Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-502/2023 19.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “25” avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 10 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh ilə Babək rayon qeydiyyat şöbəsində 28 oktyabr 2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişik. Bizim birgə nikahımızdan 10 avqust 2016-cı il tarixdə oğlumuz X4 doğulmuşdur. Oğlumuz doğulandan sonra biz ayrı-ayrılıqda yaşadığımızdan aliment ödəməsi ilə bağlı mən iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq 10 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün mənə ödənilməsi qət edilmişdi. Həmin qətnamədən narazı qalan Cavabdeh verdiyi apellyasiya şikayətinə 09 yanvar 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülkü kollegiyasında baxılaraq apellyasiya şikayətimin təmin edilməməsi, Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilmişdi. Həmin tarixdən 7 ilə yaxın bir müddət keçir, övladımız artıq böyümüşdür, məktəbə gedir, onun xərcləri artmışdır. Bu səbəbdən də ödənilən alimentin miqdarı onun tələbatlarına kifayət etmir. Ona görə də alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Qeyd etmək istəyirəm ki, ödədiyi alimentdən əlavə Cavabdeh övladına əlavə heç bir maddi köməklik göstərmir. Özü həyətlərində olan mebel sexində işləyir. Yaxşı qazanc əldə edir. Əlavə olaraq başqa yerdə də işləyir. İddiaçı məhkəmədə verdiyi izahatında Azər ilə 2015-ci ildə ailə qurduğunu, onunla iki ay birlikdə yaşadıqdan sonra ayrıldığını, birgə nikahlarından olan uşağın ata evində dünyaya gəldiyini, 2016-cı ildə övladının saxlanılması üçün Babək Rayon Məhkəməsinə müraciət etdiyini, məhkəmənin qətnaməsi ilə cavabdehdən hər ay 100 manat məbləğində aliment tutulduğunu, Azərin alimenti də vaxtlı-vaxtında vermədiyini, bununla bağlı hər dəfə icra məmuru ilə əlaqə saxlamalı olduğunu, övladının 1 yaşı tamam olduqdan sonra Azərin ona qarşı boşanma barədə iddia qaldırdığını və aralarında bağlanmış nikahın pozulduğunu, təqribən 3 il bundan qabaq barışsalar da, bunun cəmi 3 ay çəkdiyini, ayrılmalarına səbəb cavabdehin anası və qardaşının sözündən çıxa bilməməsi olduğunu, hazırda da bu səbəbə görə onun öz övladı ilə az-az görüşdüyünü, övladının böyüdüyünü, onun saxlanımasında çətinlik çəkdiyini, Azərin alimentdən başqa uşağın digər xərclərində iştirak etmədiyini, övladının allergiyası olduğunu, bununla bağlı əlavə xərclərinin yarandığını, məktəb paltarını ona nisyə aldığını, apteklərə övladının xəstəliyi ilə bağlı pul borclu olduğunu, qarşı tərəfin mebel sexi olduğunu, bu səbəbdən də yaxşı qazanc əldə etdiyini, hazırda nə özünün, nə də cavabdehin ailə qurmadığını bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında qarşı tərəf ilə 2015-ci ildə ailə qurduğunu, birgə nikahlarından bir uşaq dünyaya gəldiyini, məhkəmədən qabaq mediasiya prosesində iştirak etdiyini, lakin həmin vaxt iddiaçı ilə eyni vaxtda orada olmadığını, özünün mediatora alimenti 30 manat artıra biləcəyini dediyini, mediatorun isə ona bunu qarşı tərəflə danışmağı məsləhət bildiyini, bundan sonra Həbibənin atasına zəng etdiyini, iddiaçının atasının isə bu məsələdən xəbərinin olmadığını ona dediyini, daha sonra mediator ona zəng edəndə Sədərək rayonu ərazisində olduğundan mediasiya prosesində iştirak edə bilməyəcəyini dediyini, mediatorun ona alimentin miqdarını 50 manat artırılmasını təklif etdiyini, lakin özünün bunu qəbul etmədiyini, çünki yol idarəsində sürücü işləməklə ayda 360 manat əmək haqqı aldığını, ilin 9 ayı işləyib dekabr, yanvar, fevral və mart aylarında hava şəraiti ilə bağlı olaraq işləmədiyini, özünün belində 13 millimetr yırtıq olduğunu, bu səbəbdən də ağır işlərə girə bilmədiyini, həqiqətən də əvvəllər əmisinin mebel sexində fəhlə işlədiyini lakin həmin sexin heç vaxt onlara məxsus olmadığını, hazırda səhhəti ilə bağlı həmin işdə işləyə bilmədiyini, özünün hazırda subay olduğunu, ailə qurmadığını, aliment pulundan başqa uşağın müalicə xərcində iştirak etdiyini, belə ki, bir dəfə qardaşından borc edərək övladını allergiya ilə bağlı həkimə apardığını, ona 400-500 manat xərc çəkdiyini, bundan başqa övladı ilə 2 həftədən bir görüşdüyünü qeyd edərək, yekunda alimentin miqdarını 50 manat məbləğində artırılmasına etiraz etmədiyini bildirmişdir. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 28 oktyabr 2015-ci ildə nikah bağlanması, onların birgə nikahından X4 adlı ümumi uşağın olması, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması və onun saxlanılması üçün Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsi ilə cavabdehdən hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 21 avqust 2023-cü il tarixli, AZ-İ seriyalı, 784624 nömrəli akt qeydindən çıxarışdan tərəflər arasında 28 oktyabr 2015-ci ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayonu, Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 536529 nömrəli, 07 sentyabr 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 10 avqust 2016-cı il tarixdə X4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli, AZ-İ seriyalı, 176836 nömrəli nikahın pozulması haqqında akt qeydindən çıxarışdan tərəflər arasında bağlanmış nikahın pozulması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsinin surətindən tərəflərin birgə nikahından olan X2 iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. Tərəflərin məhkəmədə verdiyi izahatlarından Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək onların ailə həyatında dəyişiklik baş verməməsi müəyyən edilir. Onların maddi vəziyyətində ciddi dəyişikliyin olmasına gəldikdə isə iddiaçı tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməyib. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Naxçıvan Muxtar Respublikası X3 Agentliyinin Naxçıvan Şəhər Yol Təmir-Tikinti İdarəsində sürücü işəməsi və aylıq əmək haqqının 400 (dörd yüz) manat təşkil etməsi müəyyən edilir. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçı tələbini uşağın böyüməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X6 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. Lakin uşağın təhsillə bağlı yaranmış ehtiyaclarını və iddiaçının bununla bağlı çəkdiyi xərci, həmçinin 2016-cı illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını məhkəmə diqqətəlayiq başqa maraqlar kimi qəbul edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə həm məhkəmədə verdiyi izahatında, həm də məhkəməyə təqdim etdiyi 25 sentyabr 2023-cü il tarixli ərizəsində alimentin miqdarının 50 (əlli) manat artılılmasına etiraz etmədiyini bildirmişdi. Həmçinin onun məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Naxçıvan Respublika Xəstəxanası tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli müayinə vərəqəsindən cavabdehin səhhətində problem olması müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaq barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin cavabdehin səhhətini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 150 (bir yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (220x12= 2640. 2640-(12x100)=1440, müvafiq olaraq 34.40 manat dövlət rüsumu). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x150=1800. 1800-(12x100)=600) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 14 (on dörd) manat, 44 (qırx dörd) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 10 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 14 (on dörd) manat, 44 (qırx dörd) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(079)-544/2016 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 10 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 14 (on dörd) manat, 44 (qırx dörd) qəpik miqdarında rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-502/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-502/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver