Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-648/2024 28.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4550 (dörd min beş yüz əlli) manat pul borcunun və iş üzrə ödənmiş 65.50 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən X3 şəhərində bərbər işləyirəm və eyni zamandada orada həm də telefon və telefon aksessuarlarının satışı fəaliyyəti ilə məşğul oluram. 14 yanvar 2024-cü il tarixdə əvvəlcədən tanıdığım babək şəhəri, qoşadizə məhəlləsində yaşayan Cavabdeh işlətdiyim həmin bərbərxanaya gəlib, telefon almaq istədiyini bildirdi. mən onunla razılaşıb, 3450 (üç min dörd yüz əlli) manata kredit yolu ilə ilkin ödəniş 300 manat və aylıq olaraq 250 manat ödəmək şərtilə 1 ədəd “iphone”14 pro maks markalı mobil telefonunu ona satdım. bundan sonra o, 04 fevral 2024-cü il tarixdə yenə bərbərxanaya gəlib, əvvəl olduğu kimi kredit yolu vasitəsilə 1200 (bir min iki yüz) manat dəyərində ilkin ödəniş 200 manat və aylıq 200 manat ödəmək şərtilə “iphone”12 pro markalı mobil telefon məndən aldı. lakin o aylar üzrə vaxtlı-vaxtında hər iki telefonla bağlı gətirib hər-hansı bir ödəniş etmədiyinə görə onunla telefon vasitəsilə əlaqə saxladım və o mənə bildirdi ki, işləmişəm ancaq əmək haqqımı ala bilməmişəm, alan kimi gətirib borcumu ödəyəcəm. mən də ona inanıb yenə bir müddət gözlədim, lakin o yenə də gətirib borcunu ödəmədi. mən yenə də ona zəng vurdum, o işlətdiyim bərbərxanaya gəlib, məni yenə də inandırdı ki, işləmişəm 23000 (iyirmi üç min) manat alacağım var, amma təcili 400 (dörd yüz) manata ehtiyacım var, mənə borc ver, əmək haqqımı 28 iyun 2024-cü il tarixdə alacam, alan kimi gətirib ödəyəcəm. buna görə də mən ona əlavə olaraq 400 manat da borc pul verdim. ancaq o verdiyi sözə əməl etmədiyinə görə mən onu babək rayon polis idarəsinə şikayət etdim, onu polis idarəsinə çağırdılar və o polisə gəlib, mənə olan borcunu etiraf edərək bu barədə izahat da verdi. həmin vaxt onun izahatını alan polis əməkdaşı mənə bildirdi ki, bu iş mülki məsələ olduğundan məhkəməyə müraciət etməlisən. hazırda vahid mənə 4550 (dörd min beş yüz əlli) manat borclu var və bu borcu etiraf etsədə gətirib borcunu qaytarmır. mənim həmin pula çox ehtiyacım var. buna görə də məcburiyyət qarşısında qaldığım üçün məhkəməyə müraciət etməli oluram. Elə hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehə 2024-cü ilin yanvar ayında aylıq 250 manat ödəməsi şərtilə 3450 manata “İphone 14 Pro Max” markalı telefon satmışam. İlkin ödəniş olaraq 300 manat ödəniş edib. Qalan pul isə ödənilməyib. “İPHONE 12 PRO” markalı telefonu isə birinci telefonun satışından bir ay keçməmiş, aylıq 200 manat ödəmək şərtilə 1200 manata cavabdehə satmışam. Həmin telefon üzrə isə heç bir ödəmə edilməyib. Mən telefon satışı üzrə fərdi sahibkar deyiləm və qeydiyyatdan keçməmişəm. Həmin telefonları işlədiyim bərbərxanada səyyari olaraq satıram. Telefonları satarkən müqavilə bağlanmayıb. Şəxsi müştəri olaraq tanımışam. 400 manat pulu isə 2024-cü ilin may ayında ona güvənib borc olaraq vermişəm, həmin pulu da mənə qaytarmamışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mən iddiaçıdan “İPHONE 12 PRO” və “İPHONE 14 PRO MAX” markalı telefonları aldığımı, və əldən əlavə olaraq mənə 400 manat borc pul verdiyini etiraf edirəm. İddiaçı mənə güvənib həmin telefonları satıbdır. Çünki bundan qabaq da ondan 2 ədəd telefon alıb pulunu ödəmişdim. Mən telefonu götürərkən əldən başqa şəxslərdən alacağım borc pul var idi. Ona arxayın olub telefonları götürdüm. Lakin pul mənə ödənilmədiyindən mən də iddiaçının pulunu verə bilmədim. Həmçinin ondan aldığım 400 manat borc pulu da qaytarmamışam. İddianı tam etiraf edirəm. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflərin izahatları əsasında İddiaçı 14 yanvar 2024-cü il tarixdə 3450 (üç min dörd yüz əlli) manata kredit yolu ilə ilkin ödəniş 300 manat və aylıq olaraq 250 manat ödəmək şərtilə 1 ədəd “iphone” 14 pro maks markalı mobil telefonunu, 04 fevral 2024-cü il tarixdə isə kredit yolu ilə 1200 (bir min iki yüz) manat dəyərində ilkin ödəniş 200 manat və aylıq 200 manat ödəmək şərtilə “iphone” 12 pro markalı mobil telefonu və 400 manat da borc pulun cavabdehə verilməsi barədə şifahi razılığa gəlmələri, pulun qaytarılması tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Cavabdeh iddianın etirafı barədə 20 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddianın etirafına dair ərizədə İddiaçı olan 4550 manat borcunun olduğunu etiraf etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 4550 (dörd min beş yüz əlli) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 65.50 manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4550 (dörd min beş yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 65.50 (altmış beş manat, əlli qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-648/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-648/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver