Məhkəmə qərarları › İş №2(079)-497/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-497/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-497/2021 15.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı “05” oktyabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1474 (bir min dörd yüz yetmiş dörd) manat əsas, 188.39 (bir yüz səksən səkkiz manat, otuz doqquz qəpik) manat faiz, 118.06 (bir yüz on səkkiz manat, altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1780.45 (bir min yeddi yüz səksən manat, qırx beş qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Cavabdeh1 arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, **********8178 nömrəli kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilib. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 168 (bir yüz altmış səkkiz) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılıb. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********8***-******* nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borc, həmin borca hesablanmış faiz, cərimə borcları, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdu. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdi. 10 sentyabr 2021-ci il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 1474 (bir min dörd yüz yetmiş dörd) manat, faiz borcu üzrə 188.39 (bir yüz səksən səkkiz manat, otuz doqquz qəpik) manat, cərimə borcu üzrə 118.06 (bir yüz on səkkiz manat, altı qəpik) manat cəmi isə 1780.45 (bir min yeddi yüz səksən manat, qırx beş qəpik) manat təşkil edir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin danışıqlar heç bir nəticə verməmişdi. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh1 Babək rayonu, Didivar kəndində, digər Cavabdeh2 isə Şəmkir rayonu, Qasım İsmayılov kəndində rəsmi qeydiyyatda olması aydın olur. İddia ərizəsinin surəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada verilmiş və onlara iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, məhkəməyə Cavabdeh1 və Cavabdeh2 onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu daxil olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin Cavabdeh1 “22” oktyabr 2021-ci ildə təqdim edilməsi sübuta yetirilir. İddiaçının tələbini mülki iş materialları ilə əlaqəli şəkildə öyrənən məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında 22 avqust 2019-cu il tarixli, **********8178 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1.1-ci və 1.2-ci bəndlərindən aydın olur ki, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 3000 manat məbləğində pul vəsaitini (bundan sonra "kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində illik 29 faiz hesablanır; - həmçinin qeyd edilən müqavilənin 1.3-1.4-cü bəndlərinə görə kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3 faizi miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Kredit alan kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" ("Ödəniş cədvəli") müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər ödəniş cədvəli ilə müqavilənin 1.2-ci bəndi də daxil olmaqla, bu müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, ödəniş cədvəlində göstərilən rəqəmlər üstün tutulur; - müqavilənin 1.6-cı bəndinə əsasən kredit məbləği kredit alana “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir; - 2.1 və 2.1.4-cü bəndlərdən müəyyən edilir ki, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal, qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə borcu sanksiyalarını tətbiq etmək kredit verənin hüququdur; - həmçinin qeyd edilən müqavilənin 3.2, 3.2.1-3.2.2-ci bəndlərinə görə krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq, krediti qaytararkən mexaniki qaydada və ya avtomatik rejimdə təqdim edilən qəbzi almaq kredit alanın vəzifəsidir; - müqavilənin 4.1-ci bəndindən aydın olur ki, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Əgər ödəniş cədvəlində göstərilən hər hansı ödəniş günü qeyri-iş gününə düşərsə, həmin ödəniş günü növbəti iş günü hesab edilir; - müqavilənin 4.4-cü bəndindən isə görünür ki, kredit alan ödənişləri kredit verənin hesabına “e-pul” onlayn ödəniş xidməti vasitəsi ilə, “Milli ön” və “E-Manat” ödəmə terminalları, partnyor bankların (Kapital Bank, ABB) aidiyyəti filialları və “Azərpoçt” poçt rabitəsi operatoru vasitəsilə və yaxud digər banklardan kredit verənin hesabına köçürmə yolu ilə ödəyə bilər. Qeyd edilən ödəniş etmə vasitələri ilə edilən ödənişlər zamanı həmin vasitələrin təminatçıları tərəfindən müvafiq xidmət haqqı tutula bilər və buna görə kredit verən heç bir məsuliyyət daşımır; - müqavilənin 6.1-ci bəndlərinə görə kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə borcu sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir; - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədədir. Həm yuxarıda qeyd edilən maddi hüquq normasından (Mülki Məcəllə maddə 739), həm də müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən kredit məbləğini “Fincard” kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə cavabdehə verməsi, sonuncunun isə müqavilə ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi iddia ərizəsinə əlavə edilmiş 22 avqust 2019-cu il tarixli kredit kartının mədaxil (qəbul) aktı və eyni tarixli, **********642339 nömrəli Finkart kredit vermə qəbzi ilə sübuta yetirilir. «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının tələbinin əsassızlığı və eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında 22 avqust 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının kredit və ona hesablanmış faiz borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının Cavabdeh2 qarşı da iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, **********8***-******* nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib: -müqavilənin 1.1-ci bəndinə əsasən zamin 22 avqust 2019-cu il tarixli, **********8178 kredit müqaviləsinə əsasən ("Kredit Müqaviləsi"), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 ("Kredit Alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 3000 manat məbləğində pul vəsaitini illik 29 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; -həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərində qeyd edilir ki, tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alanı, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kredit Verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; -zaminlik müqaviləsinin 3.1-ci bəndi ilə müəyyən edilir ki, müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh2 22 avqust 2019-cu il tarixli, **********8178 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunmuşdur. Hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan məhkəmə «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının Cavabdeh2 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Məhkəmə cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 22 avqust 2019-cu il tarixli, **********8178 nömrəli kredit müqaviləsinin 6-cı və 22 avqust 2019-cu il tarixli, **********8***-******* nömrəli zaminlik müqaviləsi 2-ci bəndlərindən isə aydın olur ki, iş üzrə cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcdan 1526 (bir min beş yüz iyirmi altı) manat, faiz borcundan 843.61 (səkkiz yüz qırx üç manat, altmış bir qəpik) manat, cərimə borcundan 216.69 (iki yüz on altı manat, altmış doqquz qəpik) manat, ümumilikdə isə 2586.30 (iki min beş yüz səksən altı manat, otuz qəpik) manat ödəməsi qeyd edilib. Həmçinin həmin arayışdan aydın olur ki, Cavabdeh1 «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatına 1474 (bir min dörd yüz yetmiş dörd) manat əsas və 188.39 (bir yüz səksən səkkiz manat, otuz doqquz qəpik) manat faiz borcu var. İddiaçı cavabdehlərə qarşı olan tələbində cərimə borcunun ödənilməsini də tələb etdiyindən bununla bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehlərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə borcu ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimə borcunin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin 5.1-5.2-ci bəndlərinə görə kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu (cərimə borcuni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Müqavilə üzrə dəbbə pulunun tutulması, müqavilənin icra edilməməsi və lazımi qaydada icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbini istisna etmir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehlərə qarşı olan cərimə borcu borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimə borcunun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 10 sentyabr 2021-ci il tarixli maliyyə arayışında cavabdehlərin 118.06 (bir yüz on səkkiz manat, altı qəpik) manat cərimə borcunun olması öz əksini tapıb. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə borcu, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 22 avqust 2019-cu il tarixli, **********8178 nömrəli kredit müqaviləsi üzrə 1474 (bir min dörd yüz yetmiş dörd) manat əsas, 188.39 (bir yüz səksən səkkiz manat, otuz doqquz qəpik) manat faiz, 118.06 (bir yüz on səkkiz manat, altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1780.45 (bir min yeddi yüz səksən manat, qırx beş qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatına ödənilməli; -həmçinin 30 (otuz) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatına verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. 22 avqust 2019-cu il tarixli, **********8178 nömrəli kredit müqaviləsi üzrə 1474 (bir min dörd yüz yetmiş dörd) manat əsas, 188.39 (bir yüz səksən səkkiz manat, otuz doqquz qəpik) manat faiz, 118.06 (bir yüz on səkkiz manat, altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1780.45 (bir min yeddi yüz səksən manat, qırx beş qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatına ödənilsin. Həmçinin 30 (otuz) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb «FİNCA Azerbaijan» məhdud məsuliyyətli qeyribank kredit təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar