Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-571/2023 31.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq müəyyənetdi: İddiaçı «04» oktyabr 2023-cü il tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 2600 (iki min altı yüz) manat borcun və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhər “Dörd yol” Ticarət Mərkəzində 17 nömrəli mağazada işləyirəm. 02 may 2023-cü il tarixdə Cavabdeh 2800 manat dəyərində soyuducu və paltaryuyan almışdı. Həmin tarixdə 200 (iki yüz) manat miqdarının ilkin ödəniş ödəsə də, qalan 2600 (iki min altı yüz) manatı ödəməkdən imtina edir. Nə qədər pulumu istəsəm də, pulumu verməkdən boyun qaçırdı, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. İddiaçının tələbin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübut isə iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutdur. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Yuxarı Uzunoba kəndində rəsmi qeydiyyatda olması aydın olur. Məhkəmə 04 oktyabr 2023-cü il tarixli məktubla iddiaçının ərizəsinin surətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehə rəsmi qaydada vermişdi. Belə ki, mülki iş materiallarında olan sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə “09” oktyabr 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 24 may 2023-cü il tarixli razılaşmaya əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarını yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddia ərizəsinə əlavə edilmiş 24 may 2023-cü il tarixli borc sənədinin məzmunundan aydın olur ki, Cavabdeh İddiaçı bir ədəd paltaryuyan və bir ədəd soyuducu almış və onların dəyərini təşkil edən 2800 (iki min səkkiz yüz) manat pulu hər ay 250 (iki yüz əlli) manat olmaqla qaytarmağı üzərinə götürmüşdü. Tərəflər arasında olan razılaşmalardan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 24 may 2023-cü il tarixli borc sənədinin mahiyyətindən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malları cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən də görünür ki, öhdəliyin icrası üsulunu seçmək alıcıya məxsusdur. İddiaçı isə cavabdehə verdiyi malın dəyərinin ödənilməsini tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, 24 may 2023-cü il tarixli borc sənədində alqısatqı müqaviləsinin predmeti olan malların dəyərinin 2800 (iki min səkkiz yüz) manat olması qeyd edilsə də, iddiaçı həmin məbləğin 200 (iki yüz) manatının ödənildiyini bildirərək cavabdehdən 2600 (iki min altı yüz) manat tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsi ilə müəyyən edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki mübahisə üzrə iddia tələblərindən kənara çıxmaq üçün qanuni əsas müəyyən edilmədiyindən məhkəmə iddiaçının qeyd etdiyi məbləği qəbul edilən sayır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 46 (qırx altı) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; - həmçinin Cavabdeh 46 (qırx altı) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 46 (qırx altı) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-571/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-571/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver