Məhkəmə qərarları › İş №2(079)-8/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-8/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-8/2021 06.05.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı “02” sentyabr 2020-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3000 (üç min) manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, müraciətini əsaslandıraraq 27 noyabr 2017-ci il tarixdə yaxından tanıdığı Babək rayonu, Qahab kəndi sakini xalasının nəvəsi Cavabdeh 3000 (üç min) manat borc pul verdiyini və Cabirlə arasında ona 3000 (üç min) manat borc verməyi barədə sadə yazılı formada qəbz imzalandığını, borclunun qəbzi öz xətti ilə yazıb borcunu 2 ay müddətinə qaytaracağını göstərdiyini, lakin uzun müddət keçməsinə baxmayaraq pulu qaytarmadığını, qaçıb gizləndiyini, pulunu dəyərdən saldığını qeyd etmişdi. Babək Rayon Məhkəməsinin “04” sentyabr 2020-ci il tarixli məhkəmə əmri ilə borclu Babək rayonu, Qahab kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Cavabdeh 3000 (üç min) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 3020 (üç min iyirmi) manat məbləğində pul alınaraq Babək rayonu, Qahab kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan İddiaçı xeyrinə tutulması əmr edilmişdi. Borclu Cavabdeh 05 oktyabr 2020-ci il tarixdə ona qarşı verilmiş tələbə etiraz edib ərizə ilə məhkəməyə müraciət etmiş və etirazında İddiaçı 3000 manat pulu borc olaraq almadığını, ümumiyyətlə onunla arasında heç bir borc münasibətlərindən söhbət getmədiyini, İddiaçıla həmkəndli olduğunu, təqribən 2017-ci ildə Zaurun ona zəng edərək birlikdə iş görməyi təklif etdiyini, özünün Bakı şəhərində kustar üsulla spirtli içkilər hazırlayıb Zaurun istədiyi vaxtlarda ona təhvil verməli olduğunu, təqribən 6-7 ay bu prosesin davam etdiyini, pul məsələlərini Zaurun həll etdiyini, özünün isə saxta spirtli içkiləri göndərmə üsulu ilə ona verdiyini, bəzi vaxtlarda isə Zaurun yolladığı şəxslərə təhvil verdiyini, Naxçıvanda və Türkiyədə iddiaçının həmin içkilərin satışı ilə məşğul olduğunu, özünün də bu ərəfələrdə Bakı şəhərində yaşadığını, 2018-ci ilin mart ayının sonlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığını, bundan sonra Abşeron Rayon Məhkəməsinin hökmü ilə cərimə cəzasına məhkum edildiyini, bu hadisədən bir neçə vaxt əvvəl bir neçə iddiaçının ona dəfələrlə zəng edərək saxta içkilər yollamağı tələb etdiyini, həmin vaxt Zaurun ona 3000 manat pul göndərdiyini, özünün isə ona 1700 manat dəyərində spirtli içki təhvil verdiyini, qalan 1300 manatın isə istintaq orqanı tərəfindən maddi sübut olaraq götürüldüyünü, iddiaçının məhkəməyə təqdim etdiyi ona borclu olmağını sübut edəcək qəbzdə olan imzanın özünə məxsus olmadığını, həmin sənədin nə vaxt tərtib edilməsini xatırlamadığını qeyd etmişdi. Babək Rayon Məhkəməsinin “16” oktyabr 2020-ci il tarixli, 2(079)-303/2020 nömrəli qərardadı ilə “04” sentyabr 2020-ci il tarixli məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdı. Bundan əlavə İddiaçı “09” dekabr 2020-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artırmış və işə Cavabdeh 3000 (üç min) manat məbləğində borcun və onun qaytarılmasını gecikdirdiyinə görə ümumi məbləğin 5 faizi miqdarında pulun alınıb ona verilməsi həcmində baxılmasını məhkəmədən xahiş etmişdi. Mülki işin məhkəmədə baxılması zamanı X2 Sumqayıt şəhərində yaşaması ilə əlaqədar olaraq məhkəmənin “23” dekabr 2020-ci il tarixli qərardadı ilə onun ifadəsinin alınması və imza nümunələrinin götürülməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə məhkəmə tapşırıq göndərilmiş və eyni il tarixli qərardadı ilə məhkəmə tapşırığının icrası barədə cavab alınanadək iş üzrə icraat dayandırılmışdı. “29” mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Sumqayıt Şəhər Rayon Məhkəməsinin “29” yanvar 2021-ci il tarixli, 10(060)-01/2021 nömrəli məktubu ilə məhkəmə tapşırığının icra olunmamasına dair sənədlər Babək Rayon Məhkəməsinə daxil olduğundan, məhkəmənin 29 mart 2021-ci il tarixli, 2(079)- 08/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdi. İddiaçı 06 may 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, hazırda iddiadan imtina etdiyini bildirərək, mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanaraq məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. (maddə 52.5) Məhkəmə İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında iddiaçının ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı oğlu məhkəməyə müraciət edərkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 28 sentyabr 2020-ci il tarixli, 44627 nömrəli qəbzlə ödədiyi 20 (iyirmi) manat və 19 aprel 2021-ci il tarixli, 22195 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı oğlu iddia qaldırarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 28 sentyabr 2020-ci il tarixli, 44627 nömrəli qəbzlə ödədiyi 20 (iyirmi) manat və 19 aprel 2021-ci il tarixli, 22195 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar