Məhkəmə qərarları › İş №2(079)-540/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-540/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-540/2021 11.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyən e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “10” noyabr 2021-ci ildə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 23 yanvar 2019-cu il tarixli müqavilə üzrə 580 (beş yüz səksən) manat məbləğində ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, 23 aprel 2019-cu il tarixli müqavilə üzrə 78 (yetmiş səkkiz) manat məbləğində ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 723 (yeddi yüz iyirmi üç) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə (və ya iddia ərizəsi) ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsində kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin forma və məzmunu öz əksini tapıb. Həmin normanın tələbindən görünür ki, ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar göstərilməlidir (284-3.2 və 284-3.2.4-cü maddələr). İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəsində öz tələbin əsaslığını təsdiq edən sənədləri göstərməmişdi. Yuxarıda qeyd edilənlər isə özlüyündə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizənin forma və məzmununa əməl etməməsini təsdiq edir. Bundan əlavə iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 23 aprel 2019-cu il tarixli, 00627117 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 2.2, 2.3 və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmeti təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malları ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - 2.4-cü bəndə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; -2.5-ci bəndə görə müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir; -2.6 və 2.7-ci bəndlərdə qeyd edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamı ilə mala mülkiyyət hüququ müştəriyə keçir. Müqavilənin əlavəsinə əsasən bütün ödəmələr mal müştərinin mülkiyyətinə keçənədək avans kimi qəbul edilir; -3.1 və 3.2-ci bəndlərin tələbinə görə müştəri müqavilənin şərtlərini pozduğu halda malı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə geri qaytarmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 3.1-ci bənddə müəyyən edilmiş qaydada qaytarılmış malın, həmçinin 3.15-ci bənddəki hala aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir; -3.11-ci bəndə əsasən müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öhdəliklərini pozarsa, hər hansı bir səbəbdən onu qaytararsa və ya başqa formada mala dəyişərsə, bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malı müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə qeyd edilmiş dəyərini tam şəkildə ödəməlidir; - 4.3-cü bənd ilə müəyyən edilir ki, müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir. - müqaviləyə edilmiş əlavənin 2-ci, 3-cü və 5-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür. Müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır , bu zaman mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özü və ya onun müəyyənləşdiriyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 36 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Tərəflər arasında bağlanmış 23 aprel 2019-cu il tarixli, 00627117 nömrəli müqavilənin ümumi mahiyyətindən görünür ki, onlar arasında olan razılığa əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş malları cavabdehə verməli, sonuncu onların dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada ödəməli, malların dəyəri tam ödənilənədək onlardan istifadə hüququ cavabdehə, mülkiyyət hüququ isə iddiaçıya aid olmalıdır. Malların mülkiyyət hüququ onların tam dəyəri ödənildikdən sonra cavabdehə keçir və mülkiyyət hüququ ona keçənədək Cavabdeh tərəfindən onların dəyəri kimi ödənilmiş pullar avans kim qəbul edilir. Həmçinin müqavilə şərtlərindən o da müəyyən edilir ki, onun şərtləri pozulduğu halda mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə saz və korlanmamış vəziyyətdə borclu tərəfindən ona geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malı müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə qeyd edilmiş dəyərini tam şəkildə ödəməlidir. Sonuncu qeyd edilən müqavilə şərtindən görünür ki, iddiaçının Cavabdeh verdiyi malların dəyərini tam ödənilməsi tələb etməsi üçün ilkin olaraq cavabdehə verdiyi malı geri tələb etməli, sonuncu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan malları saz və korlanmamış vəziyyətdə geri qaytara bilmədikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh onların dəyərini tam ödənilməsini tələb etməlidir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləri üzrə borclunun öz öhdəliyini icra etməməsini əsas gətirərək, cavabdehdən həmin müqavilə üzrə yaranmış borcun, yəni əmlakın dəyərinin tam ödənilməsini tələb etsə də, cavabdehdən 23 aprel 2019-cu il tarixli, 00627117 nömrəli alqı-satqı müqaviləsi üzrə ona verilmiş malların geri qaytarılması tələb etməsi və malların geri qaytarılmasının mümkünsüzlüyünü təsdiq edəcək sübut təqdim etməyib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-ci maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə belə hesab edir ki, “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsi ilə müəyyən edilir ki, ərizənin həmin Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözü gedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 27 sentyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan iddiaçı “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları, Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 27 sentyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar