Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-499/2024 19.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “25” aprel 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 16 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh X5 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, X10 arasında olan nikah Babək Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahlarından doğulmuş 02 dekabr 2005-ci il təvəllüdlü X7 və 16 avqust 2007-ci il təvəllüdlü X8 onun yanında saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə 100 manat olmaqla, cəmi 200 manat aliment qət olunmuşdur. X2 yetkinlik yaşına çatdığından onun saxlanılması üçün ödənilən aliment 2023-cü ilin dekabr ayından etibarən dayandırılmışdır. Digər övladı X8 üçün aldığı aliment bu gün onun təminatını ödəmir. Özü işləmir və heç bir gəlir yoxdur. Aliment 2014-cü ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak etsə də, orada məsələ öz müsbət həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlib. Mülki işə Babək Rayon Məhkəməsində baxılmasına səbəb Naxçıvan Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(078)-807/2024 nömrəli qərardadı olmuşdu. Belə ki, həmin məhkəmə aktı ilə İddiaçı X9 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işin aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və mülki iş məhkəməyə 11 iyul 2024-cü ildə daxil olmuşdu. İddiaçı tələbində ilkin alimentin təyin edildiyi məhkəmə aktının tarixini və nömrəsini qeyd etmədiyindən, həmçinin həmin məhkəmə aktı iddia ərizəsinə əlavə edilmədiyindən və həmin göstəricilər hazırda baxılan mübahisə üzrə əhəmiyyət kəsb etdiyindən (həqiqətən belə bir aktın mövcud olması və gələcəkdə iddianın təmin edilməsi halında məhkəmə aktının icraya yönəlməsi zamanı hazırki tələblə bağlı iki icra sənədinin mövcudluğunun qarşısının alınması üçün və s.) məhkəmə 12 iyul 2024-cü il tarixli məktubla iddiaçıya sözü gedən halların aradan qaldırılmasını təklif etmişdi. İddiaçı 29 avqust 2024-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsini məhkəməyə təqdim edərək, ərizəsində Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə iddia qaldırdığını və işin aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərildiyini, Babək Rayon Məhkəməsinin 2(079)-119/2013 nömrəli, 03 dekabr 2013-cü il tarixli qətnaməsi ilə birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq ona ödənilməsi müəyyən edildiyini, bu səbəbdən də iddia tələbinə “alimentin tutulma qaydasının dəyişdirilməsi” kimi baxılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla 29 avqust 2024-cü il tarixli qərardadla mülki işə İddiaçı Cavabdeh qarşı Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi kimi baxılmasını qərara almışdı. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehlə 2005-ci ildə ailə qurduğunu, birgə nikahından iki qız övladının dünyaya gəldiyini, Vüsalla 2013-cü ildən ayrı yaşadığını, həmin vaxtdan məhkəmə qətnaməsi əsasında uşaqların hər ikisi də özü qaldığını, aliment təyin ediləndən sonra cavabdehin əvvəlcə bir il hər uşağa 35 manat, daha sonra isə hər birinə 100 manat olmaqla, 200 manat aliment ödədiyini, hazırda da eyni qaydada davam etdiyini, qarşı tərəfin mediasiya prosesinə gəlmədiyini, uşaqlarının heç birinin ataları ilə görüşmədiyini və onunla ünsiyyət olmadığını, Vüsalla boşandıqdan sonra özünün ailə qurmadığını, cavabdehin isə ailə qurduğunu, onun həmin evlilikdən bir qızı, bir oğlu olduğunu, aliment təyin olunarkən özünün işləmədiyini, qarşı tərəf isə indiki kimi fəhlə-usta işlədiyini, özün hazırda da işləmədiyini, Vüsalla 10 il birlikdə qaldığını, həmin müddət ərzində onun ailəsinə baxmadığını, həmin vaxt qayınatası və qayınanasının ailələrinə baxdığını, böyük qızının yetkinlik yaşına çatdığını, onun işləmədiyini, universitetdə ödənişli təhsil aldığını, balaca qızının da hazırda ödənişli təhsil aldığını qeyd edərək yekunda məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün saymışdı. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, tərəflər arasında əvvəllər nikah bağlanması, onların birgə nikahından iki ümumu uşağın dünyaya gəlməsi, həmin uşaqlardan X4 yetkinlik yaşına çatması, tərəflər arasında bağlanmış nikahın pozulması və bunun dövlət qeydiyyatına alınması, bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması və uşaqların saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflər arasında 22 iyun 2005-ci ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə edilmiş Şərur rayonu, Vərməziyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2007-ci il tarixli, AZ-İ seriyalı, 800382 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən, həmçinin iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflərin birgə nikahından 02 dekabr 2005-ci ildə X7 və 16 avqust 2007-ci il tarixdə X8 adlı övladlarının dünyaya gəlməsi; - iş materiallarına edilmiş Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması və onların birgə nikahından olan uşaqların yaşayış yerinin iddiaçının yanı müəyyən edilməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 151554 nömrəli, 07 yanvar 2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulmasının dövlət qeydiyyatına alınması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən X7 və X1 üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərin nəzərinə Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)- 119/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıdığını çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 235 (iki yüz otuz beş) manat məbləğində aliment tələb etməsidir. İşin mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından müəyyən olur ki, ilkin olaraq məhkəmə tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün alimentin tutulma qaydasını cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən etmişdi. İddiaçı isə hazırki tələbində cavabdehdən birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəllə 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddi hüquq normasının tələbindən də göründüyü kimi sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, qanunvericilik məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Həmçinin bildirir ki, alimentin tutulma qaydasını qanunvericilik və ya yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxs müəyyən etdiyi halda, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı isə həm alimenti ödəyən, həm də alimenti alan şəxs məhkəməyə müraciət edə bilər. Yəni alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında ödəyən şəxs onun sabit pul məbləğində ödənilməsini tələb etmək hüququna malik deyil. Əgər alimentin tutulması qaydasına onun miqdarının dəyişdirilməsi kimi yanaşılsa onda aliment ödəyənə onun sabit pul məbləğində tutulması ilə bağlı müraciət etmək imkanını verilmiş olar ki, bu Ailə Məcəlləsinin 78-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən maddi hüquq normalarının ümumi təhlili onu deməyə imkan verir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəmə müraciət edilməsi üçün öncədən müvafiq tutulma qaydası ilə bağlı məhkəmənin müəyyən etdiyi miqdarla əlaqədar qərar qəbul edilməli və daha sonra aliment alan şəxs həmin miqdarın dəyişməsi üçün müraciət etməlidir. İşin araşdırılmış hallarından isə müəyyən olur ki, tərəflər arasında alimentin sabit pul məbləğində tutulması qaydası ilə bağlı məhkəmənin öncədən müəyyən etdiyi miqdar mövcud deyil. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin ailə qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında aliment tələb etsə də öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X16 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. İddiaçının məhkəmədə verdiyi izahatından, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək onun ailə vəziyyətində dəyişiklik baş verməməsi müəyyən edilir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin ailə qurması və 31 yanvar 2016-cı il təvəllüdlü övladının olması aydın olsa da, iddiaçı məhkəmədə verdiyi izahatında cavabdehin sonrakı evliliyindən iki uşağının olmasını qeyd etmişdi. Onların maddi vəziyyətində ciddi dəyişikliyin yoxlanılmasına gəldikdə isə iddiaçı tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməyərək, məhkəmədə verdiyi izahatında 2013-cü ildə, yəni aliment təyin ediləndə işləmədiyini, hazırda da işsiz olmasını bildirmişdi. O, həmçinin cavabdehlə boşandığı vaxt sonuncunun fəhlə və ustalıq etdiyini, hazırda da bu fəaliyyətlə məşğul olduğunu etdiyini qeyd etmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı adına hər hansı əmlak və ya gəlirin olmaması müəyyən edilir. Həmçinin həmin məlumatlardan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bənna işləyir, aylıq əmək haqqı 345 (üç yüz qırx beş) manat təşkil edir. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə X1 üçün aliment təyin edildiyi vaxtdan 10 ildən artıq müddət keçməsini, bu müddət ərzində hər bir əşyanın qiymətində ciddi artım müşahidə edilməsini, həmçinin 2013cü illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını, aliment təyin edilən vaxt xeyrinə aliment ödənilən uşağın təhsil şərtlərini, hazırda isə onun ödənişli təhsil almasını məhkəmə diqqətəlayiq başqa maraqlar kimi qəbul edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən əsaslı sayılmalıdır. Məhkəmə onu da iddiaçının nəzərinə çatdırır ki, onun Cavabdeh ilə birgə nikahından olan X4 yetkinlik yaşına çatması cavabdehin həmin uşağa münasibətdə aliment öhdəliyindən azad edir, onun azad edildiyi aliment öhdəliyi digər uşağa keçmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin cavabdehin ailə qurmasını və həmin evliliyindən uşağının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən hər ay 180 (bir yüz səksən) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı alimentin tutulma qaydasının dəyişdirilməsi ilə bağlı Babək Rayon Məhkəməsinə “29” avqust 2024-cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (235x12= 2820. 2820-(12x100)= 1620, müvafiq olaraq 36.20 manat dövlət rüsumu). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x180=2160. 2160-(12x100)=960) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib (59.25 faiz) olaraq 21 (iyirmi bir) manat, 45 (qırx beş) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; - “29” avqust 2024-cü il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan 16 avqust 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 21 (iyirmi bir) manat, 45 (qırx beş) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 03 dekabr 2013-cü il tarixli, 2(079)-119/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. “29” avqust 2024-cü il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından olan 16 avqust 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 21 (iyirmi bir) manat, 45 (qırx beş) qəpik miqdarında rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-499/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-499/2024
19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver