Məhkəmə qərarları › İş №2(079)-54/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-54/2023

21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-54/2023 21.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçı X2 və Cavabdeh iştirakı ilə, X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “26” dekabr 2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin “11” yanvar 2022-ci il tarixli, 2(079)-05/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 21 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 11 sentyabr 2014-ci il tarixdə Babək rayon qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşuq. Bizim həmin nikahdan 21 avqust 2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh ilə aramızda olan nikah Babək Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən Məryəm mənim yanımda saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh M. Eminovdan hər ay 115 (bir yüz on beş) manat miqdarında aliment tutulması qət edilmişdir. Mən Məryəmlə birlikdə atam evində yaşayıram. Hal-hazırda heç bir yerdə işləmirəm. Bu səbəbdən də maddi imkanım yaxşı deyil. Cavabdehin uşağa ödədiyi 115 (bir yüz on beş) manat onun maddi tələbatını qarşılamağa yetmir. Məryəm ikinci sinifdə oxuyur, elə yaş həddindədir ki, onun təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Ancaq aldığım ailment bu gün onun təminatını ödəmir və tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm, mənə valideynlərim dəstək olub, maddi köməklik göstərirlər. Hazırda hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Məryəmin yaşı artdıqca xərcləri də artır. Bu səbəbdən də Məryəmin saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Qeyd edirəm ki, cavabdeh işləyir və yüksək məbləğdə qazanc əldə edir. Hesab edirəm ki, bu günkü gün bir uşağın saxlanılması üçün ayda 193 (bir yüz doxsan üç) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. İddiaçı X6 məhkəmədə verdiyi izahatında cavabdehlə 2014-cü ildə ailə qurduqlarını, həmin nikahdan bir uşaq olduğunu, 2021-ci ilin fevral ayından ayrı yaşadıqlarını, 2022-ci ilin yanvar ayının 11-də nikahlarının pozulduğunu, uşağın saxlanılması üçün 115 manat aliment müəyyən edildiyini, cavabdehin alimenti indiyədək vaxtlı-vaxtında verdiyini, verdiyi alimentin uşağın tələbatını ödəmədiyini, uşağın 2-ci sinifdə oxuduğunu, qızının əvvəllər Babək rayonu, Məmmədrza Dizə kəndində oxuduğunu, hazırda isə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə təhsil aldığını, həmçinin uşağın astma-bronxit xəstəliyindən əziyyət çəkdiyini, özünün işləmədiyini, 2022-ci ilin dekabr ayında özünün yeni ailə qurduğunu, bu səbəbdən Naxçıvan şəhərində yaşadığını, qızının da özü ilə qaldığını, bu səbəbdən onun təhsil aldığı məktəbin dəyişdiyini, cavabdehin qızının saxlanılmasında iştirak etməsini istədiyini, onun iş yeri və əmək haqqı ilə bağlı arayışı aldığını, qarşı tərəfin aylıq qazancı barədə əlavə sübutunun olmadığını, cavabdehin ötən müddətdə uşağın ad günü, Novruz və Yeni il bayramları olmaqla 3 dəfə Məryəmi gəlib gördüyünü, Yeni il bayramında uşağa paltar aldığını, bundan başqa isə elə böyük bir əşya almadığını qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçı ilə 2014-cü ilin sentyabr ayının 14də ailə qurduqlarını, birgə nikahlarından bir usaq olduğunu, 2021-ci ilin yanvar ayından ayrı yaşadıqlarını, 2022-ci ilin yanvar ayında isə nikahlarının pozulduğunu, uşağın anasının yanında qaldığını, məhkəmənin qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay ondan 115 manat miqdarında aliment tutulun qarşı tərəfə ödənilməsinin müəyyən edildiyini, özünün hər ay 115 manat alimenti, 5 manat isə poçt xərcini ödədiyini, icra məmuruna dəfələrlə iddiaçının hesab açmasını bildirməsini xahiş etdiyini, ancaq iddiaçının bunu etmədiyini, özünün Naxçıvan Şəhər Yol İdarəsində işlədiyini, yemək pulu ilə birlikdə hər ay 470 manat əmək haqqı aldığını, iddiaçıya verdiyi aliment pulundan əlavə uşağa ildə 3-4 dəfə nəsə alıb göndərdiyini, özünün hazırda subay olduğunu, anası ilə birlikdə yaşadığını, iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanının olmadığını, aliment pulunun 5 manat məbləğində artırılmasına etiraz etmədiyini, keçən ildən bu ilədək maddi vəziyyətində hər hansı dəyişiklik olmadığını qeyd edərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, əvvəllər tərəflər arasında nikah bağlanması, həmin nikahdan onların X4 adlı uşağın dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından olan uşağın iddiaçının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 115 (bir yüz on beş) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin “11” yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 11 sentyabr 2014-cü ildə nikah bağlanması; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 noyabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 308162 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından 21 avqust 2015-ci ildə X4 adlı uşağın dünyaya gəlməsi; -iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin “11” yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahlarından olan uşağın iddiaçının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 115 (bir yüz on beş) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi, Babək Rayon Məhkəməsinin “11” yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. X2 Cavabdeh birgə nikahlarından olan uşağın saxlanılması üçün Babək Rayon Məhkəməsinin “11” yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, yəni artırılmasını tələb etməsi mülki işin mübahisəli halıdır. İşin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə məhkəmə bildirir ki, iddiaçı tələbində soyadı “Eminova” kimi qeyd etsə də işə baxılması zamanı onun soyadı dəyişdirərək, “Səttarova” olduğundan, iddia tələbinə X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması kimi baxılmışdı. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşaqların saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “11” yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı tərəf Babək Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. O, ailə quraraq Naxçıvan şəhəri ərazisində yaşadığını və uşağının da bununla bağlı təhsil aldığı məktəbi dəyişdirməsini bildirsə də, bu fakt "Elektron Məhkəmə" informasiya sistemindən onun barəsində olan qohumluq məlumatlarından öz təsdiqini tapmır. İddiaçı tələbini uşağın təhsil aldığı məktəbin Babək rayonu ərazisindən Naxçıvan şəhərinə dəyişməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi, özünün heç bir yerdə işləməməsi, Cavabdeh Naxçıvan Şəhər Yol İdarəsində işləməsi və yüksək qazanc əldə etməsi ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X11 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması Əsmər Namiq qızı birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 193 (bir yüz doxsan üç) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Lakin uşağın təhsillə bağlı yaranmış ehtiyaclarını və iddiaçının bununla bağlı çəkdiyi xərci, həmçinin ötən illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını nəzərə alan məhkəmə belə hesab edir ki, X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması Əsmər Namiq qızının tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Naxçıvan Muxtar Respublikası X7 Agentliyinin Naxçıvan Şəhər Yol Təmir Tikinti İdarəsində fəhlə işləməsi, onun aylıq əmək haqqının 350 manat olması qeyd edilir. Həmçinin həmin idarə tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 50 nömrəli arayışda Cavabdeh orta aylıq əmək haqının 470 manat olması göstərilmişdi. Bu isə iddiaçının tələbində qeyd etdiyi Cavabdeh yüksək əmək haqqı almasını təsdiq etmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin bundan sonra aliment ödənilməli olan dövrü nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 125 (bir yüz iyirmi beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (193x12= 2316. 2316-(12x115)=936). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, X6 dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 19 (on doqquz) manat, 05 (beş) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin “11” yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, 21 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 125 (bir yüz iyirmi beş) manat miqdarında aliment tutularaq uşağın anası X5 ödənilməli; - iddia qismən təmin olduğundan 19 (on doqquz) manat, 05 (beş) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “11” yanvar 2022-ci il tarixli, 2(079)-5/2022 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, 21 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 125 (bir yüz iyirmi beş) manat miqdarında aliment tutularaq uşağın anası X5 ödənilsin. Cavabdeh 19 (on doqquz) manat, 05 (beş) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar