Məhkəmə qərarları › İş №2(079)-60/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-60/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-60/2025 16.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (və başqa gəlirlərinin) ¼ hissəsi məbləğində alimentin tutulması barədə Babək Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(079)-546/2024 №-li qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydasının dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə 235 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 13 iyul 2022-ci ildə Babək rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan bir övladımız olmuşdur: 04 iyul 2024-cü il təvəllüdlü X4. Cavabdehlə Babək Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə nikahımız pozulmuş, uşağın mənim yanımda saxlanılması və onun saxlanılması üçün cavabdehin hər ay qazancının və ( və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınb Ravinin yetkilik yaşına çatanadək saxlanılması üçün mənə verilməsi müəyyən edilmişdir. Hörmətli məhkəmə bildirirəm ki, cavabdeh hazırda işlədiyi X2 mühafizəçi işindən azad edilmişdir. İcra məmuru tərəfindən mənə bildirildi ki, onun pensiyasından hər ay 55 manat aliment alacaqsan. Mən isə işləmədiyimdən uşağın saxlanılmasında çətinlik çəkəcəyəm. Buna görə Babək Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment tutulma qaydasının dəyişdirilərək cavabdehdən övladının saxlanılması üçün 235 manat aliment alınıb verilməsini istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş doğum haqqında şəhadətnamələrin surətini, Babək Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qətnaməsinin surətini və mediasya arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm ki, iddia tələbimlə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin olunmasını məhkəmədən xahiş edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh aliment təyin olunduqdan sonra boyun qaçırmaq üçün 2024-cü ilin noyabr ayının 01-də işdən çıxmış, bu barədə icra məmuru tərəfindən ona məlumat verilmişdir, bundan sonra cavabdehin pensiyasından cəmi 50 manat pul ödənilir, özüm işləmirəm və uşaq 6 aylıq olduğundan ehtiyaclarını qarşılaya bilmirəm, cavabdeh isə uşaqla maraqlanmır, cavabdehdən 3 ayın aliment borcu olaraq birlikdə 650 manat tutulub ödənilsə də, daha sonra axırıncı ayın ödənişi 50 manat əmək haqqından tutularaq ödənilmişdir. Hazırda şəxs işləmədiyindən və gəliri olmadığından alimentin sabit pul məbləğinə keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə edilmiş Naxçıvan “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 215997 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin X4 adlı övladlarının 04 iyul 2024-cü il tarixdə doğulmuşdur. Mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(089)-546/2024 nömrəli qətnaməsindən belə məlum olur ki, qətnamə ilə tərəflər arasında bağlanmış nikahın pozulması, X3 anasının yanında saxlanılması, Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə biri miqdarında alimentin 14 avqust 2024-cü il tarixdən başlayaraq tutulub 04 iyul 2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı ödənilməsi qət olunmuşdur. Beləliklə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 04 iyul 2024-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır, uşaq hazırda anasının yanında yaşayır və məhkəmənin qətnaməsi ilə uşağın yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, cavabdehin işləyib sabit qazanca malik olması halı müəyyən edilməmişdir. Məhkəmə hazırda cavabdehin elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumata əsasən aldığı sosial müavinətə yönəldilən və tutulan aliment məbləği nəzərə alınmaqla alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının iddiaçının, dolayısı ilə də uşağın marağını əhəmiyyətli dərəcədə pozduğu qənaətinə gələrək alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğindı fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə Plenum qərarının sözügedən bəndlərini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu, uşağın məişət qayğılarının hazırda yanında yaşadığı valideynin üzərinə düşməsini, iddiaçının gəlirlərinin olmamasını, 2025-ci il üçün müəyyən olunan yaşayış minimumunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, alimentin tutulma qaydası dəyişdirilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçının aliment məbləğinin yaşayış minimumu həddində təyin olunması ilə bağlı tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında vurğulanmışdır ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yuxarıda istinad edilən Plenum qərarına dəyişikliyin 8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin artırılmasına və ya tutulma formasının dəyişidirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment məbləği də məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tutulma qaydası dəyişdirilmiş aliment məbləği məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(089)-546/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 04 iyul 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.46 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh 30 (otuz) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilməli, dəyişdirilmiş aliment miqdarı məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(089)-546/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 iyul 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.47 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar