Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-508/2022 23.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 520 (beş yüz iyirmi) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı2, Cavabdeh 980 (doqquz yüz səksən) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddianı əsaslandıraraq bildirmişlər ki, biz iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə (ər-arvad) olaraq Nehrəm qəsəbəsində gözəllik və gəlinlik salonu işlədirik və toy sezonunda musiqiçi kimi toylarda iştirak edib ailəmizin maddi tələbatları üçün qazanc əldə edirik. Həmkəndlim Nehrəm qəsəbə sakini Cavabdeh 2022-ci ilin təxminən iyul ayında gəlini və həyat yoldaşı ilə işlətdiyimiz gözəllik və gəlinlik salonuna gələrək oğluna toy edəcəyini, bu məqsədlə 2022-ci ilin oktyabr ayının 7-8 üçün gəlinlik sifariş edib gəlini bəzəmək üçün vaxt götürdü. Həmin vaxt İlhamın həyat yoldaşı gəlinliyi seçərək oktyabr ayının 7-8 üçün kirayələdilər və həmin tarixə 520 manat ödəyəcəklərini öhdələrinə götürdülər. Həmçinin həmin vaxt, yəni 2022-ci ilin oktyabr ayının 7-8 tarixlərinə xına və toy mərasimi üçün salonumuzda musiqiçi qrupu sifariş etdilər və musiqi xidməti üçün də 650 manat ödəyəcəklərinə dair razılaşdılar. Həmçinin qonşu olduğumuza görə Cavabdeh bizdən - İddiaçı1 nağd şəkildə 330 manat əlavə pul borc almışdır. Qonşumuz Cavabdeh bizə İddiaçı1 və İddiaçı2 ümumilikdə 1500 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq etsək də heç bir xeyri olmamış və pulumuzu qaytarmamışdır. Sonuncu dəfə yazılı öhdəlik götürmüşdür ki, 2022-ci ilin oktyabr ayının 10-da pulumuzu (borcunu) qaytaracaq. Lakin hal-hazırda bildirir ki, pulum yoxdur qaytara bilmirəm. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət edirik. İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında cavabdehlə qonşu olduqlarını, toylarda musiqi qrupu ilə birlikdə ifaçı kimi iştirak etdiyini, Cavabdeh 3 ay bundan əvvəl 7-8 oktyabr tarixlərində oğluna xına və toy edəcəyini bildirib, həmin mərasimlərdə ifaçı kimi musiqi qrupu ilə birgə iştirakını xahiş etdiyini, qiyməti isə 650 manata razılaşdıqlarını, qonşu olduqları üçün beh tələb etmədiyini, toydan bir həftə qabaq İlhama zəng edib sifarişində qərarlı olub-olmadığını soruşduğunu, bunun qarşılığında isə qərarlı olduğunu, mütləq bizim getməli olduğumuzu bildirdiyini, toydan bir gün əvvəl, oktyabr ayının 6-da isə cavabdehin zəng edərək toyda musiqinin təşkili üçün başqa musiqi qrupu ilə danışdığını, bizim iştirakımıza ehtiyac olmadığını bildirdiyini, məhərrəm ayından sonraya təsadüf etdiyi üçün 7-8 oktyabr tarixlərinə kifayət qədər insanın musiqi qrupu üçün müraciət etməsinə baxmayaraq heç bir sifarişi qəbul etmədiklərini, toylardan əldə olunan gəlirdən zəruri xərcləri çıxdıqdan sonra qalan məbləği qrup üzvlərinin arasında bərabər böldüklərini, lakin cavabdeh vaxtında xəbərdar etmədiyindən digər sifarişlərdən əldə olunacaq gəlirlərdən məhrum olub zərər etdiklərini, Nehrəm qəsəbəsində 2 ədəd musiqiçi qrupunun olduğunu, qəsəbə böyük olduğundan və məhərrəm ayından sonraya təsadüf etdiyi üçün həmin tarixlərə tələbin də yüksək olduğunu, musiqi qrupunun digər üzvlərinə zərərini əvəzini ödədiyini, bundan əlavə cavabdehə 2020-ci ildə oğlu İbrahimov Aminin müalicəsi məqsədilə 330 manat borc pul verdiyini, qısa müddət ərzində qaytaracağına dair söz verməsinə baxmayaraq bu günə qədər geri qaytarmadığını, 08 oktyabr 2022-ci il tarixdə etiraf ərizəsi verərək borcunu etiraf etdiyini, lakin hazırda borcu ödəməkdən boyun qaçırdığını bildirmiş, sözügedən hallar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında Nehrəm qəsəbəsində gözəllik salonu işlətdiyini, cavabdeh, cavabdehin arvadı və gəlininin toydan 3 ay əvvəl gözəllik salonuna gələrək 8 oktyabrda baş tutacaq toy mərasimi üçün gəlinlik sifariş etdiklərini, qonşu olduqlarına görə yeni geyinilməmiş gəlinliyi onlara təklif etdiyini, toy üçün həmin gəlinlik barədə 400 manata razılaşdıqlarını, gəlinin bədən ölçülərini götürüb gəlinliyi uyğunlaşdırmaq üçün dərzi ilə danışdıqlarını, bundan əlavə 7 oktyabrda baş tutacaq xına mərasimi üçün gəlinin saç, makyaj və dırnağının bəzədilməsi üçün həmin tarixi qabaqcadan bron etdiklərini, qonşuluq xatirinə qiymətdə endirim edib 70 manata razılaşdıqlarını, beh almadığını, məhərrəmlik ayından sonra kifayət qədər toy mərasimi ilə bağlı 8 oktyabr tarixindən əvvələ həmin gəlinlik üçün sifarişlərin gəldiyini, lakin cavabdehin oğlunun toy mərasiminə görə ilk dəfə geyiniləcək gəlinlik qiymətinə razılaşdıqlarından gəlinliyi heç kimə vermədiyini, cavabdehin gəlininin isə toy günü başqa bir yerdən gedib gəlinlik götürüb, bəzək işini başqa bir salonda etdirdiyini, bununla bağlı nəinki toydan əvvəl, toy günü belə məlumat vermədiklərini, bu səbəbdən mən digər sifarişlərdən əldə olunacaq gəlirlərdən məhrum olmuşam, bundan başqa cavabdehin qızının 2022-ci ilin mart ayında olan toyu ilə bağlı gəlin bəzəyinə görə 50 manat borcu qaldığını, həmin borcu da bu günədək ödəmədiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya olan borcunu etiraf edərək oğlu Amil İbrahimovun toy mərasiminin 2022-ci ilin 7-8 oktyabr tarixlərində baş tutduğunu, bununla bağlı olaraq toya 3 ay qalmış ifa üçün İddiaçı1 və onun oxuduğu musiqiçi qrupu, gəlinin bəzək və gəlinliyi üçün isə İddiaçı2 gözəllik salonuna sifariş verdiklərini, ifa üçün İddiaçı1 ilə 650 manata razılaşdıqlarını, İddiaçı2 ilə isə gəlinlik və bəzək üçün 470 manata danışdıqlarını, lakin bəzi səbəblərdən həmin sifarişlərdən imtina etməli olduqlarını, toyda başqa şəxslərin xidmətlərindən istifadə etdiklərini, iddiaçılara isə qabaqcadan məlumat verməli olduğu halda məlumat verməyib onları zərərə saldığını, həmçinin Telmana 330 manat, Laləyə isə 50 manat əvvəlcədən borcunun olduğunu, tələb olunan zərəri və borcu tam etiraf etdiyini bildirmişdir. Həmçinin mülki iş üzrə məhkəmə baxışı iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə İddiaçı1 980 manat, İddiaçı2 isə 520 manat borcu olduğunu etiraf etdiyini bildirmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 980 (doqquz yüz səksən) manat pul alınaraq İddiaçı1, 520 (beş yüz iyirmi) manat pul alınaraq İddiaçı2 ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin İddiaçı2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 980 (doqquz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı1 ödənilsin. Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı2 ödənilsin. İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddiaçı2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-508/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-508/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver