Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-71/2023 24.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Şahid iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 09 yanvar 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 (üç min yüz) manat borc pulun və 51 (əlli bir) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, təxminən 1 il bundan öncə bacım oğlu Anar yanıma gələrək mənə dedi ki, yaxın dostum olan Rasimə pul lazımdır. Ona 3600 manat pul lazımdır ki, uşağını Türkiyədə xəstəxanaya aparıb əməliyyat etdirsin. Mən də Rasimi bacım oğlunun dostu kimi öncədən bildiyimi və bacım oğlunun xətrinə dedim yaxşı gəlsin verim. Sabahısı Rasim bacım oğlu Anarla yanıma gələrək məndən xahiş etdi ki, Türkiyədə həkimlə danışmışıq əməliyyat üçün 5000 manat pul lazımdır. Anidən olduğu üçün üzərimdə bir o, qədər pul yoxdur. Səndən xahiş edirəm 1400 manat da əlavə verəsiniz ki, Türkiyədə uşağımı əməliyyat elətdirə bilim. Mən, ona inanıb, etibar edib ümumilikdə 5000 manat pulu bacımoğlu Anarın yanında Rasimə verdim. Rasim mənə, bacımoğlu Anarın yanında söz verdi ki, xəstəxanadan dönəndən dərhal sonra pulunu özümə qaytaracaqdır. Qeyd edim ki, həmin vaxt Rasim Naxçıvan gömrük orqanlarında işləyirdi və aylıq qazancı var idi. Mən, 5000 manat pulu Rasimə verdikdən 2 ay sonra, Rasim ona borc verdiyim 5000 manat puldan 1400 manatını özümə qaytardı. Rasim mənə olan 3600 manat borcunu təsdiq etmək üçün xx.xx.2021-ci il tarixində öz xətti ilə yazılı şəkildə 3600 manat məndən pul götürməsini yazaraq, imzasını çəkmişdir. Həmin yazını yazdıqdan bir müddət keçdikdən sonra Rasim mənə olan borcundan 500 manatını da özümə qaytardı. Rasim mənə borclu olduğu 5000 manat puldan iki dəfəyə 1900 manat pulumu özümə qaytardıqdan sonra mənə 3100 manat borclu qalmışdır. Rasimin mənə borclu qaldığı 3100 manat pulu bu günə kimi özümə qaytarmır. Dəfələrlə cavabdehdən mənə borclu qaldığı 3100 (üç min yüz) manat pul borcunu geri qaytarmasını ondan tələb etsəm də cavabdeh bu günədək borcunu mənə qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Düzdür mənə borclu olduğundan boyun qaçırtmır. Lakin mənə olan borcunu ödəməklə bağlı heç nə etmir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 2021-ci ilin dekabr ayında bacısının oğlu Şahid ona zəng edərək yaxın dost olduğu Cavabdeh övladının xəstə olduğunu və övladının xəstəliyi ilə əlaqədar olaraq Ərzurum şəhərinə getməli olduğunu və pula ehtiyacının olduğunu, Rasimdən arxayın olduğunu, onun Naxçıvan Gömrük Komitəsinin əməkdaşı olduğunu, ayda 2500 manat əmək haqqı aldığını bildirdiyini, özünün əvvəl bununla razılaşmasa da, daha sonra Anara görə razı olduğunu, ilk dəfə Anarla Rasimlə birlikdə Rasimin idarə etdiyi Lifan markalı maşınla gəldikləri Sovedabadda maşınyuma sexinin yanında görüşdüklərini, 3600 manat pulu sayıb Anarın da yanında Rasimə verdiyini, həmin vaxt Rasimin də üzərində “Gömrük Komitə” “Cavabdeh” “03/32” sözləri və 16 rəqəmli şifrənin yazıldığı "xxxx"a aid əmək haqqı kartını ona verdiyini, 3 gündən sonra Rasimin özünün “**********” nömrəsindən ona zəng edərək verdiyi məbləğlə uşağın əməliyyatının mümkün olmadığını, əlavə 1400 manat pula ehtiyacı olduğunu, oğlunun əməliyyatı üçün 5000 manat pul istədiklərini, həkimlərin Bakıdan gəldiyini və ödənişi gözlədiklərini bildirdiyini, onu tanımadığını bildirərək bu dəfə əlavə pulu verməkdən imtina etdiyini, 2 gün sonra Anarın yenə zəng edərək pulu verməsini xahiş etdiyini, həmin gün axşam saat 9-da 1400 manat pulu da Anarla birlikdə gələn Rasimə verdiyini, Rasimin verdiyi kartı pulu aldıqdan bir ay sonra bankomata salıb pulun olub-olmadığını yoxlamaq istəsə də kart cibində qatlanıb əzildiyindən bunun alınmadığını, bankomata saldıqda isə kartın artıq yararsız göründüyünü, bu səbəbdən də Rasimin verdiyi kartdan pul çıxara bilmədiyini, 3 ay keçməsinə baxmayaraq Rasimin pulu verməkdən yayındığını görüb ətrafa səs-küy saldığını, Anara pulu ona görə Rasimə verdiyini və pulu tapıb verməyi ondan xahiş etdiyini, bundan sonra Anarın dediyinə görə Rasimin qardaşından aldığı 1400 manatı alıb gətirib ona verdiyini, daha sonra isə 2022-ci ilin sonlarında Anarın ona Rasimin borcuna görə 200 və 300 manat olmaqla cəmi 500 manat da pul verdiyini, qalan 3100 manat pulu isə cavabdehdən indiyə qədər ala bilmədiyini, Rasimin 21 dekabr 2021-ci il tarixdə ilk dəfə pul verərkən 3600 manat pulu alması ilə bağlı qeyd yazıb imzaladığını, həmin sənədin yazılması vaxtı ilə bağlı iddia ərizəsi ilə izahatı arasındakı mövcud ziddiyyətin vəkilin ərizəni yazarkən onu düzgün anlamadığından qaynaqlandığını, ikinci dəfə pulu verəndə yazılı sənəd imzalanmadığını, Rasimin qardaşının bir dəfə bir neçə nəfəri də yığaraq ona hədə-qorxu gəldiyini, ona vəziyyəti izah etdikdən sonra çıxıb getdiyini, Rasimin verdiyi borcdan yalnız 2 dəfə 1400 və 500 manat olmaqla 1900 manat pulun qaytarıldığını, 3100 manat borcunun isə ödənilməmiş qaldığını, sonra bir neçə nəfərdən pul alıb qaytarmadığına görə Rasimin işdən çıxarıldığını və ölkəni tərk edib Türkiyə Respublikasına getdiyini eşitdiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində Cavabdeh əmisinin kürəkəni olan Malik adlı qohumu vasitəsilə 2 ildir tanıdığını, bir neçə dəfə görüşüb bir yerdə oturub söhbət etdiklərini, Rasimin Gömrük Xidmətinin əməkdaşı olduğundan və həmişə onu rəsmi geyim gördüyündən etimad etdiyini, Rasimin 2021-ci ilin sonlarında ona zəng edərək uşağının xəstəliyi ilə əlaqədar olaraq pul lazım olduğunu bildirdiyini, həmin vaxt Naxçıvan şəhəri 3-cü mikrorayon adlanan yerdə evdə işlədiyini, Rasimin danışdıqdan bir neçə dəqiqə sonra sonradan qardaşının olduğunu öyrəndiyi “Lifan” markalı maşınla oraya gəlib xəstəxanadan gəldiyini, oğlunun ağır xəstə olduğunu və təcili əməliyyat olunmalı olduğunu, pula ehtiyacının olduğunu bildirdiyini, ona göstərdiyi şəkildə oğlan uşağının xəstəxana geyimində başı bağlı şəkildə yataqda olduğunu, həmin şəklin və Rasimin ağlaya-ağlaya danışmağı və çarəsizliyinin ona təsir etdiyini, Malikin də Rasimin evli olduğunu, oğlunun xəstə olduğunu doğruladığını, lakin özündə pul olmadığını, dayısı Zahidin təzəlikdə maşın satmasını bildiyindən onda pulun olacağını düşünüb zəng edərək vəziyyəti danışdığını, dayısının ona arxayın olub pulu verməyə razılaşdığını, özü, Rasim və Zahidin Sovedabadda maşınyuma sexinin yaxınlığında görüşüb danışdıqlarını, Zahidin Rasimə onun yanında 3600 manat pul sayıb verdiyini, Rasimin isə ona maaş kartını verib hazırda kartda pul olmadığını, lakin aylıq 2500 manat maaş aldığını, hər ay həmin kartdan borcunun qarşılığında 1000 manat çəkməsi barədə razılaşdıqlarını, Rasimin vərəqə kartın dörd rəqəmli şifrəsini yazıb Zahidə verdiyini, bundan əlavə Rasimin maşından götürdüyü dəftər vərəqinə 3600 manatı aldığını yazıb imza edərək Zahidə verdiyini, dayısını da bununla razılaşdığını, bundan bir neçə gün sonra Rasimin yenidən ona zəng edib pulun əməliyyat üçün kifayət etmədiyini, həmçinin atasının vəziyyətinin də yaxşı olmadığını deyərək 1400 manat əlavə pul istədiyini, dayısı ilə yenidən danışıb onu razılığa gətirdiyini, bu dəfə də Dəmiryolu vağzalı tərəfdə 1400 manat pulu Zahidin Rasimə verdiyini, bu dəfə hər hansı yazılı sənəd yazıb vermədiyini, bir müddət keçdikdən sonra dayısının ondan pul tələb etməyə başladığını, Rasimə zəng edib danışmaq istəsə də bir-iki zəngdən sonra onu bloka atdığını, Rasimgilin Sirab kəndində yerləşən evinə gedib vəziyyəti evdə yataqda xəstə yatan atasına və yaşlı anasına danışdığını, onların Rasimin Naxçıvandan işdən çıxıb Türkiyəyə getdiyini, Naxçıvanda olmadığını dediyini, qardaşının nömrəsini alıb onunla danışdığını, qardaşının əgər borc alınıbsa qaytarılmalı olduğunu dediyini, 2 gün sonra 1400 manat gətirib verdiyini, həmin pulu aparıb Zahidə verib vəziyyəti ona danışdığını, dayısının da ona Rasimin qardaşının bir neçə nəfərlə birlikdə onun üstünə gəldiyini dediyini, bundan 2 ay sonra isə Rasimin qardaşının 200 və 300 manat olmaqla 500 manat pul verdiyini¸ onun da həmin məbləği də dayısı Zahidə verdiyini, bundan bir neçə ay sonra Rasimin atasının rəhmətə getdiyini, həmçinin Rasimin onlardan başqa bir neçə nəfərdən pul alıb qaytarmadığını, işdən çıxarıldığını eşitdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya hər iki tərəfin iradə ifadəsinin əks olunduğu etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddia ərizəsinə əlavə olunmuş cavabdeh tərəfindən yazılıb imzalandığı iddia edilən qeyddə “xx.xx.2021 Cavabdeh 3600 manat pul götürdü” sözləri yazılmışdır. Məhkəmə araşdırması gedişində iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kartın üzərində “Cavabdeh” “Gömrük Komitə” qeydləri mövcuddur. Mülki iş üzrə məhkəmə icraatı gedişində iddiaçının tələbinin əsası kimi istinad etdiyi sübutlar cavabdehin xx.xx.2021-ci il tarixdə 3600 manat pulu götürməsini qeyd etdiyi sənəd, pul verilərkən iddiaçıya cavabdeh tərəfindən verilmiş cavabdehə məxsus əmək haqqı kartı və şahid ifadəsidir. Yazılı sənəddən belə məlum olur ki, cavabdeh xx.xx.2021-ci il tarixdə 3600 manat pul götürdüyünü etiraf etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş istifadəçi adı “Cavabdeh”, etibarlılıq tarixi “03/22”, işəgötürən “Gömrük Komitə” qeydləri olan kart cavabdehə məxsus olmuşdur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən iddiaçının izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirərək iddiaçının tələbini əsaslandırdığı halların mövcud olduğunu sübut edən vasitə hesab etmişdir. Məhkəmə araşdırma gedişində MPM-in 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq məqsədilə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmiş, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə yazılı şəkildə (müvafiq bildiriş göndərməklə) onları xəbərdar etmiş, onların prosessual hüquqlarının həyata keçirilməsinə lazımi kömək göstərmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə etiraz və etirazının əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Halbuki iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür, məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar. Həmçinin iş üzrə hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə iki mərhələdə 3600 (üç min altı yüz) manat və 1400 (bir min dörd yüz) manat məbləğində pul verilmiş, cəmi 5000 (beş min) manat məbləğində pulun 1400 (bir min dörd yüz) manat, 200 (iki yüz) manat və 300 (üç yüz) manat olmaqla 1900 (bir min doqquz yüz) manatı geri qaytarılmışdır. Nəticədə İddiaçı 3100 (üç min bir yüz) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 3100 (üç min yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə edir ki, təmin edilmiş iddiaya mütənasib olaraq 51 (əlli bir) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 51 (əlli bir) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-71/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-71/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver