin borcun 360 manatını 2021-ci ilin oktyabr ayının sonunadək, 303 manatını isə noyabr ayının sonunadək öhdəsinə götürməyi qeyd etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, kredit-satış müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının borcun geri qaytarılması tələbi əsaslıdır. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 21 yanvar 2019-cu il və 20 avqust 2020-ci il tarixli, 555 nömrəli müqavilələrin 5-ci bəndlərindən aydın olur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddiaçı tələbindən və cavabdehin 25 oktyabr 2021-ci il tarixli ərizəsindən ödənilməmiş əsas borcun miqdarının 21 yanvar 2019-cu il tarixli, 555 nömrəli müqavilə üzrə 193 (bir yüz doxsan üç) manat və 20 avqust 2020-ci il tarixli, 555 nömrəli müqavilə üzrə 470 (dörd yüz yetmiş) manat, ümumilikdə isə 663 (altı yüz altmış üç) manat olması aydın olur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini təfərlərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. «İnternet - 2007” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2019-cu il və 20 avqust 2020-ci il tarixli, 555 nömrəli müqavilələrin 4-cü bəndlərinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə o da müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun müqavilələr üzrə cavabdehdən borcun gecikdirilməsinə görə 200 (iki yüz) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən o da aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. Belə ki, əsas borc 663 (altı yüz altmış üç) manat olduğu halda, cərimə borcu 200 (iki yüz) manat, yəni əsas borcun 30 (otuz) faizini təşkil edir. Məhkəmə bunla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli müqavilə üzrə cavabdehin öhdəliyini icra etməsi beş ay, yəni 2019-cu ilin iyun ayınadək müəyyən edilsə də, həmin müqavilə üzrə öhdəliyini icra etməyən borclu ilə iddiaçı yenidən müqavilə bağlamış və ona bir daha mal satmışdı. Həmçinin həmin müqavilə üzrə cavabdehin öhdəliyinin icrasi müddəti 2019-cu ilin iyun ayı bitməsinə baxmayaraq o, iddia tələbi məhkəməyə 2021-ci ilin oktyabr ayı müraciət edərək ötən müddət ərzində müqavilə şərtləri üzrə cərimə borcunun artmasına imkan yaratmışdı. Yəni müqavilə üzrə ona verilən cavabdehdən cərimə pulunu tələb etmək hüququndan suiistifadə etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinin tələbinə görə isə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, hər bir müqavilə tələb edilən əsas borcun 10 faizi, yəni ümumilikdə hər iki müqavilə üzrə 66 (altmış altı) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. İddiaçının cavabdehə qarşı olan digər bir tələbi isə əldən çıxmış fayda olan 250 manat məbləğində pulun alınmasıdır. O, tələbinin bu hissəsini vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxarması, cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olması ilə əsaslandırsa, qeyd edilənlərin təsdiqi ilə bağlı məhkəmə hər hansı sübut təqdim edə bilməmişdi. Bu səbəbdən də məhkəmə iddiaçını tələbini bu hissədə əsaslı hesab etmir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 19 (on doqquz) manat, 50 (əlli) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh digər məhkəmə xərci olaraq vəkilə ödədiyi 200 (iki yüz) manat məbləğində pulun və 13 (on üç) manat notarius xərcinin də cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəmə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir (115.0, 115.0.6 və 115.0.9-cu maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iş materiallarına əlavə edilmiş və 004873 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qəbzin təsdiq edilmiş surətindən və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası tərəfindən verilmiş 007259 nömrəli, 28 sentyabr 2021-ci il tarixli orderdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X3 ilə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil arasında həmin tarixdə 04/591 nömrəli müqavilə bağlanması və vəkil xərci olaraq 200 (iki yüz) manat miqdarında pul ödənilməsi aydın olur. İddiaçı ilə vəkil arasında bağlanmış müqavilə xərcinin elə də yüksək olmamasını, iddiaçının qeyd edilən xərcləri çəkməsinə səbəb cavabdehin onun qarşısında olan öhdəliyinin icra etməməsi olmasını, iddiaçının mobil telefon satışı ilə məşğul olmasını, fəaliyyətində bu kimi hallara tez-tez rastlaşa bilməsi və hər dəfə məhkəməyə müraciət etməsinin müəyyən maddi itkilərə səbəb olmasını, həmçinin yuxarıda qeyd edilən prosessual normaları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq vəkilə çəkilmiş xərcin 130 (bir yüz otuz) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının ödədiyini qeyd etdiyi 13 (on üç) manat notarius xərcini gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, o, məhkəməyə müraciət etməsi ilə bağlı olaraq iki sənədi notarial qaydada təsdiq etdirmişdi. Bu sənədlərə Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi aiddir. Həmin sənədləri tədqiq edən zaman müəyyən edilir ki, iddiaçı birinci sənədin notarial qaydada təsdiqi üçün 0,30 (otuz qəpik) manat notarius xərci ödəmişdi. Digər sənəddə isə notarius xərcinin yazıldığı qeyd qaralanaraq düzəliş edilmiş və düzəliş edilən şəxs tərəfindən bu düzəlişin edilməsi təsdiq edilməmişdi. Həmçinin edilmiş düzəliş isə oxunaqlı deyil. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı hesab etmir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflər arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, 555 nömrəli müqavilə üzrə 193 (bir yüz doxsan üç) manat əsas, 19 (on doqquz) manat cərimə və 20 avqust 2020-ci il tarixli, 555 nömrəli müqavilə üzrə 470 (dörd yüz yetmiş) manat əsas, 47 (qırx yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 729 (yeddi yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd edilməli; - həmçinin 19 (on doqquz) manat, 50 (əlli) qəpik miqdarında dövlət rüsumu və Vəkil göstərdiyi yardıma görə iddiaçının ona çəkdiyi xərcin 130 (bir yüz otuz) manat məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-230, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, 555 nömrəli müqavilə üzrə 193 (bir yüz doxsan üç) manat əsas, 19 (on doqquz) manat cərimə və 20 avqust 2020-ci il tarixli, 555 nömrəli müqavilə üzrə 470 (dörd yüz yetmiş) manat əsas, 47 (qırx yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 729 (yeddi yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd edilsin. Həmçinin 19 (on doqquz) manat, 50 (əlli) qəpik miqdarında dövlət rüsumu və Vəkil göstərdiyi yardıma görə iddiaçının ona çəkdiyi xərcin 130 (bir yüz otuz) manat məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar