Məhkəmə qərarları › İş №2(079)-572/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-572/2023

30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-572/2023 30.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabadeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 04 oktyabr 2023-cü il tarixdə Cavabdeh qarşı alimentin artırılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 07 may 2013-cü il təvəllüdlü X4, 08 mart 2017-ci il təvəllüdlü X3 və 02 oktyabr 2019-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında xx.xx.2012-ci il tarixdə Şahbuz rayonu Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə bağlanmış nikah Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi pozulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək mənim yanımda qalmaları müəyyən edilmiş Cavabdeh 07 may 2013-cü il təvəllüdlü X4, 08 maıt 2017- ci il təvəllüdlü X3 və 02 oktyabr 2019-cu il təvəllüdlü X1 üçün hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat miqdarında alimentin cavabdehdən tutularaq mənə ödənilməsi qət edilmişdir. Cavabdehin uşağa ödədiyi 270 manat aliment uşaqlarımın maddi tələbatını qarşılamağa yetmir. Uşaqlar elə yaş həddindədir ki, onun diğər xərclərinə, müalicəsinə də pul lazım olur. Aldığım aliment bu gün uşağımızın təminatını ödəmir və tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Uşaqlara aliment 2022-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladlarımızın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Qeyd edim ki, uşağın yaşı artdıqca xərcləri də artır. Övladlarımız artıq böyüyüb və ona görədə məsrəfləri yetərincə artmışdır. Bu gün 270 manatla uşağın təminatını ödəmək çox çətindir. Aldığım məlumatlara görə cavabdeh hazırda kifayət qədər qazancı vardır. Bu səbəbdən də hesab edirəm ki, cavabdeh alimenti ödəməkdə çətinlik çəkməyəcəkdir. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak etsəmdə, orada mübahisəmiz öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Qeyd edim ki cavabdehin qeydiyyat yeri barədə arayış əldə edə bilməmişəm Məhkəmədən xahiş edirəm bu barədə mənə köməklik göstərəsiniz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən tələbimin əsası kimi istinad edilən sübutlar: 1.Doğum akt qeydləri kitabından çıxarış; 2. Doğum haqqında şəhadətnamənin surəti; 3. Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-105/2022 nömrəli qətnaməsi; 4. Nikahın pozulması haqqında şəhadətnamənin surəti; 5. İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış. Babək Rayon Məhkəməsinin «05» oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülmüş və hazırlıq iclası təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etirazlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 35.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumu qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). İddia ərizəsinə əlavə olunmuş Babək rayon İcra Hakimiyyəti Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Babək rayon Zeynəddin kəndində yaşayır. İddia ərizəsinə əlavə olunmuş İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatları üzrə çıxarışdan belə məlum olur ki, İddiaçı Şahbuz rayonu Kiçikoba kəndində qeydiyyatdadır. Həmçinin elektron məhkəmə informasiya sistemindən cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları üzrə çıxarışdan belə məlum olur ki, Əzizli X8 rayonu Kiçikoba kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Belə olan halda iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunmuşdur. Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri də aidiyyət institutudur. Məhkəmə təcrübəsində aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Yuxarıda sadalananları və iş üzrə iddiaçının seçməsinə görə aidiyyət üçün əsasların mövcud olmadığını nəzərə alan məhkəmə belə hesab edir ki, iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir. MPM-in: - 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. - 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş üzrə tərəflərin rəsmi qeydə alındığı yer Şahbuz rayonu ərazisində olduğu üçün İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45.2, 45.3, 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət vermə müddəti bitdikdən sonra mülki iş Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar