Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-680/2024 22.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Quliyev Cavabdeh iştirakı ilə, İddiaçı Quliyev Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “17” oktyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək, 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Quliyev Cavabdeh hər ay 100 manat sabit məbləğində alimentin tutulması barədə Babək Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 №-li qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Quliyev Cavabdeh hər ay 235 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Quliyev Cavabdeh ilə 12 mart 2015-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan bir övladımız olmuşdur: 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızı. Bildirirəm ki, cavabdehlə Babək Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuş, övladımın mənim yanımda saxlanılması və Cavabdeh Quliyevdən hər ay 100 manat miqdarında sabit pul məbləğində aliment tutulub Tellinin yetkilik yaşma çatanadək saxlanması üçüün mənə verilməsi müəyyən edilmişdir. Hazırda cavabdeh hər ay 100 manat alment ödəyir. Hörmətli məhkəmə bildirirəm ki, cavabdeh tərəfindən ödənilən bu aliment Tellinin günü- gündən artan tələbatını ödəmir. Belə ki, mən özüm işləmirəm. Hər ay Tellinin ödənişli hazırlklarına 50 manat ödəyirəm. Qalan əlli manat qızımın qidasını belə ödəmir. Tellinin digər xərclərini çətinliklə valideynlərim qarşılayır və onun tələbatlarını tam. layiqincə ödəyə bilmirəm. Bildirmək istəyirəm ki, cavabdeh Çeşməbasar kərpic zavodunda traktorist işləyir. Hər ay bildiyimə görə əmək haqqısı qeyri sabit olmaqla 1000-1200 manat əmək haqqı alır. Cavabdehin hazırda verdiyi aliment övladımın tələbatlarını ödəmədiyindən alimentin miqdarının artırırılaraq cavabdeh tərəfindən hər ay 235 manat aliment ödəməsini istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş, nikahın pozulması haqında sənədi, doğum haqqında şəhadətnamənin surətini, Babək rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətini və mediasya arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm iddia tələbimlə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin olunmasını məhkəmədən xahiş edirəm. Həmçinin bildirirəm ki, “Mediasiya haqqında“ Azərbaycan Respublikası Qanuna uyğun olaraq cavabdeh 06 sentyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı mənim qızımdır. Təyin olunan 100 manat aliment uşağın saxlanılması üçün kifayət etmir. Onun hazırlığına hər ay 40 manat pul xərclənir. Həmçinin aliment uşağın məktəb ləvazimatları və yemək-içməyini qarşılamır. Ona görə iddiaçı alimentin artırılması barədə iddia qaldırıb. X5 tam orta məktəbində 3-cü sinifdə təhsil alır. Onun 8 yaşı vardır. O hazırda anası ilə birlikdə bizim həyətyanı sahəmizdə tikdiyimiz başqa bir evdə yaşayırlar. Aliment 2018-ci il tarixdə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilib. Aliment təyin olunanda Telli məktəbə getmirdi. İndi isə 3-cü sinifdə təhsil alır. Uşağın mütəmadi xərc tələb edən xəstəliyi yoxdur, amma iddiaçı özü də işləmir. Cavabdehin gəlirləri barədə isə məlumatımız yoxdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2018-ci ildə boşanıb 4-5 ay bundan qabaq yenidən barışmışdıq, bu müddətdə birlikdə yaşayıb 2024-cü ilin 14 oktyabrında yenidən ayrılmışıq. Məhkəmə qətnaməsi ilə 100 manat aliment təyin edilmişdir. Həmin vaxt da, indi də eyni yerdə "X4" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyirəm və 690 manat yazılsa da əlimə gələn 550 manat əmək haqqıdır, başqa məşğuliyyətim yoxdur. Mən 1200 manat əmək haqqı almıram. Bəzən əlavəyə qalanda aylıq 800-900 manat alıram. 1 həftəyə isə işlər dayanacaq. Mənim əlavə gəlirim yoxdur. Hazırda Culfa rayonu, Camaldın kəndində özümə məxsus evdə yaşayıram. İddianı qəbul etmirəm. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər nikah bağlanması, onların birgə nikahından 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızı adlı ümumi uşaqlarının dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması və bunun qeydiyyata alınması, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan uşaqlarının iddiaçının yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən, tərəflərin nikahının pozulması - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən və Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 fevral 2008-ci ildə verilmiş AZ-İİİ seriyalı 537822 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən onların birgə nikahından 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 202472 nömrəli, 12 mart 2015-ci il tarixli nikahın pozulması haqqında çıxarışdan tərəflər arasında bağlanmış nikahın pozulmasının dövlət qeydiyyatına alınması; - iddia ərizəsinə əlavə edilmiş “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızının saxlanılması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində aliment tələb etməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşaqlarının saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdir. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan və Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək iddiaçının və cavabdehin ailə həyatında dəyişikliyin baş verməməsi müəyyən edilir. Onların maddi vəziyyətində ciddi dəyişikliyin olmasına gəldikdə isə iddiaçı tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməyib. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan isə iddiaçının 2-ci qrup əlilliyə (ümumi xəstəlik üzrə ) görə 220 manat pensiya alması müəyyən olunur. Digər diqqətəlayiq başqa maraqlar mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçı tələbini uşağın böyüməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi əsaslandırmışdır. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X3 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Quliyev Cavabdeh birgə nikahlarından olan uşaqğın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 235 (iki yüz otuz beş) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızının saxlanılması üçün aliment təyin edildiyi vaxtdan altı il keçməsini, bu müddət ərzində hər bir əşyanın qiymətində artım müşahidə edilməsini, həmçinin 2018-ci illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını, aliment təyin edilən vaxt xeyrinə aliment ödənilən uşağın təhsil almasını nəzərə alaraq İddiaçı Quliyev Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbini qismən əsaslı sayır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatlarının artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı 2-ci qrup əlilliyə (ümumi xəstəlik üzrə ) görə 220 manat pensiya alması və cavabdeh Quliyev Cavabdeh "X4" Məhdud Məsuliyyətli Cəmiyyətində qəlibçi işləyib 695.0 manat əmək haqqı alması müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin cavabdehin subay olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Quliyev Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment miqdarı artırılaraq 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə cavabdeh Quliyev Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 38 (otuz səkkiz) manat miqdarında (12x150=1800 30+(800x1%)=38) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 38 (otuz səkkiz) miqdarında dövlət rüsumu Quliyev Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə cavabdeh Quliyev Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilməli; - iş üzrə cavabdeh Quliyev Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “28” sentyabr 2018-ci il tarixli, 2(079)-308/2018 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 02 iyul 2016-cı il təvəllüdlü Quluzadə Telli Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə cavabdeh Quliyev Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh Quliyev Cavabdeh 38 (otuz səkkiz) manat miqdarında rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-680/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-680/2024
22.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver