Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-63/2025 27.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqı, maddi zərər və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 02 dekabr 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 510 (beş yüz on) manat kirayə haqqı, qapını təmir etdirmək üçün ustaya ödədiyi 50 (əlli) manat pul və cavabdeh tərəfindən ödənilməmiş sudan istifadəyə görə ödədiyi 29 (iyirmi doqquz) manat haqqın, ümumilikdə 589 (beş yüz səksən doqquz) manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, 06 aprel 2024-cü il tarixdə mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh hər ay 450 (dörd yüz əlli) manat ödəmək şərtilə kirayəyə vermişəm. O, 2024-cü ilin sentyabr ayınadək hər ay kirayə haqqını ödəmiş, ancaq sentyabr ayının kirayə haqqını ödəməmişdir. Belə ki, cavabdeh 10 oktyabr 2024-cü il tarixdə evdən kirayədən çıxmış, ümumilikdə mənə ödəməli olduğu 510 (beş yüz on) manat kirayə haqqı ödənilməmiş qalmışdır. Dəfələrlə tələb etməyimə baxmayaraq o hər dəfə kirayə haqqnı ödəyəcəyini demiş, ancaq ödəməkdən boyun qaçırmışdır. Həmçinin cavabdeh həmin evdə kirayə yaşadığı müddət ərzində yataq otağının qapısını qırmış və onu da təmir etdirəcəyini bildirmiş ancaq onu da təmir etdirməmişdir. Onu da öz vəsaitim hesabına təmir etdirmişəm. Qapını təmir etdirmək üçün 50 (əlli) manat ustaya pul ödəmişəm. Həmçinin cavabdeh mülkiyyətimdə olan evdə kirayədə yaşadığı müddət ərzində sudan istifadə haqqını ödəməmişdir. Həmin cavabdehin sudan istifadə edib ödəmədiyi 29 (iyirmi doqquz) manat haqqı da özüm ödəmişəm. Mən bu məsələ ilə əlaqədar olaraq 2024-cü ilin oktyabr ayında Naxçıvan şəhər Polis İdarəsi 1-ci polis bölməsinə müraciət etmişəm. Onda məni polis əməkdaşı X2 qəbul etmişdir. Polis əməkdaşı müraciətimlə əlaqədar olaraq cavabdehi də polis bölməsinə dəvət etmişdir. Orada cavabdehin izahatı alınarkən o polis əməkdaşına həqiqətən də mənə 510 manat ödəmədiyi kirayə haqqı borcu olduğunu, qapını qırdığını və təmir etdirmədiyini, həmçinin sudan istifadəyə görə 29 manat haqqı ödəmədiyini və bunların hamısını 28 oktyabr 2024-cü il tarixində ödəyəcəyini bildirdi. Mən həmin vaxt Nurlanın yazılı izahatının aldığını düşünmüşdüm. Çünki polis əmakdaşı Nurlandan soruşduqca qeydiyyat aparırdı. Mən Nurlanın borcunu ödəməsini gözlədim. Ancaq Nurlan bu günə kimi ödəməli olduğu puldan 1 manat da ödəməmişdir. Məhkəməyə təqdim etməkdən ötrü Nurlanın izahatının surətini almaq üçün polis bölməsinə müraciət etdim. Polis əməkdaşı mənə heç bir yazılı izahat almadığını, cavabdeh pulu ödəyəcəyini dediyi üçün rəsmi sənədləşmə işi aparmadığını bildirmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mənə dəymiş maddi zərər tam ödənilmədiyi üçün kirayə haqqı, qapıya vurulmuş ziyan və sudan istifadəyə görə haqq nəinki ödənilməmiş, hətta cavabdeh tərəfindən saymazyanalıq nümayiş etdirməklə, bu günədək vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı qətiyyən maraqlanmamışdır. Ona mənə vurduğu zərərin əvəzini ödəməsi ilə bağlı dəfələrlə müraciət etməyimə baxmayaraq, cavabdeh bu günədək heç bir ödəniş etməmişdir. Hər dəfəsində də maddi imkanı olmadığını, istəyirəmsə, gedib məhkəməyə müraciət etməyimi mənə bildirmişdir. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyim 510 (beş yüz on) manat kirayə haqqını, qapını təmir etdirmək üçün ustaya verdiyim 50 (əlli) manat pulu və cavabdeh tərəfindən ödənilməmiş sudan istifadəyə görə ödədiyim 29 (iyirmi doqquz) manat haqqın, ümümilikdə 589 (beş yüz səksən coqquz) manat pulun cavabdehdən alınaraq mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və mülki iş üzrə bir neçə məhkəmə hazırlıq iclası təyin olunub iddiaçının iştirakı ilə keçirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərək Cavabdeh qarşı maddi zərərin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etdiyini və həmin mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məkhəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutub tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iddiaçının ərizəsinin mahiyyət və məqsədini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqının, maddi zərərin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1 və 9.20-ci maddələrinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçı müharibə veteranı olduğu üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən azadolma əsası ilə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqının, maddi zərərin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-63/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-63/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver