Məhkəmə qərarları › İş №2(079)-532/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-532/2024

13.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-532/2024 13.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İş № Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, uşağın böyüdükcə saxlanılması, həkim xərcləri və s. nəzərə alınıb aliment məbəğinin Prezidentin sərəncamına əsasən 235 manata çatdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Babək Rayon Məhkəməsinin xx.xx.2022 tarixli qətnaməsi ilə mənimlə Cavabdeh ilə bağlanan nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq xx.xx.2021-ci il tarixdə birgə nikahdan olan X1 üçün xx.xx.2022 tarixli, 2(079)- 330/2022 nömrəli qərardadı ilə 100 azn aliment kəsilmişdir. Kəsilməsinə baxmayaraq qeyd olunan məbləğ vaxtında ödənilmir. Bildirmək istəyirəm ki, kəsilmiş 100 AZN aliment uşağın saxlanılmasına yetmir. Uşağın ərzaq, geyim, həkim xərcləri və digər xərcləri işləmsiz vəziyyətə gətirib çıxardıb. Onu da qeyd etmək istəyirəm ki, cavabdeh uşaq dünyaya gələndən bəri uşağın saxlanılmasında aliment xaric heç nə ilə maraqlanmayıb. Uşağın bütün qayğısı, ehtiyacı mənim üzərimdədir. Uşaq böyüdükcə atasına qayğı və tələb hisləri artsa da cavabdeh buna qarşı heç bir diqqət və qayğı göstərməyib. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı uşağın saxlanılması üçün eyni zamanda işləyirəm, lakin bu belə bəzən yetərsiz olur. Mən "xxxx" MMC şirkətində mühasib vəzifəsində işləyirəm. Aylıq 350 azn maaş alıram. Lakin bu məbləğ uşaq və mənim üçün yetərli olmur. Bu səbəblərə görə aliment məbləğinin artırılması üçün iddia qaldırmaq məcburiyyətində qalmışam. İddiaçı keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılması ilə bağlı iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirərək 27 dekabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Babək Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 235 AZN sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödəniməsi şəklində baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında, hazırda "xxxx" MMC şirkətində mühasib işləyib 350 manat maaş aldığını, həmin pulun uşağın saxlanmasına kifayət etmədiyini, cavabdehin müəyyən edilən alimenti də vaxtında ödəmədiyini, təhsilini xaricdə davam etdirmək istədiyini, amma uşağı da ölkədən kənara çıxara bilmədiyini, cavabdehin razılıq vermədiyini, ən azından alimenti vaxtında ödəməli olduğunu, hər dəfə buna görə icra şöbəsinə müraciət etməli olduğunu, cavabdehin uşaqla maraqlanmadığını, onu heç vaxt görmədiyini, alimentin artırılmasını tələb etdiyini, çünki təyin olunan alimentin də uşağın saxlanılmasına kifayət etmədiyini, 2024-cü ilin may ayından işlədiyini, uşağını çətinliklə saxladığını, 2021-ci ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarının pozulduğunu və uşağın saxlanması üçün 100 manat alimentin alınıb ona ödənilməsinin müəyyən edildiyini, cavabdehin Türkiyədə işlədiyini, lakin işi ilə bağlı məlumatının olmadığını, cavabdehin ailəli olanda burada bazarda satıcı kimi işlədiyini, 2-3 il bundan qabaq atası ilə Türkiyədə işləyib 1000 manata yaxın pul qazandığını, indi daha çox qazandığını güman etdiyini, uşağın 3 yaşı olduğunu, özü işdə olarkən uşağa anası və xalasının baxdıqlarını, qızının doğum zamanı başında 17mm-lik qan yığını olduğunu, indi də ona görə müalicə aldığını, qızının bir az sıxıntı keçirən kimi spazma keçirdiyini, özünün ali təhsilli olduğunu, başqa gəlirinin olmadığını bildirmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında cavabdehin indiyə qədər uşağı ilə bir dəfə belə olsun maraqlanmadığını, uşaq doğulduqdan sonra onları xəstəxanadan götürmək üçün gəlmədiyini, indiyə qədər övladını görmədiyini, ünsiyyətdə olmadığını, 3 yaşına qədər Melisanı valideynlərinin dəstəyi ilə təkbaşına böyütdüyünü, indidən sonra da qızını saxlamağa hazır olduğunu, 100 manat ödəməklə atalıq edilmədiyini, onun qızına dair hüquqlarından əl çəkməsi müqabilində alimentdən ümumiyyətlə imtina edə biləcəyini, onsuz da ödədiyi alimentin heç nəyi qarşılamadığını bildirmiş, sonda iddiadan imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında qızını indiyə qədər görmədiyini, nikahdan sonra 3 il övladlarının olmadığını, cavabdehin aliment üçün uşağın olmasını gözlədiyini, uşaq doğulduqdan sonra isə uşağı da götürüb ata evinə getdiyini və ondan sonra da nikahlarının pozulduğunu, qızına qarşı heç bir hissinin olmadığını, onun canından olsa da onu övladı kimi hiss etmədiyini, bunun üçün ata ilə uşağın ünsiyyətinin şərt olduğunu, lakin indiyə qədər ünsiyyətlə bağlı məhkəməyə müraciət etmədiyini, özünün qarşı tərəfin alimentdən imtinası ilə razılaşdığını, 1 ildən çoxdur Türkiyədə yaşayıb işlədiyini, indi isə müddətdən artıq qaldığı üçün deport olunduğunu, ən azından orada olanda ayda 700 manat əmək haqqı aldığını və alimenti göndərdiyini, amma qayıtdığı 1 ay ərzində heç bir işinin olmadığını, fəhləliyə belə gedə bilmədiyini, vlideynlərinin əməliyyat və dərman xərclərini, özünün qidalanmağını ancaq çatdırdığını və iddia tələbini qəbul etmədiyini, valideynlik hüquqlarından əl çəkməyə alimentdən imtina müqabilində razı olduğunu bildirmiş, iddiaçının iddiadan imtinası nəzərə alınaraq iş üzrə icrataa xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 27 dekabr 2014-cü il təvəllüdlü X2 dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin hazırda qüvvədə olan 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan X2 ananın yanında saxlanıması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. Belə ki: - nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulmasının Babək rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə qeydə alınması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 788015 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 27 dekabr 2021-ci il təvəllüdlü X5 adlı övladlarının olması; - mülki işə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-330/2022 nömrəli qətnaməsindən tərəflər arasında bağlanmış nikahın pozulması, X2 ananın yanında saxlanılması və 16 iyun 2022-ci il tarixdən hesablanmaqla, 27 dekabr 2021ci il təvəllüdlü X2 ananın yanında saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq uşağın anası İddiaçı ödənilməsinin qət edilməsi müəyyən olunur. 13 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbi ilə iddia qaldırdığını, hazırda iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdiyini, MPM-in 191.2-ci maddəsinin tələblərinin ona izah olunduğunu bildirmişdir. İddiaçının iddiadan imtinasını nəzərə alan məhkəmə qeyd edir ki, MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-52.3-cü maddələri). MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM-in maddə 52.5-ci maddəsi). Məhkəmə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiaçının iddiadan imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsinə əsas verən MPM-in 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Belə ki, iddiaçının AZEMİS-dən gəlir məlumatları üzrə çıxarışdan onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib işləyib 350 manat əmək haqqı almasını və iddiaçının onun özünün uşağı saxlamaq iqtidarında olduğuna dair izahatını nəzərə alıb belə hesab edir ki, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənləri və MPM-in 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar