Məhkəmə qərarları › İş №2(079)-61/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-61/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-61/2021 01.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “15” dekabr 2020-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2593.33 (iki min beş yüz doxsan üç manat, otuz üç qəpik) manat əsas, 1392.93 (bir min üç yüz doxsan iki manat, doxsan üç qəpik) manat faiz borcu, 1703.77 (bir min yeddi yüz üç manat, yetmiş yeddi qəpik) manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “24” dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371.88 (üç yüz yetmiş bir manat, səksən səkkiz qəpik səkkiz) manat faiz borcunun, cəmi isə 6061.91 (altı min altmış bir manat, doxsan bir qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulub ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 1xx/xx/88311/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdi. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirmir. xx xxxxxxx 2020-ci il tarixə Cavabdeh müqavilə üzrə borcu 6061.91 (altı min altmış bir manat, doxsan bir qəpik) manat təşkil edir. Bundan 2593.33 (iki min beş yüz doxsan üç manat, otuz üç qəpik) manat əsas, 1392.93 (bir min üç yüz doxsan iki manat, doxsan üç qəpik) manat faiz, 1703.77 (bir min yeddi yüz üç manat, yetmiş yeddi qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 371.88 (üç yüz yetmiş bir manat, səksən səkkiz qəpik səkkiz) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ var. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********676 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə iddia tələbi ilə müraciət edərkən iddia ərizəsində iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılıb, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, Cavabdeh ilə Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı arasında xx xxxxxx 2014cü il tarixli, 1xx/xx/88311/14 nömrəli nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Bankın Cavabdeh illik 26 faizlə, 36 ay müddətində 4000 (dörd min) manat məbləğində kredit verməsi barədə tərəflərin razılığa gəlmələri və Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının hazırda ləğv prosesində olması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, 1xx/xx/88311/14 nömrəli kredit müqaviləsindən Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında həmin tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehlə iddiaçı arasında sonuncu tərəfindən Cavabdeh illik 26 faizlə, 36 ay müddətində 4000 (dörd min) manat kredit verilməsi barədə razılığa gəlmələri; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-1(81)-4498/2016 nömrəli qərarından Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğv prosesində olması, Əmanətlərin Sığortalanması Fondunun isə onun ləğvedicisi təyin edilməsi aydın olur. İddiaçının cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayıldığı hissədə təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə ekspert rəyi və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş digər yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan aydın olur ki, Cavabdeh rəsmi qeydiyyat yeri Babək rayonu, Nehrəm qəsəbəsidir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş sənədlərdə Cavabdeh faktiki yaşayış yeri kimi ünvan 2 qeyd edilmişdi. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-435/2020 nömrəli qərardadının surəti, eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun hər iki ünvanına rəsmi qaydada göndərilmişdi. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdı. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh Babək rayonu, Nehrəm qəsəbəsində yaşamaması və ünvan 2 ünvanının düzgün olmaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə SMS göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Mülki işin mübahisəli halının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 1xx/xx/88311/14 nömrəli kredit müqaviləsindən aydın olur ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Belə ki, kredit müqaviləsinin: - 1.1-ci bəndinə əsasən müqavilə üzrə kreditor tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə, illik 26 faiz dərəcəsi ilə, mənzil təmiri üçün 4000 (dörd min) manat məbləğində kredit verilir; -1.2 - 1.5-ci bəndlərinə görə kreditor borcalana müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə kredit xətti açır. Borc alan müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə müqavilənin 1.1-ci bəndinə əsasən hesablanan faizləri ödəyir. Borc alana kredit üzrə pul vəsaitləri onun yazılı müraciəti əsasında verilir. Hər bir yazılı müraciətdə kredit üzrə ayrılmalı olan kredit məbləği dəqiq göstərilməlidir; -2.1-ci bənd ilə müəyyən edilir ki, kredit müqavilə qüvvəyə mindikdən sonra müqavilənin şərtləri nəzərə alınmaqla borcalanın yazılı müraciəti daxil olduğu tarixdən 3 (üç) iş günündən gec olmayaraq, kreditor tərəfindən borc alanın hesabına köçürülür; -2.5-ci və 2.7-ci bəndlərə görə borc alan müqaviləyə əsasən almış olduğu kreditə görə müqavilənin 1.1-ci bəndində göstərilən illik faiz dərəcəsi məbləğində faiz ödəyir. Kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün günlərin sayına görə (1 (bir) ay 30 (otuz), 1 (bir) il isə 360 (uç yüz altmış) təqvim gün kimi) hesablanır və hər ay borc alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı ödəniş cədvəlinə əsasən ödənilir. Bank gününün sonu bankda əməliyyatların dayandırıldığı saat hesab olunur. Faizlər borcun yarandığı tarixdən borcun tam ödənildiyi tarixədək hesablanır. Ödəniş, müqavilənin 1 nömrəli ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır; -4.1 və 4.1.1-ci bəndlərin tələbinə görə borcalan tərəfindən müqavilənin şərtləri pozulduqda, həmçinin borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bu pisləşmə kreditin qaytarılmasını real olaraq təhlükə qarşısında qoyduqda, hazırkı müqaviləyə əsasən verməli olduğu kreditin hamısının və ya bir hissəsinin ödənilməsindən imtina etmək, artıq verilmiş kreditin isə vaxtından əvvəl geri qaytarılmasını tələb etmək, kredit öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranan bütün xərclərin və əldən çıxmış faydanın borc alan tərəfindən ödənilməsini tələb etmək kreditorun hüquqlarıdır; -4.2 və 4.2.1-ci bəndlərlə müəyyən edilir ki, kredit limiti çərçivəsində pul məbləğini müqavilə ilə müəyyən edilmiş qaydada borcalana vermək kreditorun vəzifəsidir; - 4.4, 4.4.5, 4.4.6 və 4.4.9-cu bəndlərə əsasən alınmış krediti və ona hesablanmış faizləri vaxtı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək, kredit öhdəliklərin icrası ilə əlaqədar bank tarifləri ilə müəyyən edilmiş ödənişlərin və digər xərclərin ödənilməsini təmin etmək, kreditin məqsədli təyinatına riayət etmək, üzərinə götürdüyü öhdəlikləri pozduqda və ya lazımınca icra etmədikdə kreditora müqavilənin 5.2-ci bəndində müəyyən edilmiş dəbbə pulu və zərərin əvəzini ödəmək borcalanın vəzifəsidir; -5.3-cü bənd ilə müəyyən edilir ki, borcalan kredit öhdəliklərinin icra edilməməsi və ya lazımı qaydada icra edilməməsi nəticəsində kreditora vurulan zərərə görə tam məsuliyyət daşıyır. -10.1-ci bənddə qeyd edilir ki, müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən isə Cavabdeh həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx xxxxxx 2015-ci ildən başlayaraq xx xxxxxx 2017-ci ilədək hər ay 161.16 (bir yüz altmış bir manat, on altı qəpik) manat ödəməli olması aydın olur. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla öz təsdiqini tapır. Həmçinin bu fakt ekspert rəyində də qeyd edilmişdi. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli, **********676 nömrəli məktubdan isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə xəbardarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı qəbul edir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, 1xx/xx/88311/14 nömrəli kredit müqaviləsinin 5-ci bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, bunun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən “21” yanvar 2021-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirılməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “26” fevral 2021-ci il tarixli, 37 nömrəli ekspert rəyində isə Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 1xx/xx/88311/14 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya xx xxxxxx 2017-ci il tarixə, yəni müqavilə öhdəliklərinin icrası üçün nəzərdə tutulmuş müddətin bitmə tarixinə olan əsas borcunun 2611.01 (iki min altı yüz on bir manat, bir qəpik) manat, faiz borcunun isə 1101.26 (bir min bir yüz bir manat, iyirmi altı qəpik) manat təşkil etməsi qeyd olunmuşdur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Ekspert rəyi ilə əsas borcun iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edildiyindən bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Bu səbəbdən də yuxarıda qeyd edilən məbləğlə bağlı iddia tələbi əsas götürülməlidir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 1xx/xx/88311/14 nömrəli müqavilənin 5.1 və 5.2-ci bəndlərin tələbinə görə tərəflər müqavilə üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Borcalan müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik həmin müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş (50 faiz) faizi miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddia tələbində və iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışında Cavabdeh Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankına xx xxxxxxx 2020-ci il tarixə 1703.77 (bir min yeddi yüz üç manat, yetmiş yeddi qəpik) manat miqdarında cərimə borcu olması qeyd edilmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “26” fevral 2021-ci il tarixli, 37 nömrəli ekspert rəyində isə xx xxxxxx 2014-cü il tarixli 1xx/xx/88311/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankına 122.06 (bir yüz iyirmi iki manat, altı qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilib. İddiaçının cavabdehlərdən əsas borc üzrə illik 5 faizlə hesablanmış faiz borcu tələb etdiyindən məhkəmə cavabdehlərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki mülki iş üzrə isə cavabdehin müqavilədən irəli gələn öhdəliklər üzrə əsas borcu icra etməməsi sübuta yetirilir. Bu səbəbdən də qeyd edilən maddi hüquq normasını tələbini rəhbər tutan məhkəmə iddiaçının bu tələbini də əsaslı sayır. Gecikdirilmiş vaxt üçün hesablanmış faiz miqdarına gəldikdə isə iddiaçı Cavabdeh bununla bağlı 371.88 (üç yüz yetmiş bir manat, səksən səkkiz qəpik səkkiz) manat tələb etsə də, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “26” fevral 2021-ci il tarixli, 37 nömrəli ekspert rəyində həmin məbləğin 369.17 (üç yüz altmış doqquz manat, on yeddi qəpik) manat olması qeyd edilir. Yuxarıda da qeyd edildiyi kimi ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından və o məhkəmə tərəfindən sübut kimi qəbul edilən sayıldığından iddiaçının cavabdehə qarşı olan cərimə borcu və müqavilədən irəli gələn öhdəliyi icra etməməyə görə hesablanmış 5 faizlik borcun miqdarı ilə də bağlı ekspert rəyində göstərilənlər əsas götürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 21 (iyirmi bir) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - “10” dekabr 2014-cü il tarixli, 1xx/xx/88311/14 nömrəli kredit müqaviləsi üzrə 2593.33 (iki min beş yüz doxsan üç manat, otuz üç qəpik) manat əsas, 1101.26 (bir min bir yüz bir manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 122.06 (bir yüz iyirmi iki manat, altı qəpik) manat cərimə, müqavilədən irəli gələn öhdəliyi icra etməməyə görə gecikdirilmiş vaxt üçün hesablanmış 369.17 (üç yüz altmış doqquz manat, on yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4185.22 (dörd min bir yüz səksən beş manat, iyirmi iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli; -həmçinin 21 (iyirmi bir) manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməli; -iddia digər hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. “10” dekabr 2014-cü il tarixli, 1xx/xx/88311/14 nömrəli kredit müqaviləsi üzrə 2593.33 (iki min beş yüz doxsan üç manat, otuz üç qəpik) manat əsas, 1101.26 (bir min bir yüz bir manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 122.06 (bir yüz iyirmi iki manat, altı qəpik) manat cərimə, müqavilədən irəli gələn öhdəliyi icra etməməyə görə gecikdirilmiş vaxt üçün hesablanmış 369.17 (üç yüz altmış doqquz manat, on yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4185.22 (dörd min bir yüz səksən beş manat, iyirmi iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Həmçinin 21 (iyirmi bir) manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İddia digər hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar