Məhkəmə qərarları › İş №2(079)-547/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-547/2025

09.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-547/2025 09.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 11 avqust 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 900 manat və iş üzrə ödəmiş olduğu 30.00 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayon Kültəpə kəndində yaşayıram, özümün kombaynım var. Həmin kombaynla biçin işləri ilə məşğul olmaqla qazanc əldə edib, ailə-uşağımı saxlayıram. 2024-cü ilin sentyabr ayında Babək rayonu, Sirab kənd sakini Cavabdeh mənə müraciət etdi ki, Babək rayonu, Hacıvar kəndində 20 hektar məkə əkmişəm onu biç, pulunu verim. Mən onunla 1 hektarını 85 manata, 20 hektarını isə 1700 manata razılaşıb, 3 dəfəyə biçdim, lakin Şahlar mənim zəhmət haqqım olan 1700 manat pulu vermədi. Təqribən 20 gün keçəndən sonra mən Şahlarla razılasıb, ondan 50 kv.metr, 1 kvadrat metri 16 manatdan, 800 manat dəyərində evin həyətinə döşəmək üçün daş götürdüm. Həmin vaxt əlavə döşəmə daşı olmadığından mənə bildirdi ki, 10 gündən sonra daşı gətirəcəm gəlib apararsan. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Şahlar nə daş gətirdi, nə də ki, qalan borcu olan 900 manatı qaytarır. Mən ona dəfələrlə zəng vurub, qalan borcunu ödəməyi dəfələrlə tələb etsəm də, o birmənalı olaraq borcunu ödəməkdən yayınır. Artıq telefon zənglərimə belə cavab vermir. Mən özümün həmin pula böyük ehtiyacım var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. İddiaçı 09 oktyabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəblərə görə məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında özünə məxsus traktorla Şahların Hacıvar kəndində yerləşən 20 hektar ərazini əhatə edən qarğıdalısının 1 hektarını 85 manata razılaşmaqla biçdiyini, cavabdehin ona 1700 manat verməli olduğunu, cavabdehin borcundan 800 manatını əvəzləşdirərək ona daş verdiyini, qalan 900 manatı isə vermədiyini bildirmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddiaçıya olan borcunu etiraf etdiyini, həmin əraziyə 22000 manatdan çox pul qoyduğunu, lakin buna baxmayaraq məhsul olmadığına görə zərərə düşdüyünü, bu səbəbdən iddiaçıya olan borcunu verə bilmədiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş üzrə cavabdeh iddianın etirafı barədə xx.xx.2025-ci il tarixli ərizəsini məhkəmə iclasında təqdim etmiş yə həmin ərizədə İddiaçı 900 (doqquz yüz) manat borcu olduğunu etiraf etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat miqdarında dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar