Məhkəmə qərarları › İş №2(079)-605/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-605/2025

16.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-605/2025 16.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 05 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 246 manat olmaqla, 2 uşaq üçün 492 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, mən İddiaçı Cavabdeh ilə Babək Rayon İcra Hakimiyyətinin Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2012-ci il tarixdə nikaha daxil olaraq evlənmişəm. Cavabdeh ilə birgə nikahımızdan xx.xx.2013-cü il tarixdə X9 və xx.xx.2020-ci il tarixdə X10 anadan olmuşlar. Babək Rayon Məhkəməsinin 2(079)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il tarixli nikah pozulmuş, övladlarım X9 və X6 mənim yanımda saxlanılması, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq mənim xeyrimə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixədək Əlahiddə ümumqoşun orduda xidmət etdiyindən aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq mənim xeyrimə ödənilmişdir. Hazırda borclu NP Petrol MMC-də işləyir və aylıq qazancı 619.65 manat təşkil edir. Hal-hazırda X6 5 yaşı, X7 12 yaşı var. Babək Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdim ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə Əlahiddə ümumqoşun ordudan təxris olunduqdan sonra vaxtlı-vaxtında ödəməmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə mən çəkirəm. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarımı ödəmək tək qadın olaraq mənə çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması və sabit pul məbləğində təyin edilməsi’' barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iki uşağa baxmağın çətin olduğunu, kirayədə yaşadığını, alimentin 2022-ci ildə təyin edildiyini, həmin vaxt cavabdehin hərbi qulluqçu işlədiyini və əmək haqqısının 1/3 hissəsindən alimentin tutulduğunu, hazırda 2 uşağa görə 269 manat aliment aldığını, cavabdehin hazırda "xxxx" MMC-də operator işlədiyini, qızı İncinin 13, Uğurun isə 6 yaşının olduğunu, İncinin Naxçıvan şəhərində 11 nömrəli tam orta məktəbdə oxuduğunu, oğlunun isə həmin məktəbdə məktəbə qədər hazırlığa getdiyini, işsiz olduğunu, uşaqlar məktəbə getdiklərinə görə onlara qayğı lazım olduğu üçün işləyə bilmədiyini, 200 manat kirayə pulu verdiyini, kirayə pulunu sosial müavinətin pulu ilə ödədiyini, 280 manat sosial müavinət aldığını, cavabdehin uşaqları ilə görüşmədiyini, görmək belə istəmədiyini və ona alimentdən başqa heç bir köməklik göstərmədiyini, əvvəl 230 manat aliment aldığını, daha sonra alimentin artıb 269 manat olduğunu, sabit pul məbləğində aliment tutulmasını istədiyini bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı mənə - Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması və sabit pul məbləğində təyin edilməsinə dair” iddiasını qəbul etmirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən İddiaçı ilə 14 sentyabr 2012-ci il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşdum. Bizim həmin nikahdan iki İnci və Uğur adlı övladlarımız doğulmuşdur. Lakin aramızda olan nikah Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-9/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən İnci ilə Uğur İddiaçı yanında saxlanılmışdır və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün mən həmin vaxt hərbi qulluqçu olduğuma görə əmək haqqı və digər gəlirlərimin 1/3 hissəsi məbləğində alimentin tutulub anaları İddiaçı ödənilməsi müəyyən olunmuşdur. Mən hərbi qulluqçu olduğum vaxt əmək haqqımdan 1/3 hissəsi vaxtlı-vaxtında tutulurdu. 03 iyul 2025-ci il tarixdə səhhətimdə olan problemlərə görə hərbidən tərxis olunmuşam. Tərxis olunduğuma görə iki uşağa birlikdə 270 manat məbləğində aliment ödədim. Hal-hazırda NP 1 Petrol MMC-də operator işləyirəm, aylıq əmək haqqım çirkli olaraq 619 manat, 65 qəpikdir, tutqulardan sonra isə 550 manat əmək haqqı alıram. Mən ikinci dəfə başqa bir qadınla rəsmi nikah qeyd etdirərək ailə qurmuşam, həmin nikahdan da 1 nəfər Ayan adlı beş aylıq qız övladımız var. Hərbi qulluqçu olduğum müddətdə 23 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şuşa Daşaltı istiqamətində sağ ayaq pəncəmin dəlib keçən güllə yarası almışam, müharibə veteranıyam, Naxçıvan şəhərində kirayədə yaşayırıq. Hal-hazırda həyat yoldaşım heç bir yerdə işləmir, ailənin yeganə qazanc gətirən üzvüyəm. Yəni mənim almış olduğum əmək haqqından başqa hər hansı bir gəlirim yoxdur. Həm mənzil kirayəsi, həm də iki uşağa görə 270 manat məbləğində aliment ödəyirəm. Həyat yoldaşımın adına Kapital Bankdan kredit götürmüşəm. Ünvanlı sosial yardım almağımız üçün müraciət etmişəm. Belə olduğu halda mənim özümün və ailə-uşağımın lazımı şəkildə keçimini həyata keçirə bilmirəm. İddiaçı məndə 270 manat məbləğində aliment almaqla yanaşı ünvanlı sosial yardım alır, həm də evində dırnaq ustası işləyir. Onun maddi vəziyyəti mənim maddi vəziyyətimdən yaxşıdır. Ona görə də uşaqlarıma əmək haqqımın üçdə birindən (1/3) artıq aliment ödəmək imkanım çatmır. Əgər onların alimenti artarsa mən onda evdəki övladımı nə ilə saxlamalıyam. Bütün bunlara görə də iddia tələbinin əsassız olduğundan rədd olunmasını istəyirəm. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasındakı nikahın pozulması, tərəflərin yetkinlik yaşına çatmayan 2 (iki) ümumi uşaqlarının olması, uşaqların ananın yanında saxlanılması və cavabdehin gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin qət edilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 400352 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X4 arasında nikahın Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə xx.xx.2022-ci ildə xitam verilməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 076458 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin 18 iyul 2013-cü il təvəllüdlü X9 adlı övladlarının dünyaya gəlməsi; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2020-ci il tarixli, AZ-İV seriyalı, 462094 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin 11 yanvar 2020-ci il təvəllüdlü X10 adlı övladlarının dünyaya gəlməsi; - Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-9/2022 nömrəli qətnaməsinə əsasən X4 ilə Cavabdeh arasında 14 sentyabr 2012-ci ildə Babək Rayon İcra Hakimiyyətinin Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 18 iyul 2013-cü il təvəllüdlü X9 və 11 yanvar 2020-ci il təvəllüdlü X6 anası X2 yanında qalması,mülki iş üzrə Babək Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(079)-438/2021 nömrəli qərardadı ilə müəyyən edilmiş uşağın saxlanılması üçün müvəqqəti alimentin tutulmasının ləğv edilməsi və həmin qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 25 yanvar 2022-ci il tarixədək ödənilmiş aliment məbləğinin nəzərə alınıb, 02 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, 18 iyul 2013-cü il tarixdə anadan olan X9 və 11 yanvar 2020-ci il tarixdə anadan olan X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq uşaqların anası X3 ödənilməsinin qət edilməsi müəyyən olunur. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə cavabdehin gəlir məlumatları üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan 619.65 manat əmək haqqı aldığı müəyyən edilir. Məhkəmə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının (2 uşağa cəmi 269 manat olmaqla) iddiaçının, dolayısı ilə də uşaqların marağının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduğu qənaətinə gələrək alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında vurğulanmışdır ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin yenidən nikaha daxil olması, həmin nikahdan xx.xx.2025-ci il təvəllüdlü bir azyaşlı uşağının olması, lakin başqa aliment ödəmələrinin olmaması müəyyən edilmişdir. Həmçinin, cavabdehin gəlir məlumatları üzrə çıxarışdan “Vətən müharibəsi iştirakçısı” olduğuna görə 80 manat pensiya aldığı müəyyən olunur. Məhkəmə sözügedən normaları, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu, uşaqların məişət qayğılarının hazırda yanında yaşadığı valideynin üzərinə düşməsini, iddiaçının gəlirlərinin müəyyən edilməməsini, cavabdehin gəlir vəziyyətini və uşaqların yaşını və sayını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, alimentin tutulma qaydası dəyişdirilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə bir uşaq üçün 160 manat olmaqla iki uşaq üçün 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yuxarıda istinad edilən Plenum qərarına dəyişikliyin 8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin artırılmasına və ya tutulma formasının dəyişidirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment məbləği də məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tutulma qaydası dəyişdirilmiş aliment məbləği məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin tutulma qaydasının dəyişdirilməsi ilə bağlı iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığı nəzərə alınaraq məhkəmə belə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin hesabına rüsumun tutulması üçün əsaslar mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-9/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 18 iyul 2013-cü il təvəllüdlü X9 və 11 yanvar 2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində sabit pul məbləğində aliment tutulmalı, dəyişdirilmiş aliment miqdarı məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-9/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla 18 iyul 2013-cü il təvəllüdlü X9 və 11 yanvar 2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar