Məhkəmə qərarları › İş №2(079)-646/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-646/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-646/2024 30.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “30” sentyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 647 (altı yüz qırx yeddi) manat məbləğində əsas borc və 97.05 (doxsan yeddi manat, iki qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 744.05 (yeddi yüz qırx dörd manat beş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri, “PARK AVM” də yerləşən mağaza №1-ni işlədir. Hazırki iddia üzrə Cavabdeh ilə 14 may 2024-cü il tarixli, T010942 nömrəli kredit müqaviləsi bağlamışıq. Həmin müqaviləyə əsasən cavabdeh «Redmi Note 13 Pro” markalı telefonu ümumi məbləği 830 (səkkiz yüz otuz) manat, ilkin ödəniş məbləği 100 (bir yüz manat), kreditin qalıq məbləği 730 (yeddi yüz otuz) manat olmaqla, 9 ay müddətində hər ay 81.11(səksən bir manat, on bir qəpik) manat ödəmək şərtilə almışdır. Onun tərəfindən həmin borcun hazırkı vaxtadək 183 manatı ödənilmiş, qalan 647 (altı yüz qırx yeddi) manat borcu dəfələrcə zəng edib, xəbərdarlıq etməyimə baxmayaraq ödəməmiş və borcunu ödəməkdən imtina edir. Bundan əlavə müqavilənin 3.7-ci bəndinə əsasən hər gecikdirilmiş ay üçün ödənilməli olan 5 faiz, yəni ümumilikdə cərimə olaraq ödənilməmiş 3 ay üzrə 97.05 (doxsan yeddi manat, beş qəpik) manat, 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, T010942 nömrəli kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya 830 (səkkiz yüz otuz) manat dəyərində «Redmi Note 13 Pro” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 2-ci bəndində (Hesablaşma qaydaları) göstərilmiş qaydada ödəyir; - 2.1, 2.2 və 2.3-cü bəndlərindən aydın olur ki, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcı öz öhdəsinə götürür. - 3.2-ci bəndinə görə sifariş olunmuş məhsulu 1 iş günü müddətində alıcıya çatdırılmasını təmin etmək satıcının vəzifəsidir. Alıcı malı geri qaytara bilməz və alıcının məsuliyyətsizliyi üzündən əmələ gəlmiş zərərə görə satıcı cavabdehlik daşımır. - 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecidirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) ödəniilir. - 4.1-ci bəndin tələbinə görə müqavilə alıcı və satıcı tərəfindən imzalandığı andan qüvvəyə minir. - 5.6-cı bəndində qeyd edilir ki, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyatı üzrə məhkəmələr vasitəsilə həyata keçirilir; Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. İddia ərizəsinə əlavə olunmuş kredit çekindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı tərəfindən “REDMİ NOTE 13 Pro” nun Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan öz imzası ilə çekdə göstərilmiş malı aldığını təsdiq etmişdir. İddiaçı tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İddiaçı tərəfindən borcalana xəbərdarlıq göndərilərək bildirilmişdir ki, 12 sentyabr 2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə, ümumi dəyəri 830 manat olan “REDMİ NOTE 13 Pro” markalı mobil telefon verilmiş və bu kredit müqaviləsi üzrə hazırkı qalıq borc 647 manatı 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müavilənin 3.7-ci bəndində əsasən alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərinin 5 %-i miqdarında kompensasiya (cərimə) ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilsə də, məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun müqavilə üzrə cavabdehdən borcun gecikdirilməsinə görə tələbin məbləğindən görünür ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, 32.35 (otuz iki manat, otuz beş qəpik) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini qismən əsaslı sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, T010942 nömrəli kredit müqaviləsinə əsasən 647 (altı yüz qırx yeddi) AZN əsas, 32.35 (otuz iki manat, otuz beş qəpik) manat cərimə borcu olmaqla cəmi 679.35 (altı yüz yetmiş doqquz manat, otuz beş qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 27.39 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, T010942 nömrəli kredit müqaviləsinə əsasən 647 (altı yüz qırx yeddi) AZN əsas, 32.35 (otuz iki manat, otuz beş qəpik) manat cərimə borcu olmaqla cəmi 679.35 (altı yüz yetmiş doqquz manat, otuz beş qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 27.39 (iyirmi yeddi manat otuz doqquz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar