Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-631/2025 16.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı vəkil-nümayəndəsi vasitəsi ilə 18 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında BMW 745 MİNİK 67BH900 dövlət qeydiyyat nişanlı avtomaşın barəsində 01 noyabr 2024-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babək rayonu Çeşməbasar kəndində Xəqani yeməkxanası mənim mülkiyyətimdədir. Həmin yeməkxananı Culfa rayonu Milax kəndində yaşayan Azər adlı şəxsə işlətməsi üçün vermişəm. Özüm hərdən gedib yeməkxanada otururam. 2024-cü ilin dekabr ayında əvvəlcədən tanıdığım Naxçıvan şəhər sakini Fərahim adlı şəxs mənim tanımadığım bir şəxslə yeməkxanaya gəldi, həmin şəxsin adı Əziz idi. Əziz idarə etdiyi BMW markalı avtomobil ilə gəmişdi. Fərahim mənə yaxınlaşaraq Əzizin avtomobili satdığını dedi. Əziz mənə dedi ki, avtomobil 2009-cu il buraxılışlı və yaxşı vəziyyətdədir. Avtomobilə baxan kimi xoşum gəldi və cibimdən şəxsiyyət vəsiqəmi çıxarıb Fərahimə verdim və aparıb avtomobili mülkiyyətimə keçirməyini istədim. 01 noyabr 2024-cü il tarixdə alqı satqı müqaviləsi əsasında BMW markalı 745 minik dövlət qeydiyyat nişanlı ** BH *** avtomaşını yol polisində mənim adıma sənədləşdirib gətirdilər. Avtomobili gətirən zaman mən evdə idim, Əziz və Fərahim hər ikisi gəlmişdilər. Avtomobili 15500 manata danışmışdım. Yaşadığım Babək rayonu Nehrəm qəsəbəsində öz həyətimdə 15500 manat pulu sayıb Əzizə verdim getdilər. Avtomobil həyətdə idi. Təxminən 4 gündən sonra avtomobilin mühərrikini işə salan vaxtı avtomobildən hər cür səs gəldiyini gördüm. Fərahimə zəng elədim və bu barədə dedim. Fərahim mənə dedi ki, Əzizi tapıb yanına gətirəcəyəm. Fərahimin işlədiyi yerə getdim mənim yanımdan Fərahim dəfələrlə Əzizə zəng etsə də Əziz bir bəhanə ilə yaxına gəlmədi. Qeydiyyat şəhadətnaməsinin harada olduğunu soruşdum, Əziz mənə dedi ki, qeydiyyat şəhadətnaməsini avtomobilin içərisinə sürət ötürücünün yanına qoymuşam, lakin orada deyildi. Qeydiyyat şəhadətnaməsinin itməsi ilə bağlı Yol Polisinə müraciət etdim və orada məlum oldu ki, avtomobil 2001-ci il buraxılışıdır. Mənə isə Əziz demişdi ki, avtomobil 2009-cu i buraxılışıdır. Cavabdeh Həsən oğluna maşını geri qaytarmaq istədiyimi və aramızdakı müqavilənin ləğv edilərək pulumu geri qaytarmağını istəsəm də cavabdeh buna laqeyd yanaşır. Bununla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etdim, müraciətim mülki xarakterli mübahisə olduğundan bununla bağlı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququmun olduğunu bildirdi. Mən də məcbur qalaraq məhkəməyə müraciət edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Fərahimi tanıdığını, lakin soyadını bilmədiyini, Fərahimin restoran işlətdiyini, özünün də restoranı olduğunu, işlə əlaqədar ona hörmət etdiyini, Fərahimin Əzizlə birlikdə gəldiyini, həmin vaxta qədər Əzizi tanımadığını, Fərahimin onları tanış etdiyini, avtomobillərə marağının olduğunu, xoşuna gələn avtomobili alıb bir müddət sürüb sonra satdığını, Əziz və yanındakı şəxsin restorana gəlib maşın satdıqlarını və buraxılış ilinin 2009-cu il olduğunu dediklərini, buna inanıb avtomobili aldığını, xəstəxanada olarkən Fərahimin güya xəstə ziyarətinə gəldiyini və avtomobil satıldığını dediyini, həmin avtomobili ona satmaq üçün bu işi qurduqlarını, Fərahimin “avtomobil xalamın oğlunundur” dediyini, Fərahimə “cavabdehi sizsiniz” deyəndə Fərahimin “başımla cavabdehəm” dediyini, razılaşıb maşını aldığını, maşını aldıqdan sonra buraxılış ilinin 2009 olduğunu öyrəndiyini, lakin avtomobilin müəyyən hissələri kəsilərək buraxılış ilinin dəyişildiyini, maşının kapotunu açıb birkasına baxdıqdan sonra 2001-ci il olduğunu bildiyini, xəstəxanadan çıxdıqdan, yəni maşını aldıqdan 1 həftə sonra maşına baxdığını, xəstəxanada olduğu tarixi xatırlamadığını, ümumiyyətlə xəstəxanalarda çox olduğunu, həmin vaxt da xəstə olduğu üçün müqavilə bağlanarkən özünün iştirak etmədiyini, Fərahim adlı şəxs dostu Əzizlə bilrikdə alqı-satqı müqaviləsini bağladıqlarını, X4 İdarəsinə getmədiyini və alqı-satqı müqaviləsini özünün imzalamadığını, şəxsiyyət vəsiqəsini onlara verdiyini, Əziz və Fərahimin müqaviləni imzaladıqlarını, müqavilənin 01 noyabr 2024-cü il tarixdə bağlanıldığını, bundan 1 həftə sonra maşına baxdığını, müqavilə bağlamamışdan əvvəl maşını yalnız kənardan gördüyünü və maşını almaq barədə razılıq verdiyini, həmin vaxt kapotu açmadığını, maşına Babək rayonu, Nehrəm qəsəbəsində baxdıqlarını, həmin zaman Babək rayonu, Nehrəm qəsəbə sakini Məmmədqulu Məmmədov, özü, Fərahim və Əzizin orada olduqlarını, maşına baxmağı üçün Babək rayonu, Nehrəm qəsəbəsinə gətirdiklərini, maşının içinə baxmadığını, çünki həmin vaxt ürəyinə aparat qoyulduğunu və yeriyə bilmədiyini, maşını almamışdan əvvəl Fərahimə inandığı üçün texniki baxışdan keçirmədiyini, sadəcə kənardan baxdığını, maşını işə salmadığını, avtomobili 15500 manata almaq barədə razılaşdıqlarını, pulu elə həmin vaxt maşının yanında nağd şəkildə verdiyini, pulu verdikdən sonra qəbz və yaxud başqa heç bir sənəd almadığını, cavabdeh və Fərahimin texpasportu yoxa çıxardıqlarını, təkrar texpasport çıxararkən maşının buraxılış ilinin 2009 olmadığını öyrəndiyini, müqaviləni də texpasportu aldığı vaxt əldə etdiyini, müqaviləni avtomobili aldıqdan 2-3 ay sonra əldə etdiyini, həmin 2-3 ay ərzində maşını qaytaracaqlarını bildirdiklərinə və möhlət istəmələrinə baxmayaraq, sonra qaçıb yoxa çıxdıqlarını, müqavilədə avtomobilin qiymətinin 10000 manat yazıldığını, Fərahimə hər hansı etibarnamə vermədiyini, X4 İdarəsinə Fərahimin onun əvəzindən imza edəcəyi barədə heç nə bildirmədiyini, hazırda Yol Polisinə kim şəxsiyyət vəsiqəsinin surətini aparsa onun adından müqavilə bağlaya bildiyini, texpasport almağa gedərkən maşının kəsildiyini və köhnə maşının detalının həmin avtomobilə qaynaqlandığını öyrəndiyini, vaxt qazanmaq üçün də texpasportu oğurladıqlarını, avtomobilin **-BH-*** dövlət qeydiyyat nişanlı və “BMW” markalı olduğunu, avtomobilin üzərində olan VİN nömrənin avtomobilin “Qeydiyyat Şəhadətnaməsi”ndə olan VİN nömrədən fərqli olduğunu, X4 İdarəsində bunu ona bildirdiklərini, həmin vaxt avtomobilin buraxılış ilinin 2001-ci il olduğunu öyrəndiyini, maşının kurzosunun sonradan 2009-cu il yığıldığını, qeydiyyat şəhadətnaməsində isə 2001-ci il yazıldığını, avtomobili alarkən qeydiyyat şəhadətnaməsini görmədiyini, qeydiyyat şəhadətnaməsində avtomobilin buraxılış ilinin 2001-ci il tarixə qeyd olunduğunu, cavabdehin isə texpasportu dəyişib 2009-cu il yazdırdıqlarını ona dediyini, bunu ona bildirdikdə “10-15 günə gəlirik” deyib yoxa çıxdıqlarını, polis şöbəsində Fərahim və Əzizin izahatlarında möhlət verilməsini və düzəldəcəklərini bildirdiklərini, avtomobilin kurzosunda 2009, texpasportda 2001 yazıldığını, həmin hissənin dəyişildiyini və qaynaqlandığını, avtomobilin modelinə baxdıqda da 2009-cu il buraxılışına bənzədiyini, avtomobilin görünüşündə dəyişiklik edildiyini, başqa maşının kurzosunun həmin maşının üzərinə qoyulub qaynaq edildiyini, yanılma təsiri altında müqaviləni bağladığını, indiyədək heç kimi aldatmadığı üçün kiminsə də onu aldatmasına inanmadığını, əvvəllər də bu qaydada avtomobil əldə etdiyini, avtomobilin hazırda onun sahibliyində olduğunu, maşını aldıqdan 10 gün sonra razılaşdıqları əqdi deyil, başqa əqd bağladığının ona məlum olduğunu, maşını aldıqdan 10 gün sonra maşının qeydiyyat şəhadətnaməsinin olmadığını öyrəndiyini, buna görə X4 İdarəsinə müraciət etdiyini, 15 noyabr 2024-cü il tarixdə aldadıldığını bildiyini, bundan sonra polisə ərizə verdiyini və qeydiyyat şəhadətnaməsini almaq üçün bir xeyli müddət vaxt keçdiyini, öz adına yeni qeydiyyat şəhadətnaməsinin verildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin bağlanması, BMW745 minik markalı, 67BH900 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi, alqı-satqı məbləğinin isə alıcı tərəfindən satıcıya ödənilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş: - Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 İdarəsi QİTBŞ tərəfindən verilmiş BD572508 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən BMW markalı, 745 minik modelli, sedan tipli, 67BH900 qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdən Cavabdeh Həsən oğlunun mülkiyyətində olması, şəhadətnamənin xüsusi qeydlər adlanan bölməsində isə “BDYPİ və TŞ 15/15-005-14131- 1221 b/z ban ətraf qaynaq işi aparılıb” qeydinin edilməsi; - 01 noyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən Cavabdeh özünə məxsus olan BMW745 minik markalı, 67BH900 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001-ci il olan nəqliyyat vasitəsini 10000 (on min) manata İddiaçı satması; - Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 İdarəsi QİTBŞ tərəfindən verilmiş BD685121 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən BMW markalı, 745 minik modelli, sedan tipli, 67BL943 dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2001ci il olan nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdən İddiaçı mülkiyyətində olması, şəhadətnamənin xüsusi qeydlər adlanan bölməsində isə “BDYPİ və TŞ 15/15-005-14131- 1221 b/z ban ətraf qaynaq işi aparılıb” qeydinin edilməsi müəyyən olunur. Mülki işin mübahisəli halı tərəflər arasında bağlanmış 01 noyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması ilə bağlıdır. İddiaçı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiasını alqı-satqı predmetinin əsas xüsusiyyətləri ilə bağlı yanılmaya məruz qalması ilə əsaslandırmışdır. İddiaçı bunu onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin bağlanmasına razılığını yalnız avtomobili görərək bildirmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əvvəlcədən görməmiş, satıcı avtomobilin ilinin 2009-cu il olduğunu bildirmiş və avtomobildə qaynaq işi aparıldığı üçün baxdıqda 2009-cu il buraxılışlı olduğuna inanmış, buna güvənərək avtomobili əldə etmiş, daha sonra avtomobilin buraxılış ilinin əslində 2001-ci il olduğunu bilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR DİN DYPİ-nin iddiaçının vəkilinin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan məlum olur ki, həmin tarixdə alqı-satqı müqaviləsi və cavabdehin adına olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi həmin məktuba əlavə edilərək iddiaçının vəkilinə göndərilmişdir. Müqavilənin məzmunundan və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən alqı-satqı predmetinin 2001-ci il buraxılışlı, BMW745 minik markalı nəqliyyat vasitəsi olduğu, həmçinin şəhadətnamənin xüsusi qeydlər adlanan bölməsində isə “BDYPİ və TŞ 15/15-005-14131- 1221 b/z ban ətraf qaynaq işi aparılıb” qeydinin mövcudluğu müəyyən olunur. Belə olan halda iddiaçının müqavilə predmetinə yanıldığını iddia etdiyi vəziyyətdən ən geci həmin vaxtdan xəbərdar olduğu müəyyən olunur. İddiaçı isə izahatında elə alqı-satqı müqaviləsi bağlandığı aydan etibarən yəni 2024-cü ilin noyabrından avtomobilin buraxılış ilinin 2001-ci il buraxılışlı olduğundan xəbərdar olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B. Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”) İş materiallarına əlavə edilmiş İddiaçı adına verilmiş xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən 2001-ci il buraxılışlı, BMW745 minik markalı nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətində olduğu müəyyən olunur. Alqı-satqı predmetinin dəyəri barədə yanılaraq əqd bağladığını iddia edən iddiaçının adına həmin tarixdə verilmiş şəhadətnamənin xüsusi qeydlər hissəsində “BDYPİ və TŞ 15/15-005-14131-1221 b/z ban ətraf qaynaq işi aparılıb” qeydinin edilməsi müəyyən olunur. Belə olan halda şəxsin nəqliyyat vasitəsinin buraxılış ilinə münasibətdə yanılması ilə bağlı iddiasının əsaslılığı şübhə doğurur. İddiaçı həqiqətən də yanılmaya məruz qaldığına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lazımi diqqət göstərdiyi halda mülki dövriyyənin iştirakçısı həmin avtomobildə qaynaq işinin aparılmasından və avtomobilin buraxılış ilinin güman etdiyindən daha köhnə olma ehtimalından xəbərdar ola bilərdi. Belə ki, iddiaçı öz izahatında maşınlara qarşı həvəsi olduğunu və bəyənib aldığı nəqliyyat vasitəsini bir müddət idarə etdikdən sonra satdığını bildirmişdir. Beləliklə alıcı həm bağladığı müqavilədən aldığı nəqliyyat vasitəsinin ilini, həm də nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən həmin avtomobildə qaynaq işinin aparıldığını bilmək imkanına malik olmuşdur. Buna baxmayaraq vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını iddia etdiyi əqd barədə mübahisəyə əsasın ona məlum olduğu andan 1 aylıq kəsici müddət ərzində deyil, uzun müddət keçdikdən sonra əqdi mübahisələndirməklə iddiaçı müvafiq subyektiv hüququnu itirmişdir. Belə ki, kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Sözügedən halları ümumiləşdirən məhkəmə sonda o nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BMW 745 MİNİK markalı, 67BH900 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı ilə Cavabdeh arasında bağlanmış BMW 745 MİNİK markalı, 67BH900 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-631/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-631/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver