Məhkəmə qərarları › İş №2(079)-61/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-61/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-61/2025 16.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi (alimentin miqdarının artırılması) tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 2008-ci il təvəllüdlü X3 və 25 may 2014- cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat alimentin tutulması barədə Babək Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(079)-23/2024 №-li qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay hər bir uşağa 235 manat olmaqla, 470 manat sabit məbləğdə alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinə məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 10 oktyabr 2007-ci ildə Babək rayon Cəhri kənd İcra Nümayəndəliyində nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız olmuşdur. 22 avqust 2008-ci il təvəllüdlü X6 və 25 may 2014-cü il təvəllüdlü X4. Bildirirəm ki, cavabdehlə Babək Ravon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə nikahımız pozulmuş, övladlarımın mənim yanımda saxlanılması və Cavabdeh hər bir uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat sabit məbləğdə aliment tutulub X3 və X1 yetkilik yaşına çatanadək saxlanılması üçün mənə verilməsi müəyyən edilmişdir. Bildirmək istəyirəm ki, cavabdeh həmin alimenti vaxtlı-vaxtında ödəyir. Lakin, cavabdeh tərəfindən ödənilən bu aliment uşaqların günü-gündən artan tələbatlarını ödəmir. Uşaqlarım ödənişli hazırlıqlara da gedir. Bu səbəbdən verilən aliment onların ehtiyaclarını ödəməsinə kifayət etmir. Cavabdeh uzun müddətdir ki, Gürcüstan Respublikasında ev təmiri ilə bağlı usta işləyir. Bildiyimə görə hər ay 2000 manatadək əmək haqqı alır. Ancaq uşaqlara 240 manat aliment ödəməklə kifayətlənir. Buna görə alimentin miqdarının artırılaraq cavabdeh tərəfindən hər ay hər hər bir uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat aliment ödəməsini istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş, doğum haqqında şəhadətnamələrin surətini, Babək Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qətnaməsinin surətini və mediasya arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm ki, iddia tələbimlə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin olunmasını məhkəmədən xahiş edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin ödəmiş olduğu alimentin miqdarı azdır. O, hazırda Gürcüstan Respublikasında usta işləyir və yüksək məbləğdə əmək haqqı alır. Cavabdehin gəlirinin artması barədə ətrafdakılardan eşitdiklərimdən başqa sübutum yoxdur. Cavabdehin ödədiyi 240 manat aliment uşaqların ehtiyacını ödəmir. Oğlumun hazırlığına hər ay 250 manat pul xərcləyirəm. Mən 850 manat əmək haqqı alıram. Uşaqlarımın ehtiyaclarını tam qarşılaya bilmədiyim üçün iki işdə işləməli oluram. Cavabdeh hər gün işləyir və axşamlar spirtli içki içir. Uşaqlarım hər dəfə onunla görüntülü danışır. O, gəlib bizi evdən çıxarmaqla hədələyir. Mən alimentlə bağlı məhkəməyə müraciət etdikdən sonra alimenti vaxtında ödəmir. Bu səbəbdən də alimentin miqdarının artırılmasını xahiş edirəm. Babək Rayon Məhkəməsinin qətnaməsi ilə 1 uşağa 120 manat olmaqla, 2 uşağa görə ümumilikdə 240 manat alimentin Cavabdeh tutulub mənə ödənilməsi müəyyən olunub. Oğlum 11-ci, qızım isə 5-ci sinifdə təhsil alır. Oğlum 4 fəndən-Azərbaycan dili, riyaziyyat, ingilis dilindən hazırlığa gedir və 250 manat hazırlığa pul verirəm. Qızım rus sektorunda oxuduğuna görə 4 fəndən hazırlığa gedir. Hazırlığa 100 manat pul verirəm. Yol uzaq olduğu üçün hər ay 100 manat da qızımın yol puluna verirəm. Həmçinin uşaqların geyimi və kommunal ödənişləri çatdıra bilmirəm. Eşitdiyimə görə Gürcüstanda usta işləyir və əvvəlkindən daha çox qazanc əldə edir. Aliment təyin olunarkən cavabdeh burada Daxili İşlər Nazirliyində mühafizəçi işləyirdi və 400 manat əmək haqqı alırdı. Onun yenidən ailə qurubqurmadığını və adına evdən başqa əmlakın olub-olmadığını bilmirəm. Aliment təyin olunduqdan sonra mənim maddi vəziyyətimdə dəyişiklik olmayıb. Mən əlavə olaraq aptekdə satıcı işləyirəm və 250 manat əmək haqqı alıram. Aylıq 1000 manata yaxın gəlirim var. Cavabdehin və ya mənim ailə və ya maddi vəziyyətimdə aliment miqdarının artmasına dəlalət edən hallar barədə sübutum yoxdur. Lakin 2023-cü illlə müqayisədə hər şeyin qiyməti artmışdır. Bütün bunlar nəzərə alınmaqla aliment miqdarının artırılmasını xahiş edirəm. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddia ərizəsinə əlavə olunmuş yazılı sübutlarla müəyyən olunur ki, Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozularaq uşaqların ananın yanında saxlanılması və onların saxlanılması üçün Cavabdeh hər uşağa görə 120 manat olmaqla iki uşağa 240 manat alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarının yeni 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPMin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair ərizəsini Plenum Qərarının 8.4-3-cü yarımbəndi ilə birlikdə müzakirə edərək iddiaçının ərizəsinin məqsədini, iddiaçı tərəfindən məhkəməyə tərəflərin ailə və ya maddi həyatında aliment miqdarının artırılması üçün əsas təşkil edən fakt və sübutların təqdim edilməməsini, iddianın mahiyyətinin indeksasiya xarakteri daşımasını nəzərə alaraq MPM-in 261.0.1-ci maddəsini əsas tutaraq belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya indeksasiyanın onun ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olması izah edilməlidir. Belə ki, Plenum qərarının 8.4-2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. MPM-in 262.3-ci maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı qarşı aliment məbləğinin dəyişdirilməsi (alimentin miqdarının artırılması) tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiyasi maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar