Məhkəmə qərarları › İş №2(079)-50/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-50/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-50/2022 16.02.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 550 (beş yüz əlli) manat əsas borc, mülki qanunvericiliyə əsasən illik 9% ilə hesablanmış 50.89 (əlli manat səksən doqquz qəpik) manat faiz və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün 4126.39 (dörd min yüz iyirmi altı manat otuz doqquz qəpik) manat dəbbə pulu, olmaqla ümumilikdə 4727.39 (dörd min yeddi yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 58 (əlli səkkiz manat) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, fərdi sahibkar olaraq iddiaçı və cavabdeh arasında 15 iyul 2020-ci il tarixdə 73 nömrəli satınalma müqaviləsi bağlanaraq alıcıya Xiomi Redmi Note9s markalı mobil telefon satmış, cavabdeh isə malın dəyərini müqavilənin ödəniş şərtlərinə uyğun vaxtında və tam ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh mobil telefonu qəbul etməyi, müqavilədə göstərilmiş müddətlərdə və qaydada malın qiymətini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə və qoşması Əlavə 1-ə əsasən cavabdeh tərəfindən malın dəyəri 6 ay ərzində ödənilməklə hissələrə bölünərək hər ayın 15-i tarixində tam şəkildə ödənilməlidir. Eyni zamanda müqavilədə göstərilmişdir ki, cavabdehin öhdəlikləri icra etməməsi və lazımınca icra etməməsi nəticəsində gecikdirilən hər gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i həcmində dəbbə pulu ödənilməsi müəyyənləşdirilmişdir. Cavabdeh müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsi barədə öhdəlik götürməsinə baxmayaraq bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Müqavilə şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin olunmamışdır. Cavabdeh tərəfindən bugünədək malın dəyərinin ödənilməsi ilə bağlı heç bir köçürülmə olmamışdır. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, 31 yanvar 2022ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki iş 16 fevral 2022-ci il tarixə məhkəmə baxışı iclasında baxılmağa təyin edilmişdir. 16 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırdığını, hazırda cavabdehlə aralarında məhkəmədən kənar qaydada razılığa gəldiklərini bildirmiş, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun alınması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda İddiaçı iddia qaldırılarkən X3 Səhmdar Cəmiyyətinin Naxçıvan filialına 17 dekabr 2021-ci il tarixdə 7725 nömrəli qəbzlə ödədiyi 60 (altmış) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun alınması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırılarkən X3 Səhmdar Cəmiyyətinin Naxçıvan filialına 17 dekabr 2021-ci il tarixdə 7725 nömrəli qəbzlə ödədiyi 60 (altmış) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar