Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-6/2025 10.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülərək yolun əvvəlki vəziyyətinə qaytarılması və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “24” iyun 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək rayon Qahab kənd sakini Cavabdeh tərəfindən Babək rayon Qahab kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə gedən yola istifadə və sahibliyə olan maneələrin aradan qaldırılaraq həyatyanı sahəsinə gedən bələdiyyəyə məxsus yoldan uzunluğu 10-15 metr olmaqla zəbt olunmuş yoluna ona məxsus divardan istifadə edilərək inşa edilmiş tikilinin sökülərək yolun əvvəlki vəziyyətinə qaytarılması, həyətyanı əraziyə istiqamətlənmiş cavabdehin evinə və qarajına quraşdırılmış su şırranının istiqamətinin dəyişdirilməsini, ona məxsus evin divarına inşa edilmiş tikilinin və evinin arxa hissəsində tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə Babək rayon, Qahab kəndində 0.14 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edilmişdir. Mən həmin evdə böyümüşəm. Hazırda ailə quraraq həmin fərdi yaşayış evində ailə üzvlərimlə birlikdə yaşayıram. Mənim həyətimlə qonşuluqda Cavabdeh evi və həyətyanı torpaq sahəsi yerləşir. Cavabdeh bələdiyyəyə məxsus həyətyanı sahəsinə gedən yoldan istifadə edərək özünə tikili (qaraj) inşa etmiş, bu da mənim evimə gedən yolun daralmasına səbəb olmuşdur, əlavə olaraq mənim qapımın yanına qapı açmışdır. Əlavə olaraq mənim həyatyanı torpaq sahəmə gedən yolun asfaltını sökərək, mənim evimə gedən yolu torpaq hala gətirmiş, küçədən evimə özümün gediş gəlişim çətinləşmiş, hətta avtomobilin gəlməsi qeyri-mümkün olmuşdur. Həmçinin cavabdehin evinə və qarajına quraşdırılmış su şırranı mənim həyətyanı ərazimə istiqamətləndirilmişdir. Oradan tökülən sular mənim torpaq sahəmə axıdılmaqdadır. Bu səbəbdən də həmin şırranın istiqamətinin dəyişdirilməsini istəyirəm. Əlavə olaraq qeyd edim ki, mənim evimin divarının yan hissəsinə cavabdeh tikili inşa etmişdir. Bu da mənim evimin nəm çəkməsinə səbəb olur. Bu səbəbdən də mənim evimin divarına inşa edilmiş həmin tikilinin sökülməsini istəyirəm. Qeyd edim ki, cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evimin arxa tərəfində evin himinin bərkidilməsi məqəsədi ilə tökülmüş yerdən 30 sm hündürlüyündə olan beton parçasının sökülməsini tələb etmişdir. Lakin bu qeyri-mümkündür, həmin beton parçası sökülərsə mənim evimin sağlamlığı və möhkəmliyi itəcəkdir. Bu da evimə uçma təhlükəsi yaradır. Əlavə olaraq qeyd edim ki, cavabdeh mənim evimin arxa hissəsində toyuq hini və ayaq yolu inşa etmişdir. Toyuq hini və ayaq yolu mənim evimə yaxın tikildiyindən pis qoxunun olması səbəbindən bizim evdə oturmaq mümkün olmur. Bu səbəbdən də həmin hissələrin də sökülməsini tələb edirəm. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunmasına baxmayaraq cavabdeh tərəfindən son illər ərzində inşa edilmiş özbaşına tikili qanunsuz olaraq inşa edilmiş, cavabdeh tərəfindən mənim hüquqlarım kobud şəkildə pozulmuşdur. Dəfələrlə mübahisənin həll olunması üçün qonşu Cavabdehlə danışmışam, lakin heç bir nəticəsi olmayıb. Hər dəfəsində cavabdeh yeni hadisələr çıxararaq mənim hüquqlarımı pozmuşdur. Bu səbəbdən də cavabdehdən həyatyanı sahəmə gedən bələdiyyəyə məxsus yoldan uzunluğu 10-15 metr olmaqla zəbt olunmuş yolda mənə məxsus divardan istifadə edərək inşa etdiyi tiklinin sökülərək yolumun əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirəm. Bu məsələ ilə bağlı həll yolu tapa bilmədiyimdən məhkəməyə müraciət etməli oluram. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi ilə məhkəməyə müraciət edən zaman özünə məxsus evin divarına quraşdırılmış tikilinin sökülməsi tələbi ilə iddia qaldırdığını, məhkəmə araşdırması zamanı evinin arxasına divar hörüldüyü nəzərə alınmaqla iddia tələbinə həmin hissədə üçkünc formada evin divarına bitişik inşa edilmiş divarın hörülməsi şəklində baxılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında evinin arxa hissəsində tikilən tikililərin sökülməsini, ona yaxın əkilən ağacların çıxarılmasını, həyətyanı sahəsinə gedən yolun əvvəlki vəziyyətinə qaytarılmasını və oradakı qapının sökülməsini, cavabdehin evinin arxasında sanitar qovşaq və toyuq hininin olduğunu, evinin yanındakı tikilinin evinə bitişik olaraq tikildiyini, cavabdehin ailəsi həmin məhləyə köçəndə öz evinin artıq hazır olduğunu, sonradan həmin tikililərin hamısının orada tikildiyini, öz evinin möhrədən olduğunu, cavabdehin də ona qarşı iddia qaldıraraq evinin arxasına verilmiş köhnə betonun sökülməsini tələb etdiyini, həmin betonun niyə sökülməli olduğunu anlamadığını, çünki həmin betonun onun evinin divarını uçmaqdan qoruduğunu, öz şiferinin novdanından gələn suyun cavabdehin həyətinə töküldüyünü, bunun illərdir, əvvəlcədən belə olduğunu, bunun qarşılığında onun novdanından gələn suyun da öz həyətindən keçən arxa töküldüyünü, yolun əvvəlki eninin 4 metr 30 santimetrdən ibarət olduğunu, həmin əvvəlki vəziyyətin bərpa olunmasını tələb etdiyini, evinin arxa hissəsindəki tikililərin də sökülməsini tələb etdiyini, cavabdehin qohumları vasitəsilə onunla aralarında mübahisənin həlli ilə bağlı razılıq əldə olunduğunu, belə ki, cavabdehin qaynının mübahisənin həllində vasitəçilik etdiyini, həmin betonun sökülməməsi və novdanın düzəldilməsi barədə razılığa gəldiklərini, usta gətirib novdanı düzəltdirəcəyini, amma cavabdehin də öz öhdəliyinə düşəni yerinə yetirməli olduğunu, ondan qapının sökülməsini və betona dəyilməməsini xahiş etdiyini, lakin daha sonra barışığın baş tutmadığını, həmin şiferin kəsilib düzədilməsi üçün Daşqın adlı usta gətirdiyini, cavabdehin özünün də orada olduğunu, Daşqın ustanın Buluda “Əgər sən usta gətirəcəksənsə elə həmin usta da şiferi kəsib vursun, su beləcə digər şiferin üzərinə töküləcək, mənim vaxtım yoxdur, mənə verdiyiniz pulu həmin ustaya verin” dediyini, özünün də Buluda “Sən nə vaxt usta gətirsən, divarı hördür və şiferi vurdur, mən də pulu nə qədər edir verərəm” dediyini, bu şərtlərlə razılaşdıqlarını, lakin axşam cavabdehin razılaşmaya əməl etmədiyini, genişləndirilməsini tələb etdiyi yolun bələdiyyə mülkiyyətinə daxil olduğunu, yolun Buludun son illər inşa etdiyi tikililər hesabına daraldığını, əvvəllər oranın yerinin asfat örtük olduğunu, Bulud tikililəri inşa edərkən həmin asfaltın da dağıldığını, həmçinin yolunun da böyük maşınların girməsinə mane olacaq qədər daraldığını, özünün şəxsi maşını olduğunu və həyətinə rahat girib-çıxdığını, lakin mal-heyvan saxladığını və gələcəkdə həyətinə heyvan yemi gətirəndə onu yolun başına töküb oradan daşıyıb öz həyətin gətirməli olduğunu, çünki yükdaşıyan maşınların həmin bələdiyyəyə məxsus evinə gedən yola girişinin mümkün olmayacağını, əslində Buludun yolunun əvvəllər evinin digər tərəfindən olduğunu, daha sonra son vaxtlar yeni tikililləri inşa edəndə ortaq yola qapı açdığını, həmçinin onun şiferinin suyunun həmin yol vasitəsilə axıb gəlib öz həyətinə töküldüyünü, evin arxa tərəfində olan sanitar qovşaq və toyuq hininin evinin divarını içəridən nəmlətdiyini, divarların şəkillərini çəkib iddia ərizəsinə əlavə etdiyini, həmçinin Buludun keçən ildən evinin arxa divarı ilə ara məsafəsi saxlamadan tikili inşa etdiyini, halbuki evinin divarının arxasında ara məsafəsinin divarına nəzarət edə bilməsi üçün mütləq saxlanılmalı olduğunu, iddia ilə məhkəməyə müraciət etdikdən sonra Buludun evin divarının arxasına divar hördüyünü, həmin hissədə mübahisənin həllini tapdığını, lakin tikilinin içərisində üçkünc formada qalmış yarımtikilinin bağlanmalı qarşısının hörülməli olduğunu, belə ki, Buludun gələcəkdə həmin hissəni hər hansı təyinatda istifadə edə biləcəyini, bunun isə evinin divarının nəmləməsinə səbəb ola biləcəyini bildirmiş, həmin divarın sökülməsini tələb etsə də hazırda iddiasını dəqiqləşdirdiyini və üçbucaq formalı hissənin hörülüb bağlanması şəklində baxılmasını xahiş etdiyini bildirmiş, sonda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının dedikləri ilə razılaşmadığını, yeni tikililərin onun divarından 1 metr 30 santimetr aralı tikilməsini tələb etdiyini, lakin yeni tikdiyi əl damında buna əməl etmədiyini, iddiaçının divarı ilə ara məsafəsi saxlamadığını, lakin məhkəmə araşdırması dövründə Aslanın evinin divarının arxasına divar inşa etdiyini, cavabdehin betonunun onun həyətinə daş döşənməsinə mane olduğunu, həyətdə buna görə heç bir bərpa işləri görə bilmədiyini, iddiaçının novdanından gələn suyun da onun həyətinə gediş-gəliş yolunun üzərinə töküldüyünü, iddiaçının bildirdiyi qapısına gedən yolun özləri tərəfindən o vaxt öz həyətlərindən iddiaçıya verdiklərini, özü də iddiaçıdan həmin yolun borularını bərpa etməsini və maşınların onun evindən aralı getməsini tələb etdiyini, iddiaçının həmin boruları çıxardıb satdığını, tikdiyi sanitar qovşaq və hinin də onun evinə bitişik olmadığını, 1 metr aralı olduğunu, iddiaçının təklifinə etiraz etmədiyini, sadəcə bir neçə gün möhlət verilməsini xahiş etdiyini, iddiaçıya qarşı oxşar tələblərlə özünün də iddia qaldırdığını, usta çağırıb şifer çəkdirib suyun iddiaçının həyətinə tökülməsinin qarşısını almaq üçün müvafiq tədbir görəcəyinə, cavabdehin də şiferinin onun həyətinə keçən hissəni kəsib sərhəd nöqtəsinə qaytarcağına dair razılaşdıqlarını, sonradan razılığın baş tutmadığını, belə ki iddiaçının sözügedən şiferi sökmək üçün usta gətirmədiyini, bu səbəbdən də razılığın reallaşmadığını, evin arxasında inşa olunmuş hin və sanitar qovşağın isə demək olar ki, istifadə olunmadığını, onun evinə heç bir mənfi təsirinin olmadığını, həmin tikililərin əvvəllər, hələ həmin evə köçəndə valideynləri tərəfindən 50-60 il bundan əvvəl inşa olunduğunu, iddiaçının yağıntının onun həyətinə töküldüyünü iddia etdiyi şiferin valideynləri tərəfindən 1970-1980-ci illərdə vurulduğunu, daha sonra 1997-1998-ci illərdə özü tərəfindən zeşt şiferlə əvəz olunduğunu, həmin vaxtlar şırran olmadığı üçün oradan suyun birbaşa yola, oradan isə su arxına tökülüb getdiyini, həmin arxın da həmçinin Buludun da həyətindən keçdiyini, daha sonra 2021-2022-ci illərdə evin yanında qaraj və yardımçı tikilillər inşa etdiyini, həmin vaxt şırranı da qaraj tikilisinin üzərinə qoyduğunu və şırran düzəltdiyini və hazırda da həmin şırandan su arxına tökülüb oradan da Aslanın həyətindən keçən arxa töküldüyünü, bu səbəblərdən də iddia ilə razı olmadığını bildirmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında mübahisəli torpaq sahəsinin müayinəsi zamanı ölçmə işləri aparılarkən həyətyanı torpaq sahəsinə gedən yolun genişlənməsinin müşahidə olunduğunu, cavabdehin həmin torpağı zəbt etmədiyini, belə ki, torpaq islahatı aparılan zaman 176A kadastr nömrəli həyətyanı torpaq sahəsinə gedən yolun eninin 4,32 metr, həyətyanı sahəyə giriş hissənin isə 4,37 metr olması, 2017-ci ildə həyətyanı torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi zamanı Qahab kəndində yerləşən 176A kadastr nömrəli həyətyanı torpaq sahəsinə gedən yolun eninin 5,05 metr, həyətyanı sahəyə giriş hissənin isə 3,80 metr olması, faktiki ölçmə işləri nəticəsində isə 176A kadastr nömrəli həyətyanı torpaq sahəsinə gedən yolun giriş hissəsinin 5,41 metr, həyətyanı sahəyə giriş hissənin isə 4,50 metr olması müəyyən edildiyini, evin arxasına tikilən üçbucaq formalı yarımtikilinin sahəsinin 3,12 kvadrat metr olduğunu, eyni zamanda giriş qapısından həmin yarımtikiliyə qədər olan məsafənin 4,15 metr olduğunu, həmin yarımtikilinin və divarın evə nə qədər məsafədə olması ilə bağlı rəydə qeyd edilmədiyini, islahat zamanı həyətyanı sahəyə giriş hissənin eni 4,37 metr olsa da, faktiki ölçmə zamanı həmin hissənin eninin 5,41 metr olduğunun müəyyən edildiyini, həmin ölçülərin taxeometr cihazı vasitəsilə ölçüldüyünü bildirmişdir. Mülki işin materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edən məhkəmə müəyyən edir ki, Babək rayonu, Qahab kəndində yerləşən sahəsi 0.14 hektar olan torpaq sahəsinin İddiaçı, X3, X11, X14 və X4, həmin torpaq sahəsinə qonşu olan 0.17 ha torpaq sahəsinin isə Cavabdeh, X5, X2, X17, X16 və X12 ümumi mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iş materiallarına əlavə edilmiş: - JN seriyalı, 176A nömrəli, 10306018 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən Babək rayonu, Qahab kəndində yerləşən, sahəsi 0.14 hektar olan fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin İddiaçı, X3, X11, X14 və X4 ümumi mülkiyyətində olması; - JN seriyalı, 177A nömrəli, 10306018 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Qahab kəndində yerləşən, sahəsi 0.17 hektar olan torpaq sahəsinin Cavabdeh, X5, X2, X17, X16 və X12 ümumi mülkiyyətində olması müəyyən edilir. Məhkəmə iddia tələbinin bələdiyyəyə məxsus yoldan istifadə edilməklə cavabdeh tərəfindən inşa olunan tikilinin sökülərək evinə gedən gediş-gəliş yolunun əvvəlki vəziyyətinə qaytarılması tələbi ilə bağlı qeyd edir ki, ilk növbədə iddia qaldırmış şəxsin sözügedən tələbə münasibətdə müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan tərəflərə məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdən belə məlum olur ki, iddiaçının daralmasını iddia etdiyi yol gediş-gəliş yeri olmaqla tərəflərin mülkiyətində olan torpaq sahələrinin kəsişməsində yerləşir. Məhkəmə araşdırması dövründə cavabdehin son dövrlərdə inşa etdiyi yeni tikili nəticəsində həmin yolun daralmasını iddia edən iddiaçı cavabdehdən tikilinin sökülərək yolun əvvəlki vəziyyətə qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən məsələdə müvafiq subyektiv malikdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Oxşar norma Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Bununla belə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sözügedən halda bələdiyyə torpaqlarının mühafizəsinin həyata keçirilməsi müstəsna olaraq bələdiyyələrin səlahiyyətində olsa belə iddiaçının pozulmuş hüququnun bərpası üçün bələdiyyənin cavabdehə qarşı təsir imkanlarından istifadə etməsini gözləmək öhdəliyi yoxdur. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının genişləndirilməsini tələb etdiyi gediş-gəliş yeri bələdiyyə mülkiyyəti olmaqla iddiaçının əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək üçün bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri qaytarılmaqla bələdiyyə yolunun əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı tələb hüququnun zəruriliyi əsaslandırılmışdır. Bununla belə sözügedən hüququn pozulub-pozulmaması ilə bağlı məhkəmə qeyd edir ki, ekspert verdiyi rəydə qeyd etmişdir ki, torpaq islahatı aparılan zaman 176A kadastr nömrəli həyətyanı torpaq sahəsinə gedən yolun eni başlanğıcda 4.32 m (hazırda 5.41 m), həyətyanı torpaq sahəsinə giriş hissədə isə 4.37 m (hazırda 4.50 m) olmuşdur. Həmçinin mütəxəssis tərəfin keçirilmiş yerində müayinə nəticəsində verilmiş rəydə bildirilmişdir ki, torpaq islahatı aparılan zaman 176A kadastr nömrəli həyətyanı torpaq sahəsinə gedən yolun eni 4,32 metr, həyətyanı sahəyə giriş hissənin isə 4,37 metr olmuş, 2017-ci ildə həyətyanı torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi zamanı Qahab kəndində yerləşən 176A kadastr nömrəli həyətyanı torpaq sahəsinə gedən yolun eni 5,05 metr, həyətyanı sahəyə giriş hissəsi isə 3,80 metr təşkil etmiş, faktiki ölçmə işləri nəticəsində isə xx.xx.2024-cü il tarixdə 176A kadastr nömrəli həyətyanı torpaq sahəsinə gedən yolun giriş hissəsinin hazırda 5,41 metr, həyətyanı sahəyə giriş hissənin isə 4,50 metr olması müəyyən edilmişdir. Dövlət Şəhərsalma Norma Və Qaydaları “Şəhər, X25 Yaşayış Məskənlərinin Planlaşdırılması X7” AzDTN 2.6-1 - küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi zamanı hərəkət zolağının eninin metrlə 2,75-3,0 təşkil etməli olduğu müəyyən edilir. Belə olan halda iddiaçının mülkiyyətindən istifadəsinə şərait yaradan yolun cavabdehin müdaxiləsi nəticəsində daralması və bunun iddiaçının mülkiyyətindən manesiz istifadəsinə müdaxilə təşkil etməsi müəyyən olunmamışdır. Sözügedən halda tikilinin sökülərək yolun əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin evin arxasında hissəsində inşa edilmiş hin və sanitar qovşağın sökülməsi tələbi ilə bağlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında iddia tələbinin sözügedən hissəsi ilə bağlı hüquq münasibətlərinin yarandığı vaxtla əlaqədar olaraq qeyd edir ki, mülki iş materiallarında olan Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında qeyd olunur ki, Babək rayon Dövlət Arxivində mühafizə olunan Babək rayon Qahab kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyin 1983-1985-ci illlərə dair Təsərrüfatbaşına kitabında Cavabdeh adına ümumi yararlı sahəsi 40 m2 olan yaşayış evinin olması və həmin yaşayış evinin 1960-cı ildən tikilməsi müəyyən olunur. Həmçinin tərəflərin üst-üstə düşən izahatları və yerində müayinə nəticəsində mübahisəli yardımçı tikililərin (sanitar qovşaq və hin) də elə həmin vaxtdan inşa edildiyi, sonradan cavabdeh tərəfindən həmin tikililər barədə mübahisənin yaranmasına səbəb olan hər hansı dəyişiklik edilməmişdir. Beləliklə tərəflər arasında mövcud olmuş hüquq münasibətləri keçmiş Mülki Məcəllənin qüvvədə olduğu vaxt yarandığından sözügedən Məcəllənin müddəaları tətbiq edilməklə həll edilməlidir. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının hüquq pozuntusu barədə bilməli olduğu vaxt haqqında məsələ konkret işin halları nəzərə alınmaqla və mülki dövriyyənin hər bir iştirakçısının öz əmlak marağına aid ağlabatan diqqətin göstərilməsi ehtimalından irəli gələrək həll edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən iddia ilə vaxtında çıxış etməsi üçün yaşadığı tikiliyə ağlabatan diqqəti göstərmək üçün obyektiv amillər kifayət qədər mövcud olmuşdur, belə ki, tikililərin cavabdehin mülkiyyətində olan torpaqda iddiaçının evinin arxa hissəsində göz önündə olması, eləcə də iddiaçının bildirdiyi və tikililərin təyinatı nəzərə alınmaqla pis qoxunun hər zaman olması ehtimalı iddiaçının hüququnun pozulduğunu bilməli olduğu vaxtın elə hüquq pozuntusunun törədildiyi vaxtdan başladığını deməyə əsas verir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Qüvvədən düşmüş Mülki Məcəllənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən iddia tələbi üzrə iddia müddəti keçmişdir. Həmçinin qüvvədən düşmüş Mülki Məcəllədə iddia müddətinin keçməsinin tətbiq edilməsi üçün ərizənin verilməsi tələb olunmamış, iddia müddətinin keçməsi elə özlüyündə iddianın rədd edilməsi üçün əsas olaraq nəzərdə tutulmuşdur. Bununla belə, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarına əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Sözügedən qərarı nəzərə alan məhkəmə iddia tələbinin cavabdehin mülkiyyətində olan yardımçı tikililərin sökülməsinə dair tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin sözügedən hissədə qanuni əsasını qüvvədən düşmüş Mülki Məcəllənin 147-ci maddəsi təşkil edir. Sözügedən normaya əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. Həmçinin sözügedən məcəllədə məsələni birbaşa tənzimləyən qonşuluq hüquq münasibətlərinə dair normalar nəzərdə tutulmamışdır. Bununla belə məhkəmə hesab edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Məhkəmə hesab edir ki, sözügedən hal iddiaçının öz sahəsindən istifadə etməkdə ona maneçilik yaratmır və iddiaçının hüququ əhəmiyyətsiz dərəcədə pozulur və bu halda mülkiyyətçinin öz torpaq sahəsindən adi istifadəsindən törənmiş sözügedən təsirin öz sahəsinə qadağan edilməsi üçün əsaslar yoxdur. Həmçinin keçirilmiş məkhəmə tikinti-texniki ekspertizasının nəticəsində verilmiş rəydə ekspert sözügedən hissə ilə bağlı o nəticəyə gəlmişdir ki, fərdi yaşayış evindən aralıda inşa edilən sanitar qovşaq və hin (6.54 m2) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.6-cı bəndinə əsasən divarlarının hündürlüyü 3 metrdən, sahəsi və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi saxlanılması zəruri deyildir. Həmin məcəllənin 79.1.9-cu maddəsinə əsasən yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Məhkəmə iddia tələbinin Cavabdeh sahibliyində olan qarajın şiferindən axan yağıntı sularının onun həyətinə tökülməsinin qadağan olunmasına dair hissəsi ilə bağlı qeyd edir ki, sözügedən fakt yerində müayinə prosesi zamanı öz təsdiqini tapmış və elektron məhkəmə informasiya sistemi vasitəsilə fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında cavabdeh tərəfindən etiraf olunmuşdur. Həmçinin mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, tikilinin mübahisə doğuran sözügedən hissəsi cavabdeh tərəfindən 2021-2022-ci illərdə inşa olunmuş qaraj tikilisinin üzərinə qoyulmuş su kanalının təsiri nəticəsində yaranmışdır. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Cavabdeh fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında “qaraj tikilisinin şiferindən axan yağıntı suları yola, oradan isə cavabdehin həyətindən keçən arxa tökülməsi” faktını etiraf etmişdir, məhkəmə bunu iddiaçının izahatları və yerində müayinə protokolları ilə birlikdə tədqiq edərək qəbul edilə bilən olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddiaçı bu təsirin qadağan edilməsi ilə bağlı iddianı irəli sürməkdə subyektiv hüquqa malikdir və cavabdeh tərəfindən həmin hüquq pozulur. Belə ki, mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. - 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. - 152.5-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 169.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbinə haqq qazandıran qanuni əsas mövcuddur. Belə ki, yerində müayinə prosesi zamanı cavabdehin sahibliyində olan tikililərdən axan suyun gediş-gəliş yerinə, oradan isə su kanalı vasitəsilə iddiaçının həyəti ilə uzanan arxa istiqamətləndiyi müəyyən olunur. Ekspert verdiyi rəydə sözügedən hissə ilə bağlı o nəticəyə gəlmişdir ki, JN seriyalı, 177A nömrəli, 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Babək rayonu, Qahab kəndində yerləşən, sahəsi 0.17 hektar olan torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş tikilinin dam örtüyündə suyun axınını tənzimləmək üçün qoyulan və gediş-gəliş yoluna istiqamətlənmiş novalçanın qonşu sahədə JN seriyalı, 176A nömrəli, 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən sahəsi 0.14 hektar olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi baxımından Azərbaycan Respubliksının Şəhərsalma və Tikinti Məcəlləsinin Dam örtükləri 61.3-cü, Hasarların tikintisinə dair tələblərinin 73.4-cü maddələrinin tələblərinə uyğun deyildir. Azərbaycan Respubliksının Şəhərsalma və Tikinti Məcəlləsinin 61.3-cü maddəsinə görə səkilərin, ictimai istifadədə olan digər ərazilərin və ya giriş-çıxış yollarının üzərinə çıxan dam örtüklərində hərəkət təhlükəsizliyinin tələb etdiyi hallarda, qarın və buzun düşməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirləri nəzərdə tutulmalıdır. Həmin məcəllənin 73.4-cü maddəsinə görə isə qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən özbaşına tikilidə yeni quraşdırılmaların edilməsi zamanı (qaraj və digər yardımçı tikililər) tikililərin şaquli planlaşdırılması aparılarkən atmosfer yağıntılarının qonşu torpaq sahəsinə axmaması üçün müvafiq tədbirlər görülmədiyindən iddiaçının sözügedən hissədə hüquqları pozulmuşdur və iddia həmin hissədə təmin olunmaqla pozuntu aradan qaldırılmalıdır. Məhkəmə iddia tələbinin ona məxsus evin divarına bitişik inşa edilmiş üçkünc formada divarın hörülməsi tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, ekspert rəyinin müvafiq hissəsində o nəticəyə gəlmişdir ki, Cavabdeh Qasİmov Aslan Abbas oğlunun fərdi yaşayış evinə bitişik inşa etdiyi 3.12 m2 yarımtikili, fərdi yaşayış evindən aralıda inşa etdiyi sanitar qovşaq və hin (6.54 m2) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.6-cı bəndinə əsasən divarlarının hündürlüyü 3 metrdən, sahəsi və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi saxlanılması zəruri deyil. Məcəllənin 79.1.9-cu maddəsinə əsasən yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Həmçinin bir-birilə əlaqəli olan tərəflər arasında olan Cavabdeh İddiaçı qarşı qonşuluq hüququndan yaranan təsirlərin qadağan edilməsi və təsirlərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyində sözügedən hissə ilə bağlı ekspert o nəticəyə gəlmişdir ki, JN seriyalı, 177A.nömrəli, 10306018 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən sahəsi 0.17 hektar olan və iddiaçı Cavabdeh ümumi mülkiyyətində olan torpaq sahəsinə münasibətdə cavabdeh İddiaçı tərəfindən cəmi 150 m2 ölçüdə hissəsinə müdaxiləsi qeydə alınmışdır. Bununla da cavabdeh tərəfindən iddiaçının sənəd üzrə torpaq sahəsinin 150 m2 ölçüdə hissəsinə müdaxiləsi nəticəsində (iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində) tikilinin inşa olunması ilə iddiaçının öz torpaq sahəsində cavabdehin tikilisinə bitişik inşa etdiyi yarımtikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ üzrə “Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”nin 69., 69.1., 69.1.1., 69.1.2., 69.2., 69.3., 69.4., 69.5., 69.5.1., 69.5.2., 69.5.2-1., 69.6., 69.7., 69.7.1., 69.7.2., 69.7.3., 69.7.4. və 69.8. maddələrinin tələblərinə uyğundur. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə görə binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Bununla belə həmin məcəllənin 69.6-cı maddəsinə görə divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. Həmin məcəllənin 79.1.9-cu maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. İddiaçı tələbini həmin hissədə evinin divarının yan hissəsinə inşa edilmiş tikilinin divarın nəm çəkməsinə səbəb olması ilə əsaslandırmış, gələcəkdə bitişik hissədən istifadə təyinatının divara zərər verəcəyi ehtimalı ilə şərtləndirmiş və üçkünc formada inşa edilən sahəsi 3.12 m2 dən ibarət olan tikilidən istifadənin məhdudlaşdırılması üçün önünün hörülərək bağlanmasını məhkəmədən tələb etmişdir. Bununla belə məhkəmə onun tələbinə sözügedən hissədə haqq qazandıran qanuni əsasın olmadığı qənaətinə gəlir. Belə ki, tikililər arasında sözügedən ara məsafəsinin saxlanılması üçün qanunvericiliyin tələbi mövcud deyildir, iddiaçı isə tikililər arasında ara məsafəsinin saxlanılmaması nəticəsində mülkiyyətindən istifadəsinə maneələrin yaranması əsası ilə çıxış etmişdir. Məhkəmə iddiaçının mülkiyyətinə sözügedən hissədə hər hansı qəsdin edilmədiyi qənaətindədir, bunun əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Sözügedən halı nəzərə alan məhkəmə iddia tələbinin sözügedən hissədə təmin edilməməsi qənaətinə gəlir. Sonda məhkəmə bütün halları ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək rayonu, Qahab kəndində Cavabdeh ümumi mülkiyyətində olan 0.17 hektar torpaq sahəsində yerləşən qaraj tikilisinin üzərindən axan atmosfer yağıntılarının qonşu İddiaçı ümumi mülkiyyətində olan 0.14 ha torpaq sahəsinə axmaması üçün Cavabdeh tərəfindən mühafizə tədbirləri görülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iş üzrə məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından, iddia tələbi qiymətləndirilməyən iddia tələbinə aid olduğundan, İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib 25 (iyirmi beş) miqdarında hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək rayonu, Qahab kəndində Cavabdeh ümumi mülkiyyətində olan 0.17 hektar torpaq sahəsində yerləşən qaraj tikilisinin üzərindən axan atmosfer yağıntılarının qonşu İddiaçı ümumi mülkiyyətində olan 0.14 ha torpaq sahəsinə axmaması üçün Cavabdeh tərəfindən mühafizə tədbirləri görülsün. İddia qalan rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 25 (iyirmi beş) məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №2(079)-6/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-6/2025
10.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver