Məhkəmə qərarları › İş №2(079)-577/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-577/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-577/2021 30.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və X2 qarşı borcun alınması tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “30” noyabr 2021-ci ildə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh1 və X1 onun xeyrinə 1451,37 (bir min dörd yüz əlli bir manat, otuz yeddi qəpik) manat əsas, 191,49 (bir yüz doxsan bir manat, qırx doqquz qəpik) manat miqdarında faiz borcu olmaqla, ümumilikdə 1642,86 (bir min altı yüz qırx iki manat, səksən altı qəpik) manat borcun, həmçinin ödənilmiş 36,60 (otuz altı manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və X3 oğluna qarşı olan iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdi. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. Həmin əsaslardan biri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamasıdır. Məhkəmə qanunvericiliyin sonuncu qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və X3 oğluna qarşı borcun alınması tələbinə dair ərizəsi icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 18 iyun 2019-cu il tarixli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi barədə ******* nömrəli müqavilə imzalanmışdı. Həmin müqavilənin 3.2-ci bəndində qeyd edilir ki, tərəflər arasında münasibətlər bu Xidmət müqaviləsi üzrə və Xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standart Şərtləri” ilə tənzimlənir. İddiaçı Cavabdeh1 əsas və faiz borcun qaytarılmasını tələb etsə də, ərizəyə əlavə edilmiş 18 iyun 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi barədə müqavilədən müqavilə tərəflərinin hüquq və vəzifələrini, yəni tərəflər arasında münasibətləri müəyyən etmək mümkün olmur. Yuxarıda qeyd edilən müqavilə şərtindən isə aydın olur ki, bu “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standart Şərtləri” ilə tənzimlənir. İddiaçı qeyd edilən şərtləri məhkəməyə təqdim etməmişdi. Qeyd edilən hal isə özlüyündə işin əhəmiyyətli hallarının müəyyən edilməsinə imkan vermir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və X3 oğluna qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və X3 oğluna qarşı borcun alınması tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar