Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-62/2021 01.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, kəngərli Bayram Akif oğlunun məhkəmə iclas katibliyi ilə, İddiaçı Babək rayonu Cavabdehnə qarşı torpaq icarə müqaviləsinin ləğvi edilməsi və həmin müqavilənin şərlərinin dəyişdirilərək yenidən bağlanması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı xx xxxxxx 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayonu Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 28 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin ölçüsünün 2 hektar göstərilməklə mal-qara otarılması məqsədi ilə müddətsiz verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, uzun müddətdir Cəhri qəsəbəsində yaşayıram. Özüm kənddə ancaq təsərrüfatla məşğulam və yeganə dolancaq yerim Cavabdeh mənə verdiyi torpaq sahəsidir. xx xxxx 2018-ci ildə mənimlə Cavabdeh arasında torpağın icarəyə verilməsi barədə müqavilə bağladıq. Bunun nəticəsi olaraq mənə 2 hektar torpaq sahəsi verildi. Bu torpağın mənə verilməsində məqsəd həmin torpaq sahəsindən istifadə etməklə güzəranımı yaxşılaşdırmaq və təsərrüfatla məşğul olaraq həmin torpaqdan istifadə etməklə dolanacaq xərclərimi təmin etməkdir. Mən həmin torpaq sahəsindən mal-qara otarılması üçün istifadə edirəm. Həmçinin torpaq sahəsində taxıl_və yonca əkmişəm. Mənimlə bərabər bizim kənddə bir çox insanlara müəyyən torpaq sahələri verilmiş (icarə müqaviləsi əsasında) və onlar da torpaqlardan təsərrüfatçılıqla məşğul olmaq üçün istifadə edirlər. Sonradan bələdiyyə ilə mənim aramda xx xxxxxx 2020-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Həmin müqavilə mənə təqdim olunan zaman tərəfimdən müəyyən olunmuşdur ki, mənə verilən torpaq sahəsinin miqdarı azalmış, torpaq sahəsi mal-qaranın otarılması üçün deyil, taxıl əkini üçün nəzərdə tutulmuşdur. Buna görə də mən müqaviləni imzalamaqdan imtina etdim və mənə əvvəlki ölçüdə, yəni 2 hektar miqdarında torpaq sahəsinin verilməsini və bu torpaq sahəsinin mal-qaranın otarılması üçün icarəmə verilməsini bələdiyyədən xahiş etmişdim. Bu tələblə də yazılı surətdə Cavabdehnə xx xxx 2020-ci il tarixində yazılı surətdə müraciət etdim. Lakin mənim ərizəmə cavab verilmədi. Halbuki qanunun tələbinə görə vətəndaşların yazılı müraciətlərinə yazılı surətdə cavab verilməlidir. Buna görə də mən məcbur qalaraq məhkəməyə müraciət etməli oldum. Cavabdeh mənim ünvanladığım ərizəmə hərəkətsizlik göstərərək cavab verməmişdir. Mən də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşam. Eyni zamanda bildirirəm ki, inzibati məhkəmə prosesində müvafiq bələdiyyə ilə mənim aramda xx xxxxxxxx 2020-ci il tarixli, 28 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə də qanunvericiliyin tələbinə riayət edilmədən bağlanılmışdır. Mən torpaq sahəsinin müddətsiz verilməsini, həmçinin əvvəlki ölçüdə, yəni 2 hektar verilməsini və təyinatının mal-qara otarmaq məqsədi ilə verildiyinin qeyd edilməsini istəyirəm. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə əvvəlcədən rəsmi qaydada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla məhkəmə tərəflərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdi. İddiaçının cavabdehdən xx xxxxxxxx 2020-ci il tarixli, 28 nömrəli müqavilənin ləğv edilməsi tələb etməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki iş materiallarından aydın olur ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında torpaq icarə müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Babək rayonu Cavabdeh özünə məxsus olan 1,6 hektar torpaq sahəsini xx xxxxxxxx 2020-ci il tarixli, 28 nömrəli torpaq icarə müqaviləsi ilə 11 ay müddətinə İddiaçı icarəyə vermişdi. İddiaçı isə həmin müqavilənin ləğv edilməsi və cavabdehdən müqavilənin müddətsiz bağlanması, həmçinin onun taxıl əkilməsi üçün deyil mal-qara otarılması məqsədi ilə verilməsi və ölçüsünün 2 hektar göstərilməsini tələb edir. İşin mübahisə halının həlli ilə bağlı məhkəmə bildirir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin qaydaları və əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20-ci fəsli ilə tənzimlənir. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmçinin həmin Məcəllənin 423.1-cü maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin bağlanması qaydalarını isə Mülki Məcəllənin 405-416-cı maddələri tənzimləyir. Bununla bağlı mülki qanunvericilikdə qeyd edilir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (Mülki Məcəllənin 405.1, 407.1 və 407.2-ci maddələri) Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi tərəflər arasında müqavilə bağlanması üçün ilkin olaraq onun bağlanması üçün təklif olmalı və bu təklif müvafiq qaydada qəbul edildikdən sonra müqavilə bağlanmış sayılmadır. Mülki qanunvericilik bu qaydanı eyni ilə müqavilənin ləğv edilməsi və dəyişdirilməsinə də şamil etmişdi. İş materiallarından isə iddiaçının Babək rayonu Cavabdehnə xx xxxxxxxx 2020-ci il tarixli, 28 nömrəli torpaq icarə müqaviləsi ilə bağlı belə bir təkliflə müraciət etməsi və cavabdehin bundan imtina etməsi öz təsdiqini tapmır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsi ilə müəyyən edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin həmin Məcəllənin Torpaq icarəsi haqqında müqavilənin razılaşdırılmasından bəhs edən 717-ci maddəsinə əsasən əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər (maddə 717.4) Maddi hüquq normasının da tələbindən göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Babək rayonu Cavabdehnə müraciət etməli və ona cavab almadıqdan sonra məhkəməyə müraciət edə bilərdi. Yəni o, müqavilənin ləğvi və ya dəyişdirlməsi barədə pretenziya qaydasına əməl etməyib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Babək rayonu Cavabdehnə qarşı torpaq icarə müqaviləsinin ləğvi edilməsi və həmin müqavilənin şərlərinin dəyişdirilərək yenidən bağlanması tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.2-ci maddəsinin, yəni “qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir” tələbini rəhbər tutan məhkəmə İddiaçı bildirir ki, cavabdehə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada müqaviləsinin ləğvi və dəyişdirilməsi ilə bağlı təklif göndərməli, buna dair müvafiq imtina aldıqdan və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş və ya müraciətdə qeyd olunan müddət bitdikdən sonra bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə, yenidən iddia tələbi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçının X1 filialı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli, 56085 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Babək rayonu Cavabdehnə qarşı torpaq icarə müqaviləsinin ləğvi edilməsi və həmin müqavilənin şərtlərinin dəyişdirilərək yenidən bağlanması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X1 filialı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli, 56085 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-62/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-62/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver